“ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderlərini bir araya gətirərək ortaq bəyanat qəbul etdirmək məsələsi, diplomatik zəhmət və ABŞ-ın bölgədəki təsirini bir daha göstərdi. Vaşinqton görüşü, xüsusən də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əvvəlki ikitərəfli görüşdən sonra daha da asanlaşdı. İlham Əliyev və Paşinyan, Əbu-Dabidə sülh sazişinin mətni üzərində razılığa gəlmişdilər, və Vaşinqtonda keçirilən görüşdə bu sazişin imzalanması yalnız sonuncu addım idi.” – bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Trampın komandasının müdaxiləsi ilə bu sülh sazişinin paraflanması Vaşinqtonda həyata keçirildi.
“ABŞ-dakı diplomatlar, Bakı və İrəvanla sıx əlaqə saxlayaraq bu mühüm razılaşmanı əldə etməyə nail oldular. Beləliklə, Vaşinqtonda hər iki tərəf üçün tarixi bir sənəd imzalandı. Ancaq, Donald Tramp üçün Rusiyanın Ukrayna ilə müharibəsində barış əldə etmək, bu dəfə daha çətin olacaq. Trampın Vladimir Putin ilə Ağ Evdə keçirəcəyi görüş, müharibəni dayandırmaq üçün irəli sürdüyü “ərazi mübadiləsi” təklifini müzakirə edəcək. Lakin bu təklif, həm Kiyevdə, həm də Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb. Ukrayna şərq ərazilərindən imtina etsə belə, Rusiyanın gələcəkdə bundan kifayətlənib-etməyəcəyinə dair heç bir zəmanət yoxdur. Rusiya rəhbərliyi, imzaladıqları sənədlərə heç vaxt hörmət etməyib, buna misal olaraq Krımın ilhaqını göstərmək olar ki, bu da ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun 1994-cü ildə imzaladığı sənədi heçə saymaqla baş vermişdi. Bütün bu məsələlər, regionda davamlı sülhün təmin olunması üçün həm diplomatik, həm də strateji yanaşmaların vacibliyini göstərir. ABŞ-ın və digər beynəlxalq güclərin rolunun əsas olduğu bu mürəkkəb vəziyyətdə, Azərbaycanın əldə etdiyi diplomatik uğurlar, sülh və ərazi bütövlüyünü təmin etmək üçün əlavə imkanlar yaradıb. Bu cür razılaşmalar, yalnız regionda deyil, qlobal ölçüdə də əhəmiyyət kəsb edir. Qalır sonuncu bir məqam: Rəsmi İrəvan bu razılaşmanı poza bilərmi? Hesab edirəm ki, İrəvanın hər hansı bir yanlış addımı onların üçün çox ciddi problemlərə yol aça bilər.” – deyə Arzuman Muradlı bildirib.