Antik dövrün ən qədim sənət əsərləri, abidələri Türkiyənin müxtəlif bölgələrində var. Bu abidələr və sənət əsərləri ciddi şəkildə qorunur. Türkiyədəki mədəniyət abidələrini açıq havada olan muzey də adlandırmaq olar. Bu gün Türkiyəyə turizm axının ən qaynar cağında belə turistlər bu abidələri ziyarət edirlər. Türkiyənin ən çox abidələrlə, tarix memarlıq abidələri ilə zəngin şəhərlərindən biri Manisadır. Manisa möhtəşəm görünüşü, zəngin təbiəti və maraqlı tarixi ilə tanınır. Manisa Türkiyənin Egey regionunda bir şəhərdir. 2022-ci ilin statistikasına görə Manisada 1 milyon 500 minə yaxın insan yaşayır.
Antik dövrdə “Magnesia”, Roma İmperiyası dövründə tam adıyla “Magnesia ad Sipylum” olaraq xatırlanırdı. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır..
Orta əsr tarixçilər bu şəhəri “Şahzadələr şəhəri” adlandlırırdı. Şəhərin belə adlandırılmasını müasir türk tarixçilər belə izah edir ki, Osmanlı Dövləti dönəmində şahzadələrin çoxu bu şəhərdən çıxıb. Deyilənə görə, Türkiyədə Osmanlı dönəmində əsasən üç sancaq şəhər – Amasya, Kütahya və Manisada dönəmin şahzadələri yetişmişdi. Ege Bölgəsinin ortasında yerləşən və tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi edən şəhər, strateji mövqeyi sayəsində hələ də çox əhəmiyyətli bir ticarət mərkəzidir. Lidiya Krallığının paytaxtı Sardisin yerləşdiyi vilayət də Osmanlı dövründə şahzadələrin təhsil aldığı inzibati vahid olub.
Manisa tarixi və təbii gözəllikləri ilə yanaşı bir çox fəaliyyətin də keçirildiyi bir şəhərdir. Ən qədim yaşayış məskənlərinin yerləşdiyi Manisada müxtəlif sivilizasiyaların memarlıq xüsusiyyətlərini daşıyan tarixi əsərlər var. Şəhərin köklü mədəniyyətini və təbii gözəlliklərini kəşf etmək görüləcək ilk işlərdəndir. Təbiəti sevirsinizsə, şəhərin mərkəzinə yaxın və heyrətamiz havası olan Spil dağını ziyarət etməlisiniz. Dünyaca məşhur Manisa lalələrini də burada görə bilərsiniz .
Manisada tarixi özündə yaşadan bir kənd var. 3000 illik tarixə malik Salihli Gökeyüp kəndini görməyə dəyər.
Manisa qədim bir yer olduğu üçün burada məskunlaşma tarixi 5000 ilə qədər gedib çıxır. Şəhər Xetlilərin, Frigiyalıların, İoniyalıların, Lidiyalıların, Farsların, Romalıların, Bizanslıların, Saruhanlıların və Osmanlıların hakimiyyəti altına olub. Məhz buna görə Manisada çoxsaylı mədəniyyət abidələri mövcuddur.
Rəvayətə görə, Fateh Sultan Mehmet də (hakimiyyəti illəri 1451-1481) şahzadə kimi Manisada yaşayıb. Manisanın görünüşü çox möhtəşəmdi. Şəhərin hündür yerindən şəhər sanki ovcunun içindəki kimi görünür.
Manisada Sultan Cami adı ilə tanınan möhtəşəm bir cami (məscid) var. Caminin tarixi Qanuni Sultan Süleyman (1495-1566) zamanına gedib çıxır. Bu yaraşıqlı tarixi cami Sultan Süleymanın anası Hafza Sultan tərəfindən inşa etdirilmişdir. Caminin qapısında yazılmış kitabədə onun inşa tarixi haqqındakı məlumat belədir: “Yavuzun xanımı və qüdrətli Sultan Süleymanın anası bu camini Allah üçün və səcdə edənlər üçün tikdirmişdi. (Hicri 929. M. 1522).
Türkiyədə hər şəhərin öz gözəlliyi, özünəxas səciyyəvi xüsusiyyətləri vardı. Elə Turqutlu, Manisa, Salihli, Ahmetli kimi. Turqutlu Manisaya bağlı bir şəhərdir. Salihli, Ahmetli də elə. Belə bir rəvayət də var ki, türk bəylərindən biri üç oğluna (Turqut, Ahmet, Salih) bu şəhərlərin torpaqlarını vermiş, oğullar bu şəhərləri qurmuşlar və şəhər də onların adlarını daşımaqdadır. Turqutlu klassik tipli tərtəmiz bir şəhərdir. . Şəhərin “Qarpızqaldıran” adlı gözəl bir parkı var. Bu ad parkda vaxtilə axan gursulu çayın haqqında yaranan əfsanə ilə bağlıdır. Əfsanə belədir:
“1850-ci illərdə Mahmud Əfəndi adlı bir şəxs yaxındakı Bozdağdan gələn suların yönünü Turqutluya doğru dəyişdirir ki, əkin-biçin üçün yararlı olsun. Bu sular ərazidə bir çox hovuzların yaranmasına səbəb olur. Belə hovuzlardan biri də indi “Qarpızqaldıran parkı” adlanan yerdə olan hovuzdur. Qarpızı qaldıracaq qədər çox güclü bir su axını olduğu üçün xalq arasında ona “Qarpızqaldıran” deyilmişdir. Suyun axdığı yerdə yerləşən parkın adı da bununla əlaqədardır. Bu suyun hələ də yolun altından axdığı söylənməkdədir.
Manisada tarixi abidələri saymaqla bitirmək olmaz. Osmanlı dövründə Manisa daha da inkişaf edib. Məhz bunu səbəidir ki, Osmanlı dövründə Manisada irili-xırdalı minarəli 34 məscid, 51 kiçik məscid inşa edilib.
Burada gənclərin təhsil alması üçün 17 dərsxana istifadəyə verilib.
Manisada 1465-ci ildən 4 böyük kitabxana fəaliyyət göstərib.
Manisada gəzməklə qurtarmayacaq tarixi memarlıq abidələri var. Bu şəhər çox ağır günlərə şahidlik edib.
Manisa şəhəri 26 may 1919-cu ildə yunan ordusu tərəfindən işğal edilir. Məhz bu dönəmdə şəhər sakinləri düşmənlə savaşırdı. 8 sentyabr 1922-ci ildə türk ordusu şəhəri yunan işğalından xilas edir. Yunan ordusu Qərbi Anadoludan geri çəkilərkən şəhərdəki çoxsaylı tarixi abidələri məhv edir, şəhərə ciddi ziyan vurur. Yaxın Şərq tarixçisi Sidney Nettleton Fişer deyib: “Geri çəkilən Yunan ordusu yolundakı bütün müdafiəsiz türklərə qarşı məhv və qəddarlıq siyasəti yeritdi”.Şotland tarixçisi Kinross yunanların geri çəkilməsini belə təsvir edir: “Onsuz da onun (Yunan ordusu) qarşısında olan məhəllələrin çoxu xarabalıqda idi. Tarixi müqəddəs Manisa şəhərində 18 min binadan yalnız 500-ü salamat qalmışdır”. 1922-ci il sentyabrın 5-nə keçən gecə başlayan və bu geri çəkilmə zamanı sentyabrın 8-dək davam edən yanğına “1922 Manisa yanğını” deyilir.
Bu gün Manisa öz gözəlliyə ilə göz oxşayır. Yolunuz Türkiyəyə düşsə mütləq “Şahzadələr şəhəri”ni ziyarət edin. 5000 illik tarixi özündə əks etdirən dəyərli memarlıq abidələri ilə tanış olun.
Qoşqar Salmanlı