İranın ali dini rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti verdiyi açıqlama ilə gündəmi dəyişmək fikrində idi. Əliəkbər Vilayəti verdiyi açıqlamada azərbaycanlı olduğunu bildirir. Amma maraqlıdır ki, o bu çıxışında həm də müstəqil Azərbaycan dövlətini təhqir edir. O, deyir:“Bu gün yüksək səslə bəyan edilməlidir ki, hər bir azərbaycanlı iranlıdır, hər iranlı da azərbaycanlıdır. Həmin azərbaycanlı və iranlı İrandan kənarda olsa və başqa ölkənin pasportunu daşısa belə”.
İranın Azərbaycan Respublikasının ərazisinə hücum etmək və ya bu ölkəyə nəzarət etmək planı ilə bağlı yayılan şayiələrə, o cümlədən Azərbaycanla İran arasında son vaxtlar media və siyasi səviyyədə yaranmış gərginliyə toxunan siyasətçi iddia edib: “İlk növbədə İran xalqı etnik mənsubiyyətindən asılı olmayaraq birdir və o, özünü iranlı hesab edir, ikincisi, İran heç vaxt qonşu ölkələrə qarşı tamahkarlıq etməyib, əksinə, həmişə yaxşı münasibət bəsləmək və yardım etməyi düşünüb”.
Daim Azərbaycan əleyhinə aqressiv açıqlamalar verən Vilayəti indi nədənsə qəfil mövqeyini yumşaldaraq bildirib: “Qürurla bildirirəm ki, mən də digər iranlılar kimi özümü azərbaycanlı hesab edirəm, mən də Əlborz (Elbrus) dağının ətəklərindənəm, amma İranın hər yeri mənim evimdir və mən də digər iranlılar kimi İranın hər bir guşəsini ruhumun və ürəyimin bir güşəsi hesab edirəm.
Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə planlı şəkildə İranın Azərbaycanla döyüşmək istədiyi barədə şayiələr yaydılar, bu, İrana qarşı ən qorxaqcasına böhtandır. İranın istər Qafqazda, istərsə də başqa bölgədə heç bir qonşu ölkəyə hücum etmək planı yoxdur.
Xüsusilə də cinsi, irqi, dili, dini, adət-ənənələri və tarixi eyni olan, yəni Azərbaycan xalqı gözümüzün işığıdır”.
“İran İslam Respublikası həmişə Azərbaycan, Ermənistan və Gürcüstan da daxil olmaqla qonşuları ilə dostluq və qeyri-müəyyənlikləri aradan qaldırmaq istiqamətində addımlar atıb”,- deyə Xameneyinin müşaviri əlavə edib.
Amma Vilayəti 30 ildir torpaqlarımızı işğalda saxlayan erməniləri niyə himayə etdiklərini, ölkənin çoxluğunu təşkil edən azərbaycanlıların niyə mili dildə məktəblərinin olmasından danışmayıb.
Mən Vilayətinin çıxışını diqqətlə oxudum. O, bu çıxışı ilə azərbaycanlı olmasını gözə soxaraq, müstəqil dövlətimizi təhqir edib. Vilayəti unudur ki, İran adlı dövlətin dayağı fars yox, məhz azərbaycanlılardır. İndi o dayağı da azərbaycanlılar pillə-pillə dağıdır. Mən Vilayətinin türk olmasına şübhə edirəm. Çünki türk olan, qanında türkçülük ideyası daşıyan şəxs 30 il ərzində səsini çıxarmalıydı. Vilayəti nəinki susmuşdu, hətta öz çıxışlarında bizi yox, erməniləri müdafiə edirdi.
Qoşqar Salmanlı






















