image-rt-reklam
image-camalbackend

Cənubi Qafqazda böyük hərəkətlilik: Rusiya gedir, boşluq necə doldurulur?

image-728x90

Misir prezidenti Əbdülfəttah əs-Sisinin bölgəyə səfərindən əvvəl onun məqsədləri, Misirin yeni regional siyasəti və bu siyasətdə Azərbaycanın rolu haqda yazı ilə çıxış etmişdik. Səfər başa çatıb, bu məqsədlərə nə qədər nail olunduğu barədə ümumi qənaətləri bölüşmək olar.

Əvvələn, səfər formal olaraq Ermənistan prezidentinin dəvətilə baş tutsa da, Misirin bölgəyə marağının artması fonunda gerçəkləşib və ilk növbədə bu ölkənin yeni regional xarici siyasətinə xidmət edir.

Ermənistana gəlincə, görünür, bundan sonra onun belə təşəbbüslərinə hazır olmaq lazım gələcək. Rəsmi İrəvan Qarabağ konfliktinin bitmədiyi görüntüsünü artırmağa, bu məqsədlə erməni lobbisinin və diasporunun güclü olduğu daha çox ölkəni konfliktlə bağlı danışıqlara cəlb etməyə çalışır. Sisinin səfərində bir gün öncəki qeydimizdə xatırlatdığımız kimi, Misir həm erməni lobbisinin (kopt-qibti icmasının müttəfiqliyi ilə) həm də diasporunun nüfuzlu olduqları ölkələrdən biridir.

Misir mediasının məlumatına görə, azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransı zamanı Sisi dialoqun və danışıqların əhəmiyyətini vurğulayıb, müdrikliyin səsinə üstünlük verməyə çağırıb. “Nəzərə alsaq ki, təkcə hərbi güc heç vaxt nail olmaq üçün kifayət etməyib. Davamlı, hər şeyi əhatə edən və ədalətli bir dünya və bu dünyaya gedən yolu tamamlamaq üçün danışıqlar zəruridir”- deyə o bildirib.

İrəvanda erməni həmkarı ilə görüşü zamanı isə bildirib ki, Misir özü də regional münaqişələrdən keçərək “ötən əsrin 70-ci illərindən sülh yolunda dayanıb və bu yolda bir sıra maneələrlə qarşılaşıb”. O qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səylər göstərməyə hazırdır.

Misirli ekspertlərin fikrincə, Sisinin səfər marşrutuna Azərbaycan və Ermənistanın daxil olması Misir siyasətindəki yeni istiqaməti, praktiki olaraq əks etdirir, baxmayaraq ki, son illərdə Bakıdan çox İrəvan Qahirəyə yaxın idi.

Misir diplomatiyasının fəal olmadığı Cənubi Qafqaz və Mərkəzi Asiyaya qəfil açılımını misirli ekspertlər “Şərqə dönüş” kimi dəyərləndirir. Hərçənd bu fikir xeyli dərəcədə mübaliğədir. Çünki Misir həqiqətən də, ötən əsrin 50-70-ci illərində ərəb Şərqində fəal olsa da, bütövlükdə Şərqdə elə də fəal deyildi, buna yetəcək iqtisadi, siyasi və hərbi gücü də yox idi. Ərəb Şərqində fəallığı isə İsraillə imzalanmış Kemp-Devid sövdələşməsi ilə bitmiş, bir müddət ərəb ölkələri tərəfindən boykot edilmiş, onun ərəb Şərqindəki yerini müəyyən qədər Səudiyyə Ərəbistanı tutmuşdu. Tehran və son illər Ankara da ərəb Şərqində təsirlərini artırmışdılar. Qahirənin indi ərəb Şərqindən kənar fəallığı, həm də Ərəb Şərqində nüfuzunu bərpa etməyə, Türkiyə və İranı özüylə hesablamağa məcbur etməyə hesablanıb. İbrahimi anlaşmaları ilə Körfəz ölkələri və İsrail arasında yaxınlaşma Kemp-Deviddən sonrakı psixoloji təcridin də başa çatması deməkdir.

Təbii ki Sisinin gəlişi sırf siyasi çəki yığma məqsədli səfər deyildi. Azərbaycanın Misirlə ticarət, turizm əczaçılıq, neft, aqrar sektorlarda əməkdaşlıq imkanlarının geniş olması deyilir. Qarabağın bərpası layihələrinə maraq göstərilir. Qahirə eyni zamanda Azərbaycanın Avropaya enerji ixracı layihələrində maraqlıdır. Azərbaycanı və Ermənistanı nəqliyyat infrastrukturunda iştiraka dəvət edir. Bu, əslində Azərbaycanın həm nəqliyyat layihələri ilə bağlı fəallığının etirafıdır, həm Azərbaycan və Misir dəhlizlərinin fəaliyyətinin uzlaşdırma təşəbbüsüdür, həm də gələcəkdə Ermənistanın vasitəsilə nəqliyyat dəhlizlərimizin sabotaj olunma ehtimalı deməkdir.

Sisi Nyu Dehli və bakıdakı danışıqlarda Qoşulmama Hərəkatına maraq ifadə edib. Demək, Bakının Qoşulmama Hərəkatını canlandırmaq təşəbbüsləri effektlidir, bu qurum yenidən beynəlxalq siyasətin mühüm iştirakçısına çevrilir. Misir mediası 60-70-ci illərdə Cəvahirləl Nehru və Camal Əbdülnasirin bu hərəkatda əsas rol almalarını qabardır (əslində o qurumda əsas söz sahibləri Nehru deyil, ondan sonra hakimiyyətə gəmiş qızı İndira Qandi və Yuqoslaviya lideri İosip Broz Tito idi).

Səfər və Misirin yeni regional siyasətindən danışarkən maraqlı ola biləcək bir neçə nüansa da diqqət etmək lazım gəlir. Bölgədə yeni ittifaq arayışlarından biri Hind-İbrahim Birliyi adlanır, 2022-ci ilin iyununda Hindistan, İsrail, Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu qrupun (I2U2) liderlərinin görüş də keçirilmişdi. İ2U2 Bayden administrasiyasının təşəbbüsü ilə bütün dünyada Amerikan tərəfdarı ittifaqları canlandırmaq səyləri çərçivəsində yaradılıb.

Hindistan kəşfiyyatının rəhbəri son 2 ildə bir neçə dəfə Misirdə səfərdə olub, əsas müzakirə mövzusu Əfqanıstanla bağlı olub. Qahirənin öz kəşfiyyat fəaliyyətini Dehli ilə uzlaşdırması, məsələn, digər müttəfiqimiz Pakistanın maraqları çərçivəsində olması şübhəlidir.

Təbii ki, Qahirənin yenidən fəala regional siyasətə dönüşü (Hindistanla uzlaşma təşəbbüsləri, mümkün Türkiyə-Azərbaycan-İsrail-Pakistan yaxınlaşmasına alternativ İ2U2 birliyi, Cənubi Qafqaz və Orta Asiyada Rusiyadan sonrakı boşluğu doldurma təşəbbüsləri, İsraillə əməkdaşlığını artması, Livan və İsrail arasında qaz anlaşmasının baş tutmasına xüsusi rol oynaması) Qərbin maraqlarından kənar deyil. Ola bilsin, Qərb də sırf Türkiyənin bölgədə hakim olmasını istəmir, bölgəyə təsir imkanı ola biləcək digər ölkələri də cəlb edir. Hərçənd bir müddət silahlanmada Rusiya ilə əməkdaşlıq, Afrikada Rusiyanın fəallığına yardımı Misirin müəyyən müstəqil xarici siyasət cəhdləri kimi qiymətləndirilə bilər.

Sisinin turnesinin bitməsi Blinkenin Misir, İsrail və Fələstin turnesinə başlaması ilə eyni vaxt düşdü. Bu o deməkdir ki, ABŞ regionla bağlı qərarların qəbulu zamanı Sisinin səfərləri haqda “hesabatlardan” da istifadə edəcək.

Rusiyanın tədricən bölgədən çəkilməsi ilə yaranan boşluğu doldurmağa çalışırlar. Ermənistan prezidenti Sisiyə xitabında Misiri regional superdövlət adlandırıb, bu da Azərbaycanın Türkiyəni regional güc kimi təqdimatına alternativdir.

Səfərin əsas yekunu budur- Misir Türkiyənin son 10 ildə etdiklərini təkrarlamaq istəyir, Qərbdən uzaqlaşmadan yeni qlobal güc iddiasında olanlarla-Hindistan və Rusiya ilə mümkün qədər yaxınlaşır. Amma sonda Qərblə uzlaşır.

Belə mürəkkəb geosiyasi təşəbbüslər rəsmi Bakı tərəfindən gözardı edilə bilməz. Gətirəcəyi çətinliklər nəzərə alınmaqla üstünlüklərindən də bəhrələnmək haqda düşünmək lazımdır.

Cəmaləddin Quliyev

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90