“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti metal hasilatı və satışı sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri olan və Londonda keçirilən “London Metal Exchange Week” (LME Week) tədbirində iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti metal sənayesində tətbiq olunan yeni texnologiyalar, süni intellekt və rəqəmsal innovasiyaların rolu, həmçinin davamlı inkişafın gələcək perspektivləri mövzularında keçirilən müxtəlif sessiyalarda və panel müzakirələrində iştirak edib. Tədbir müddətində iştirakçılar dağ-mədən, metal hasilatı və ticarəti sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
“AzerGold” QSC-nin nümayəndə heyəti həmçinin “LME Week” ərzində dünyanın aparıcı metal ticarəti şirkətlərindən biri olan “Trafigura” tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak edib, həmçinin şirkətin ofisində keçirilən ikitərəfli görüşdə iştirak edib. Görüş zamanı “AzerGold” QSC və “Trafigura” arasında mövcud və potensial əməkdaşlıq istiqamətləri, gələcək inkişaf perspektivləri müzakirə olunub.
“LME Week” tədbiri dünya üzrə dağ-mədən və metallurgiya sənayesinin, eləcə də maliyyə institutlarının ən mühüm görüş platformalarından biri hesab olunur. Burada qlobal metal bazarının trendləri, qiymət dinamikası və strateji tərəfdaşlıqlar müzakirə edilir. Tədbir, alüminium ərintiləri, qalay, nikel, sink, qurğuşun, ilkin alüminium, mis və gümüş kimi əlvan metallara dair beynəlxalq ticarətin inkişafında mühüm rol oynayır.