“Rusiya regionda təsirini itirdikcə, Azərbaycanın geosiyasi mövqeləri daha da möhkəmlənir.” Bunu Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Ekspertin sözlərinə görə, hazırda Cənubi Qafqazda güc balansı dəyişməkdədir və Azərbaycan regional proseslərin əsas söz sahibinə çevrilib:
“Rusiya regionda gücünü itirdikcə, Azərbaycan daha da güclənir. Sözsüz ki, rəsmi Kreml bu reallığı həzm etmək istəmir, lakin bu gün Cənubi Qafqazda söz sahibi Azərbaycandır,” – deyə Arzuman Muradlı qeyd edib.
Politoloq həmçinin ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşün təxirə salınmasına da münasibət bildirib.
“Görüşün təxirə salınması Rusiyanın Ukrayna ilə bağlı irəli sürdüyü şərtlərlə əlaqələndirilir. Kreml atəşkəs müqabilində Donbas bölgəsinin Rusiyanın nəzarətinə verilməsini təklif edib. Lakin bu təklif nə ABŞ, nə Avropa İttifaqı, nə də NATO və Ukrayna tərəfindən qəbul olunmayıb,” – deyə Arzuman Muradlı vurğulayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp danışıqlarda heç bir ərazi şərti olmadan atəşkəsin əldə edilməsini təklif edib. Lakin Moskva bu mövqeyə müsbət yanaşmadığı üçün danışıqların davam etdirilməsinə ehtiyac qalmayıb.
“Artıq ABŞ-da da anlayırlar ki, Rusiya yaxın iki il ərzində tamamilə çökə bilər. İqtisadi resurslar bu savaşı davam etdirməyə imkan vermir, amma Putin inadından əl çəkmir,” – deyə politoloq əlavə edib.
Arzuman Muradlının fikrincə, Rusiyanın zəifləməsi Azərbaycanın bölgədəki nüfuzunu artırır və yeni geosiyasi düzən formalaşdırır:
“Reallıq budur ki, Rusiyanın zəifləməsi Azərbaycanın geosiyasi mövqelərini gücləndirir. Bununla yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir siyasi nizam yaranır.”
Politoloq hesab edir ki, bu dəyişikliklər fonunda Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə müstəqil qərar verən aparıcı oyunçuya çevrilməkdədir.