Təəssüf ki, Türkiyədə zəlzələ tez-tez baş verir. Adətən, bunu ölkənin geoloji qırılmalar bölgəsində yerləşməsi ilə izah edirlər.
BBC qırılmaların nə olduğunu və onların zəlzələlərlə əlaqəsini izah edir.
Oksford Universitetinin dosenti, zəlzələlərin mexanikasını araşdıran Jessica Hawthorne deyir ki, “dırnaqlarımız hansı sürətlə uzanırsa, tektonik lövhələr də təxminən eyni sürətlə hərəkət edir”.
O, planetimizdəki 16 tektonik plitəni nəzərdə tutur.
“Qırılma hərəkət edən iki plitənin bir-birinə təsir etdiyi yerdir” – seysmoloq belə deyir.
Bu hərəkət çox az nəzərə çarpsa da (adətən, ildə cəmi bir neçə santimetr), plitələrin qəfil yerdəyişməsi və ya sürüşməsi böyük miqdarda enerji buraxa, layların çatlamasına və zəlzələyə səbəb ola bilir.
Doktor Hawthorne izah edir ki, proses nisbətən səthə yaxın yerdə baş verir, çünki Yerin nüvəsinə yaxın olan süxurlar isti və ərimiş vəziyyətdədir.
“Zəlzələ baş verməsi üçün sürtünmə nəticəsində dağıntılar əmələ gəlməlidir, bu isə o deməkdir ki, qırılmalar üçün süxurlar kifayət qədər kövrək olmalıdır”.
Zəlzələlər daha çox tektonik plitələrin kənarlarında baş verir (istisnalar da var). Böyük zəlzələlərin 80 faizdən çoxu Sakit Okeanın hüdudları boyunca, Sakit Okean Atəş Halqası adlanan zonada – ətraf plitələrin Sakit okean plitəsinin üstünə çıxıb onu əzdiyi yerdə baş verir.
Qırılma növləri
Doktor Hawthorne deyir ki, zəlzələlər yeni qırılmalar yaratsa da, böyük zəlzələlərin əksəriyyəti səthin bütövlüyünün artıq zədələndiyi yerlərdə baş verir.
Qırılmaları üç əsas növə bölmək olar: normal, tərs və sürüşmə qırılmaları.
Sürüşmə qırılmaları
Sürüşmə qırılması iki plitənin bir-birinin yanından üfüqi istiqamətdə hərəkət etməsi zamanı baş verir; adətən, şaquli olur və dərinliyi 15-20 kilometrə çatır.
Türkiyənin Anadolu və Ərəbistan plitələri arasındakı sərhəd boyunca uzanan 700 kilometrlik Şərqi Anadolu qırılması məhz bu növdəndir.
6 fevral 2023-cü ildə Türkiyə və Suriyada baş vermiş 7,5 və 7,8 bal gücündə iki zəlzələ məhz lövhələrin üfüqi müstəvidə hərəkət etdiyi bölgədə əmələ gəlib.
Dağıntılar həm də ona görə çox olub ki, zəlzələ və afterşoklar nisbətən az dərinlikdə baş verib.
San-Andreas qırılma sistemi
ABŞ-ın Kaliforniya ştatındakı San-Andreas qırılma sistemi də sürüşmə nəticəsində yaranıb. Bu sistemin uzunluğu 1200 km, dərinliyi ən azı 25 km-dir; qərbdə Sakit okean plitəsi ilə şərqdə Şimali Amerika plitəsi arasındakı hərəkət xətti boyunca uzanan, çınqıl və dağılmış süxurlardan ibarət müxtəlif çatlar toplusudur.
Doktor Hawthorne deyir ki, qitənin qalan hissəsinə nisbətən Qərbi Kaliforniya Alyaskaya doğru irəliləyir. Bu iki plitənin bir-birinin yanından sürüşərək irəliləməsi zəlzələlərə səbəb olur.
ABŞ Geologiya Xidmətinin məlumatına görə, 1906-cı il aprelin 18-də Kaliforniyada baş vermiş zəlzələ (tarixin ən böyük zəlzələlərindən biri) San-Andreas çatının ən şimalındakı 477 kilometrlik hissəsini parçalayaraq San-Fransiskonu yerlə-yeksan edib.
Normal qırılmalar
Normal qırılmalar plitələrin bir-birindən ayrıldığı və onlardan birinin şaquli olaraq aşağıya doğru hərəkət etdiyi hallardır.
Afar hövzəsi, Şərqi Afrika Rift Vadisi
Efiopiyanın Afar bölgəsində yer qabığının üçqat Afar qırılması kimi tanınan üç hissəsi qarşılaşır.
Somali plitəsi qitənin qalan hissəsindən uzaqlaşır. Bu, orada rift vadisi və kəskin enişli qırılmalar yaradıb.
Eyni zamanda Afrika və Somali plitələri də Ərəbistan plitəsindən şimala doğru ayrılaraq “Y” formalı rift sistemi əmələ gətirib.
Plitələrin hərəkəti süxurlarda gərginlik yaradaraq çatlar, qırılmalar, vulkanlar və digər səth deformasiyalarına səbəb olur.
2005-ci ildə qırılma xətti boyunca çox sayda çatın əmələ gəlməsi zəlzələlər və kül buludlarıyla müşayiət olunub. Səthin 60 kilometrlik hissəsində 8 metr enində dərin çat yaranıb.
Orta Atlantik silsiləsi
Şimali Amerika və Avrasiya tektonik plitələri yavaş-yavaş bir-birindən uzaqlaşır. Nəticədə onların sərhəddində Orta Atlantik silsiləsi kimi tanınan qırılma xətti yaranıb.
Bu silsilə Atlantik okeanı boyunca şimaldan cənuba doğru minlərlə kilometr ərazidə uzanır.
Plitələr bir-birindən uzaqlaşdıqca, ərimiş maqma Yer səthinə axır və sərhəddə yeni süxurlar əmələ gətirir, onların yerini yeni maqmatik materiallar doldurur.
Əsasən suyun altında qalan, bəzi yerlərdə isə səthə çıxıb İslandiya, Azor və ya Askenson kimi adalar meydana gətirən dağ silsilələri bu prosesin nəticəsi olaraq yaranıb.
Daim yeni süxurların əmələ gəlməsi həm də səthin deformasiyasına, zəlzələlərə və ciddi vulkanik fəallığa səbəb olur.
Tərs və ya itələnmə qırılmaları
Plitələr bir-birinə doğru hərəkət etdikdə və onlardan biri digərini yuxarı itələdikdə tərs və ya itələnmə qırılmaları yaranır. Ən böyük qırılmalar çox vaxt məhz belə xüsusiyyətə malikdir.
“Adətən, onlar Yer səthini bucaq altında parçalayır və bu, kövrək deformasiyanın baş verə biləcəyi daha geniş sahələr yaradır” – doktor Hawthorne belə deyir.
Yaponiya xəndəyi
Qırılma zonası olan Yaponiya xəndəyi Yapon adalarının şərqində şimaldan cənuba doğru uzanan, Avrasiya plitəsini Sakit okeandan ayıran dərin sualtı xəndəkdir.
2011-ci ilin martında Yaponiya sahillərində baş vermiş 9,1 bal gücündə dağıdıcı Tohoku-Oki zəlzələsindən sonra plitələr qırılma xətti istiqamətində 50 metr irəli gedib.
Yaponiya xəndəyi boyunca subduksiya zonasının (yer qabığının bəzi bloklarının litosfer plitələrinin sərhədi boyunca digər blokların altına çökdüyü zona) bir hissəsinin qırılması sahilyanı əraziləri viran qoyan, Fukusima atom elektrik stansiyasında qəzaya səbəb olan sunami yaratdı, böyük dağıntılar və insan itkisi ilə nəticələndi.
Çili xəndəyi
Çili xəndəyi Atakama qırılma sistemi kimi də tanınır; Sakit Okeanın şərqində, Peru və Çili sahillərindən təxminən 160 km aralıda, Cənubi Amerika tektonik plitəsi ilə Naska plitəsi arasında yerləşir.
Naska plitəsinin okean qabığı Cənubi Amerika plitəsinin kontinental qabığının altına doğru hərəkət edərək böyük seysmik aktivliyə səbəb olur.
22 may 1960-cı ildə Çilinin cənubundakı Valdivia şəhəri yaxınlığında 9,5 bal gücündə güclü zəlzələ baş verib – bu, indiyədək ölçülmüş ən güclü zəlzələ hesab olunur.
Alimlər hesablayıblar ki, Çili zəlzələsi zamanı çıxan enerji Xirosimaya atılan ilk atom bombasının enerjisindən 20 min dəfə çox olub.
Amma qırılma xəttinin yaxınlığında yaşamaq heç də həmişə təhlükəli deyil.
Doktor Hawthorne bildirir ki, bütün qırılmalar zəlzələlərə səbəb olmur. “Qırılma yerlərinin çoxunda zəlzələ ya heç baş vermir, ya da zəif olur. Plitələr sakitcə bir-birilərinin yanı ilə sürüşməyə davam edirlər”.