Ulusal.az xəbər verir ki, Azərbaycan əleyhinə daim qərəzli yazılar dərc edən İranın “Bultan News” saytının verdiyi xəbərə görə, İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin beynəlxalq əlaqələr departamentinin rəisi Həmid Furuzan Ermənistanın Tehrandakı səfiri Arsen Avakyanla görüşdə iki ölkənin tarixi keçmişinə, İranın Ermənistanla konstruktiv və qarşılıqlı mədəni-sivilizasiya əlaqələrinə toxunaraq deyib: “İki ölkə arasında dostluq və daim müsbət yanaşmaya əsaslanaraq irəliləyən münasibətlər mövcuddur”.
Onun sözlərinə görə, İran və Ermənistan arasında təcrübə və peşə biliyi mübadiləsi iki ölkənin müvafiq nazirliklərinin əməkdaşlıq gündəliyinə salına bilər.
“İran İslam Respublikası sosial xidmətlər, sosial təminat və sığorta sahəsində dəyərli təcrübəyə sahibdir və biz bu sahədə də əməkdaşlıq edə bilərik”,-deyə Furuzan iddia edib.
Ermənistanın İrandakı səfiri Arsen Avakyan da iki ölkənin şirkətləri arasında ikitərəfli əməkdaşlığa diqqət çəkib.
Sitat: “İranın Əmək Nazirliyində çox yaxşı imkanlar mövcuddur ki, bunlar mübadilələrin artırılması istiqamətində iki ölkənin tələbatına cavab verə bilər”.
“Biz sosial müdafiə məsələsində iki ölkənin öz təcrübəsini bölüşməsində son dərəcə maraqlıyıq”,-deyə erməni səfir bildirib.






















