Tramp administrasiyası və Rusiya prezidenti Vladimir Putin arasında Ukraynanın “alqı-satqı”sı üzrə “siyasi bazarlığın” səhnəarxasında davam etdiyi artıq qətiyyən şübhə doğurmur… Hətta prezident Vladimir Putinin Ağ Evin yeni sahibi Donald Trampla istənilən vaxt görüşməyə hazır olduğunu vurğulaması tərəflər arasında ilkin anlaşmanın mövcudluğunu biruzə xəbər verir…
Ukrayna savaşının ətrafında yaranmış qəliz situasiya artıq tədricən aydınlaşmağa başlayıb. Belə ki, yaxın aylarda bu “savaş bataqlığı”nın qurudulma ehtimalı indi daha inandırıcı görünür. Hər halda, son vaxtlar baş verənlər bu ehtimalın hazırda geriyədönməz mərhələyə keçmək üzrə olduğunu göstərir. Xüsusilə də, Qərb siyasi dairələrində Ukrayna savaşına münasibətdə prioritet mövqelərin ciddi şəkildə dəyişməkdə olması artıq inkaredilməz reallıqdır. Və bu prosesin sürətlənmə ehtimalını şərtləndirən faktorlar da açıq-aşkar müşahidə olunmaqdadır.
Birincisi, Avropa Birliyi ölkələri Ukrayna savaşından yorulub. Son vaxtlar daxili maliyyə-iqtisadi və sosial-siyasi böhran dalğası ilə üzləşməkdə olan “qoca qitə” ölkələrinin əhəmiyyətli hissəsi bu savaşın maliyyə yükünü daşımaqda çətinlik çəkir. Ona görə də, mümkün qədər tez bir zamanda bu yükdən xilas olmağa çalışır. Bura Rusiyaya qarşı iqtisadi sanksiyaların Avropa Birliyi iqtisadiyyatına vurduğu sarsıdıcı zərbələri də əlavəö etdikdə ümumi situasiyanı təsəvvür etmək daha da asanlaşır. Və Qərbdə Ukrayna yükündən xilas olmaq istəyənlərin problemləri aydınlaşmış olur.
Digər tərəfdən, Avropa Birliyi ölkələri son vaxtlar Rusiya enerji resurslarına duyulan ciddi ehtiyacın ağır təzyiqləri altında əzilməyə də başlayıb. Çünki ABŞ və ərəb ölkələrindən alınan enerji resurları qat-qat baha başa gəlir və bu, Avropa ölkələrində həyat şərtlərini bütün istiqamətlər üzrə bahalaşdırır. Ona görə də, Qərb media qurumlarında son vaxtlar əksər Avropa Birliyi ölkələrinin Rusiya ilə səhnəarxası iqtisadi-ticari təmasları bərpa etdikləri barədə məlumarlar yayılmaqdadır. Hətta Avropa Birliyi ölkələrinin sanksiyalara baxçayaraq, Rusiya ilə ticarət dövriyyəsinin 300 milyard avroya yaxınlaşdığı da vurğulanır. Və bunun önəmli bir hissəsi məhz Fransanın payına düşür.
Ona görə də, bəzi Avropa Birliyi ölkələri Ukrayna savaşının dayandırılmasını vəd edən Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına rəsmən başlayacağı günü böyük səbrsizliklə gözləyirlər. ABŞ-ın yeni prezidenti Donald Tramp və onun yaxın ətrafından verilən açıqlamalarda isə Ukrayna savaşının dayandırılmasının əsas hərbi-siyasi prioritet olduğu bildirilir. Ağ Evin yeni sahibi hətta Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh sazişini imzalamağa hazır olmağı da tövsiyyə edib. Və bu tövsiyyəsinə Ukraynanın işğal altında olan ərazilərindən Rusiyanın xeyrinə imtina etməyin lazım gələcəyini də əlavə edib.
Belə anlaşılır ki, Tramp administarsiyası üçün Ukrayna savaşının dayandırılması sadəcə, sülh mövzusu deyil. Ağ Evin yeni sahibinin bütün qlobal məsələlərə “biznes pəncərəsi”ndən baxdığını nəzərə aldıqda, burada ABŞ-ın maliyyə-iqtisadi maraqlarının daha ön planda yer aldığını ehtimal etmək olar. Bəzi məlumatlara görə, ABŞ və Qərb Ukrayna savaşına 350-400 milyard dollar həcmində maliyyə vəsaiti xərcləyib. Və Qərbdə xərclənən maliyyə vəsaitin bir neçə qat gəlirlə geri qaytarılması praktikası da mövcuddur.
Məsələ ondadır ki, ABŞ və Qərb Ukrayna savaşına xərclədiyi maliyyə vəsaitinin batmasına qətiyyən imkan verməz. İstənilən halda, həmin vəsaitin Ukraynadan geri alınacağı qətiyyən şübhə doğurmur. Sadəcə, rəsmi Kiyevi buna məcbur etmək üçün ilk növbədə hansı şərtlərdə olursa-olsun, Ukrayna savaşının dayandırılması və Rusiya ilə sülh sazişinin imzalanması qaçılmazdır.
Üstəlik, Ukrayna əraziləri hesabına Rusiya ilə müharibənin dayandırılması ilə bağlı “Kelloq planı”nın məzmunu da artıq böyük ölçüdə məlumdur. Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başlamadan belə, rəsmi Kiyevə göstərdiyi təzyiqlər Ukrayna prezidenti Volodimir Zelenskini “Kelloq planı”nı qəbul etmək məcburiyyətində buraxıb. Və indi Tramp administrasiyası buna paralel olaraq, Ukrayna savaşına sərf edilən maliyyə vəsaitinin geri alınması planı üzərində işləyir.
Məsələ ondadır ki, respublikaçı-senator Lindsi Qrem Rusiya ilə sülh sazişinin Ukrayna təbii sərvətlərinin istismarı barədə anlaşmaya paralellik təşkil edəcəyini təsdiqləyib. Trampçı-senator bildirib ki, Ukrayna Avropada nadir minerallarla ən zəngin ölkədir. Ukraynanın nadir minerallar resurslarının ümumi təxmini dəyəri müxtəlif hesablamalara görə, 2-7 trilyon dollar arasında dəyişir. Tramçı-senatorun iddiasına görə, Ukrayna Rusiya ilə sülh sazişi imzaladıqdan sonra ABŞ rəsmi Kiyevlə təbii sərvətlərin istismarı üzrə müqaviləyə nail olacaq. Və bu, əslində, Ukraynanın bölüşdürülməsi anlamı daşıyır.
Belə ki, ABŞ Ukraynanın daşkömür yataqlarının olduğu və hazırda Rusiyanın işğal etdiyi ərazilərini Kremlə güzəştə getmək niyyətindədir. Tramp administrasiyası buna nail olmaq üçün rəsmi Kiyevə elə indidən təzyiqlər göstərməyə başlayacaq. Üstəlik, rəsmi Kiyev müqavimət göstərmək niyyətinə düşərsə, yaxın vaxtlarda bu təzyiqlərin daha sərt addımlarla müşayiət olunacaq. Çünki Kremllə səhnəarxası anlaşmaya görə, Rusiya ABŞ-ın digər Ukrayna ərazilərində bu ölkənin təbii sərvətlərini talamasına əngəl törətməyəcək.
Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyası və Rusiya prezidenti Vladimir Putin arasında Ukraynanın “alqı-satqı”sı üzrə “siyasi bazarlığın” səhnəarxası davam etdiyi artıq qətiyyən şübhə doğurmur. Hətta prezident Vladimir Putinin Ağ Evin yeni sahibi Donald Trampla istənilən vaxt görüşməyə hazır olduğunu vurğulaması tərəflər arasında müəyyən anlaşmanın mövcudluğundan da xəbər verir. Kreml sahibinin ABŞ-ın yeni sahibi ilə görüşmək üzün tələsdiyi də açıq-aşkar müşahidə olunur. Və indi əsas məsələ bu görüşün harada keçirilə biləcəyi ilə bağlı olduqca önəmli məsələnin həllidir.
Maraqlıdır ki, Qərb mərbuatı Tramp-Putin görüşünün keçirilməsi üçün üç ölkənin – Avstriya, Qazaxıstan və Azərbaycan paytaxtlarını mümkün ehtimal kimi irəli sürürlər. Ancaq o da qeyd olunur ki, bu üç ölkədən ikisinin paytaxtı Ağ Ev sahibi Donald Trampı və Rusiya prezidenti Vladimir Putini qane etməyə bilər. Belə ki, üzərində beynəlxalq məhkəməninin həbs qərarı olan prezident Vladimir Putinin Avstrasiya paytaxtı Vyanaya səfəri Rusiya üçün riskli hesab olunur. Qazaxıstan KTMT üzvü olduğu üçün ABŞ-ın yeni prezidenti Donald Tramp da Astanaya səfərdə maraqlı olmaya bilər. Və belə olacağı təqdirdə, Tramp-Putin görüşü üçün ən uyğun məkan olaraq, Azərbaycan paytaxtı Bakının ön planda yer ala biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ
Siyasi ekspert