image-rt-reklam
image-1backend

52 illik ömrün keşməkeşləri:Yazıçı Fərman Kərimzadə… .

image-728x90

O vaxt yeddinci sinifdə oxuyurdum. Sevdiyim tarix fənnini tədris edən, sevdiyim müəllimim mərhum Bayram Nağıyev tarixi hadisələri, tarixi şəxsiyyətləri elə sevə-sevə, elə maraqla danışırdı ki, zəngin nə vaxt vurulduğundan da xəbərimiz olmurdu. Bayram müəllim sinifdə ən çox xatırlatdığı qılıncı və qələmi ilə Azərbaycan tarixində dərin iz qoymuş tarixi şəxsiyyət Şah İsmayıl Xətai idi. Bir gün Bayram müəllimə yaxınlaşdım, dedim ki, müəllim, Şah İsmayıl Xətai haqqında danışdığınız oməlumatları hardan oxuya bilərəm? Müəllim gülümsəyərək üzümə baxıb: hələlik sən dərslərini oxu, sənin Fərman Kərimzadə oxuyan vaxtın deyil.

Niyə vaxtım deyil? Tələsik özümü məktəbin kitabxanasına çatdırdım. Kitabxanaçı Adilə xala kitabı tapıb mənə verdi. Arxamca “çırma haa, kitabı” sözünü də eşitdim. Əlimdə Fərman Kərimzadənin “Xudafərin Körpüsü” romanı idi. Kitabı oxumağa başlayanda Şah İsmayıl Xətaini yaxından tanıyıb, sevəcəyimə inanırdım. Həmçinin belə bir mükəmməl tarixi roman yazdığına görə Fərman Kərimzadəni də sevməmək günah idi.

Bu gün doğum gününü ehtiramla andığım sevimli yazıçımın,
kinorejissor, yazıçı, ssenaristin həyatı və yaradıcılığı ilə siz oxucularımı da tanış etmək istəyirəm:

12 yaşında yurdundan çıxarılan, ədəbiyyata və həkim qıza aşiq olan Fərman…

“Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri, “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifiFərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub.

1948-53-cü illərdə sovet rejiminin və erməni fitnəsinin tüğyan etdiyi, azərbaycanlıların tarixdə ikinci böyük deportasiyası dövrü bu ailənin də taleyindən yan keçmədi.12 yaşı olanda Qərbi Azərbaycandan Beyləqana məcburən köç etdilər. məskunlaşdılar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsilini Beyləqan rayonunun Şahsevən kəndində başa vurdular. Ailəni yaxından tanıyanların sözlərinə görə, kitabsevər, ədəbiyyat aludəçısı olub. Atası İsmayıl Şeyx Əlioğlu hüquq işçisi, dövrünün ziyalısı olduğu üçün mütailəni çox sevib. Anası Qəmər isə təhsilsiz qadın olub. Amma Azərbaycan bayatılarını, mahnılarını, folkloru gözəl bilirmiş. Fərman da, digər övladlar kimi, o nağıllarla və bayatıların avazı ilə böyüyüb. Bəlkə elə bu səbəbdəndir, yazıçının əsərlərində bir xəlqiliyin, bir sadəliyin olması…

Orta məktəbdə yaxşı rəssamlıq qabiliyyəti olduğu üçün hamı onun rəssam olacağını zənn edirmiş. Yazıçı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. Rəssamlığı başa vurandan sonra 3 il İsmayıllıda, Beyləqanda orta məktəblərdə dərs deyib. Bu dövrlərdə onun ilk hekayələri artıq müxtəlif qəzetlərdə çap olunmağa başlayır. Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirir.

Elə həmin illərdə eşqə düşən yazıçımız tibb institutunda oxuyan tələbə qızla- həyat yoldaşı Xalidə xanımla tanış olur.Fərman Xalidəni o qədər bəyənir ki, tez bir zamanda onlara elçilərini göndərir. Yaxın dostu Məmməd Aslanda elçilikdə iştirak edir. Amma “kənddən gəlmiş kasıb tələbə” qız verməyəcəklərini anlayan aşiq sevgilisini götürüb qaçmaq məcburiyyətində qalır. Gənclərin bu evlilikdən 4 övladı olur Yeganə, Sevinc , Əziz , Aybəniz…

Yaradıcılığın başlanğıcında

İstedadlı yazarın maraqlı hekayə və povestləri arasında 1958-ci ildə qələmə aldığı “41 nömrəli ayaqqabı” hekayəsi ilk təcrübə olsa da, müharibənin fəlakət dolu nəticələrini təsirli bir dil ilə oxucuya çatdırır. “Son eksponat”, “Toy toğlusu” hekayələri də müharibə mövzusundadır, müharibənin ağrı-acılarından bəhs edir. “Son eksponat”da ana qəhrəmanlıqla həlak olmuş oğlunun muzeydəki köynəyini – öz əli ilə toxuduğu köynəyi qorumağa çalışır, oğlunun sinəsini dəlib-deşən güllə yerini muzeydəki baxımsızlıqla, köynəyə güvə düşməsi ilə əlaqələndirir. F.Kərimzadə hadisələrin məntiqini tutmağı, obrazların mənəvi-psixoloji aləmini aydın cizgilərlə əks etdirməyi bacaran sənətkardır. Bu cəhət onun müharibə mövzusunda yazdığı hekayələrlə yanaşı, “Ölülər yalan danışmır”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalıq” və başqa hekayələrində, “Xallı maral”, “Toy dəvətnaməsi” povestlərində də güclü və qabarıqdır. Povestlər işıqlı ideallar təbliğ edir, xalq malını dağıdanları, israfçıları, əliəyriləri, tüfeyli və kübar yaşayış tərzini ifşa edir. “Xallı maral” povestinin qəhrəmanı Zəkəriyyə harın zümrənin ad günləri və müxtəlif işrət məclisləri üçün bir-bir kəsdirib apardıqları xallı maralların qoruğunu dağıdır, “təbiət bu maralları o cür canavarlardan daha yaxşı qoruyar”, deyə onları təbiətin qoynuna qovur. “Toy dəvətnaməsi” ibrətamiz sonluqla bitir: zavoddan oğurladığı bir maşın spirti xırıd edə bilməyib qamışlı gölməçəyə boşaldan baş şərabçı Vəli özü də həmin gölməçənin qurbanı olur.

“Qarlı aşırım”dan “Axırıncı aşırım”a gedən yol


Amma bunlar bir yana onu bir yazıçı kimi sevdirən romanları olub-desəm yəqin ki səhv etmiş olmaram. 1967-ci ildə çap olunmuş “Qarlı aşırım” onun yazıçı istedadını, ümidverici və gələcəkli bir nasir kimi yetişdiyini üzə çıxardı. Roman Fərmana çox böyük şöhrət və təbii ki, pul gətirib.Onun ssenarisi əsasında çəkilmiş “Axırıncı aşırım” filmi ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib. Qızı Yeganənin dediyinə görə, atasını öldürməklə hədələyirmişlər. “Bir dəfə bibimgilə getmişdim, bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo həqiqətən elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış”.

Filmdəki Xəlil obrazı Fərman Kərimzadənin doğmaca dayısı oğlu olub. Deyilənə görə yazıçının anası ölənə qədər Xəlil deyə-deyə bayatılar deyirmiş. Abbasqulu bəy isə yazıçının atasının ən yaxın silahdaşı, qohumu, dostu olub. Kərbəlayi İsmayıl da yaxın adamı olub. “Ə, nə hökumət, hansı hökumət? Mən belə hökumət tanımıram!”sözlərini sovet hökumətinin qılıncının tiyəsi də, qəbzəsi də kəsdiyi 1967-ci ildə yazıçı məhz Kərbəlayi İsmayılın dili ilə deyir.

Yaşanan “Qəmlo” sıxıntısı


Qəmlonun əsl adı Qəmbəralı imiş, Qəmlo deyirmişlər. Yaxın adamlar nə qədər israr etsələr də, yazıçı onun adını Qəmbəralı kimi yox, Qəmlo kimi yazır.

Yazıçının qızı yazır: “Axırıncı aşırım” filminini Moskvaya təsdiqə aparanda məni də özüylə aparmışdı. Saatlarla “Ostonkino”nun qarşısında atamı gözləyirdim. O, gah gülə-gülə gəlir, gah əsəbi olurdu. Nəhayət, Brejnevin qızı Qalina işə qarışandan sonra film təsdiq olundu. Qalina özü atama qonaqlıq verdi. Hamı yeyib-içirdi. Mənə isə süd verib, öz yatağına uzatdı Qalina Brejneva. “Mı do utra budem pit, a tı yeşyo rebyonok spi”, deyib, bir “mışka” şokaladı da verib, məni yatırtdı.

Rəhmətlik anama danışmamışdım bu detalları. Çox qısqanc idi”.

“Qarlı aşırım” romanı Fərmana çox böyük şöhrət və təbii ki, pul gətirib. Film çəkiləndən sonra ona kinostudiyanın binasından 5 otaqlı ev də veriblər.

(Yaxın günlərdə film haqqında yazı hazırlayacağam)

“Xətaişünas”  F. Kərimzadə

Uzun tədqiq və araşdırmalardan, tarixi mənbələri oxuyub başa vurandan sonra xalqımızın tarixinə, 500 il əvvəlki babalarımıza məhəbbət və hörmətin ifadəsi olan “Xüdafərin körpüsü” romanı yazıçıya inanılmaz bir uğur gətirdi. Ədəbiyyat mütəxəssislərinin fikrincə “Oxucu orta əsr Azərbaycan həyatının həyəcanlı səhnələri ilə qarşılaşdıran bu roman Ağqoyunlularla Səfəvilər hakimiyyətinin qovuşduğu, birincilərin ikincilərlə əvəzləndiyi dövrün, Azərbaycan torpaqlarının birlik, Azərbaycan mədəniyyətinin yüksəliş dövrünün bədii salnaməsidir. F.Kərimzadə yeni faktlar əsasında dövrün ziddiyyət və çətinliklərini, qızılbaş bayrağı altında tarixi mübarizənin məqsədini, köklərini müasirlik ruhu ilə təsvir etmiş, qaranlıq səhifələri kifayət qədər işıqlandırmışdır. “Xüdafərin körpüsü” istər yazı tərzi, istərsə də təhkiyə və dialoqlarının səlisliyi, zənginliyi ilə seçilən bir romandır, qəhrəmanlıq dastanıdır. Hər iki kitab (“Xüdafərin körpüsü” və “Çaldıran döyüşü”) yüksək ideya-estetik keyfiyyətləri, güclü ictimai-siyasi məziyyətləri ilə yanaşı, quruluş, dil xüsusiyyətləri ilə də diqqəti çəkir. Zəngin bədiilik vasitələri oxucunu 500 il keçmişə aparır, təsvir edilən dövrün havasına daxil edir. Gözəl təbiət lövhələri, min bir rəng heyranlığı ilə ictimai hadisələrin rəmzi əlaqəsi yaranır”.

Yazıçı “Xudafərin körpüsü”nə görə 32 min rubl alıb.

Gəlimli- gedimli dünya

3 mart 1937-ci ildə bu dünyaya qədəm basan F.Kərimzadə 1989-cu il mart ayının 17-də bu dünyanı tərk etdi. 52 yaşında dünyasını dəyişməsəydi bu gün 84 yaşı olacaqdı və nə qədər dəyərli dəyərli əsərlər yazıb yaradardı. Hətta yazıb bitirəndən sonra yaşadığı evdən yoxa çıxan Nəsrəddin Tusi və Andranik haqqında əsərlərini yenidən qələmə alardı. Qızı müsahibələrinin birində atasının KQB tərəfindən öldürüldüyünü deyir: Sap-sağlam adam idi. Məncə, onu KQB öldürdü. Son hadisələrdə çox fəal idi. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, ordan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orda iflic olmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu içimdə ciddi şübhələr var”

Əntiqə RƏŞİD

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90