image-rt-reklam
image-1backend

Bir generalın təhdidi, yüz generalın cavabı – NATO və Kreml arasında “Kalininqrad döyüşü”

image-728x90

25 gün əvvəl ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının komandanı, general Kristofer Donahu deyib ki, Rusiyaya məxsus Kalininqrad bölgəsi hər tərəfdən NATO-ya üzv ölkələrin əhatəsindədir və Şimali Atlantika Alyansı onu istənilən an məhv edə bilər.

O gündən bəridir rusiyalı siyasətçilər, generallar, deputatlar, politoloqlar generalın bu hipotetik fikrini hər üzünə yozur, hədəyə hədəylə cavab verirlər.

Amerikalı general bu sözü hansı ağılla deyib, məqsədi nə imiş, dəqiq bilinmir. O, həmin sözü deyib və çəkilib kənarda durub, daha əlavə açıqlamalar verməyib, əvəzində ruslar kəsib-kirimir.

Ötən ay bu mülahizəyə Kremlin mətbuat katibi Dmitrli Peskov cavab verərək deyib ki, NATO-nun Rusiyaya qarşı düşmənçiliyi Moskvanı ölkənin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə məcbur edir. “NATO qarşıdurma alətidir, ölkəmizə düşmən münasibət bəsləyən blokdur. Bu, bizi bütün bunları nəzərə almağa və öz təhlükəsizliyimizi təmin etmək üçün müvafiq tədbirlər görməyə məcbur edir”, – Peskov deyib.

Peskovdan sonra Rusiyanın əksər patriotlarının damarı yoğunlayıb və bir çoxu növbə ilə bu mövzuda danışmağa başlayıblar.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, bölgənin təhlükəsizliyi bütün lazımi vasitələrlə təmin ediləcək. “Bütün demarşlar edilir, bütün siqnallar ötürülür. Bu, dönməz praktikadır. Kalininqrad vilayəti Rusiyanln ayrılmaz hissəsidir və heç bir halda heç bir müzakirə predmeti deyil”, – diplomat bildirib.

Ondan sonra Dövlət Dumasının komitə rəhbəri Leonid Slutski bəyan edib ki, NATO-nun Kalininqrad vilayətinə hücumu Rusiyanın cavab tədbirlərinə, o cümlədən nüvə doktrinasında nəzərdə tutulan tədbirlərə gətirib çıxaracaq.

Slutski əlavə edib ki, bu, qaliblərin olmayacağı qlobal qarşıdurmaya keçidlə III dünya müharibəsi başlatmaq planıdır.

Bu günlərdə isə Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik sönməkdə olan ocağın üstündə bir kanistr benzin aparaq, NATO-nun Kalininqrada hücumuna görə Avropa paytaxtlarını məhv etməklə hədələyib. “Onların DNT-sini də tapa bilməyəcəklər”, – o deyib.

Yəni Kaliniqrada təhlükə yaransa, Kreml Rusiyaya qarşı xüsusi düşmənçilik siyasəti yeridən Avropa ölkələrinin paytaxtına atom bombası atacaq və Xirosima və Naqasakinin faciəsini kölgədə qoyacaq. Adı çəkilən Yaponiya şəhərlərinə atılan atom bombalarından sonra ölənlərin DNT-sini tapmaq mümkün olmuşdu, amma Avropa şəhərlərində bunu tapmaq mümkün olmayacaq, hər şey məhv olacaq. Kolesnikin dediyi budur: “NATO Kalininqrad vilayətinə burnunu soxan kimi, demək olar ki, bütün paytaxtlarını itirəcək. Bu halda Avropa dövlətlərinin mərkəzlərini heç bir bomba sığınacağı xilas etməyəcək”.

Göründüyü kimi, 3 iI yarımdan artıqdır, vaxtaşırı, hətta çox tez-tez nüvə cəbbəxanasından istifadəyə istinad edən yüksək mənsəbli rus idarəçilərə artıq deputatlar da qoşulub. Nüvə raketləri Rusiyanın “yaman gününün yarağıdır”. Əməliyyat zamanı ehtiyatlı polismenlərin bir əli qoburdakı tapançanın üstündə olduğu kimi, rusiyalı siyasətçilər də mütləq nüvə silahına malik olduqlarını tez-tez xatırladırlar.

Düzdür, amerikalı generalın sözləri də tezcə üstündən keçiləcək ifadələr deyil. NATO-nun Kalininqrada qarşı hər hansı bir əməliyyat planı varsa, bu, niyə məhz “vilayəti məhv etmək” olmalıdır? “Rusiya təhlükəsi”nə qarşı mübarizə üçün Avropanın qədim və gözəl şəhərlərindən birini – böyük filosof İmmanuel Kantın vətəni olan Köniqsberqin (köhnə adı) dağıdılması şərtdirmi?

Kalininqrad şəhəri və eyni adlı vilayət hər tərəfdən NATO üzvü olan ölkələr tərəfindən mühasirədə olduğuna görə onu xarabaya çevirmədən də götürmək olar.

Qərb generalının açıqlamalarını şərh edən hərbi ekspert, jurnalist Aleksandr Artamonov Kalininqrad vilayətinin Baltiysk şəhərinin bir vaxtlar 3-cü Reyxin bazası olduğunu xatırladıb və bildirib ki, hazırda Almaniyada revanşizm becərilir.

Artamonov şişirdir, əslində hazırda Almaniyada Rusiyaya qarşı revanşizm meylləri dövlət səviyyəsində deyil, olsa-olsa, cəmiyyətin bəzi kəsimlərində bir şeylər var.

Kaliniqrad vilayəti və şəhəri Almaniyanın olub və II dünya müharibəsindən sonra təzminat olaraq SSRİ-yə, Rusiyaya qalıb. Ancaq Almaniya son 80 ildə heç vaxt Köniqsberqi geri almaq xüsusunda təşəbbüs qaldırmayıb. Kuril adalarından vaz keçmə yaponlar ildə azı iki dəfə adaları geri almaq üçün nəsə bir hərəkətə etsələr də, almanlar “qədim alman şəhəri”nə iddia sərgiləməyiblər. Onlar ya şəhəri geri almaq üçün əlverişli vaxtı gözləyiblər, ya da onu Hitlerin böyük cinayətlərinin bədəli sayaraq birdəfəlik əl çəkiblər.

İndi avropalılarda belə bir ümid dolu rəy var ki, Rusiya Federasiyası Avropaya qarşı nüvə silahından istifadə etməz. Bu, aldanışdır. Rusiya rəhbərləri vurulmuş təyyarənin pilotları kimidirlər, sağ qurtulmaq şansı yoxdursa, mütləq tarana gedəcəklər.

Araz Altaylı, Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90