image-rt-reklam
image-1backend

Sülh göylərdən başlayır: AZAL-ın təyyarəsi Ermənistan paytaxtında

image-728x90

Azərbaycan və Ermənistan arasında başlanmış sülh danışıqları çərçivəsində qeyri-hökumət təşkilatlarının dialoqu intensivləşməkdədir.
Dünən göyərtəsində ölkəmizin QHT nümayəndələrini daşıyan AZAL-a məxsus təyyarə İrəvanın Zvartnots hava limanına enib.

Rəsmi qurumlar hələlik bu uçuşla bağlı açıqlama verməsələr də, Ermənistan KİV-ləri və bir sıra beynəlxalq mənbələr bu səfərin Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında keçirilən “aylıq dialoq görüşü” ilə bağlı olduğunu yazır.

Verilən məlumata görə, İrəvanda iki ölkədən gələn ekspertlərin, ictimai xadimlərin və QHT rəhbərlərinin iştirakı ilə “Sülh gündəliyi” adlı dəyirmi masa keçirilib.

Müzakirələrin əsas mövzusu avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün nəticələrinə əsaslanan regional sülh və əməkdaşlıq gündəliyi olub, iki xalq arasında etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması, eləcə də vətəndaş cəmiyyətləri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması məsələləri yer alıb.

Qeyd edək ki, analoji görüş ötən ayın 22-də İrəvanda keçirilib. Həmin görüşdə Azərbaycan və Türkiyə nümayəndələri NATO Parlament Assambleyasının “Rouse-Rot” proqramı çərçivəsində təşkil olunan 108-ci seminarın iştirakçıları sırasında olublar.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, AZAL-ın təyyarəsnin Ermənistan hava məkanına enməsi Cənubi Qafqazda yaranmaqda olan yeni reallıqların təzahürüdür: “Əgər bu səfər vətəndaş cəmiyyətləri arasında etimad mühitinin formalaşmasına xidmət edirsə, deməli, proses doğru istiqamətdə inkişaf edir. Düşmənçilik stereotiplərinin qırılması, qarşılıqlı ünsiyyətin bərpası regional sabitlik üçün mühüm şərtdir”.

Ç.Qənizadə hesab edir ki, belə addımlar dövlət səviyyəsində aparılan sülh danışıqlarına paralel olaraq cəmiyyətlər arasında münasibətləri normallaşdırmağa imkan verir.

Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, bu cür görüşlər ümumi bir tendensiyadır və regionda müəyyən yumşalma prosesi gedir: “Ermənistanın Azərbaycana qarşı törətdiklərini unudub erməni nümayəndələrlə eyni masada əyləşmək və nəyisə müzakirə etmək çətindir. Bu ölkə ilə istənilən prosesdə ehtiyatlı olmaq lazımdır. Doğrudur, dünyada gedən proseslər, Azərbaycan dövlətinin maraqları, dövlət başçısının siyasəti nəzərə alınmalıdır. Lakin bunlar tam ehtiyatla həyata keçirilməlidir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, belə təmaslara ehtiyac var: “90-cı illərdə belə görüşlərdə mən də fəal iştirak etmişəm. 2010-cu ilə qədər bu proseslər davam etdi. Erməni politoloq və jurnalistlərlə müxtəlif ölkələrdə ayrı-ayrı konfranslarda görüşlər keçirirdi. Hətta belə görüşlər iki dəfə Ermənistanda beynəlxalq təşkilatların xətti ilə baş tutmuşdu. Görüşlərdə ciddi mübahisələrimiz olurdu. O zaman işğal dövrü olduğuna görə Ermənistan tərəfi biz deyənləri qəbul etmirdil və buna görə də görüşlər nəticəsiz başa çatırdı.

İndi isə reallıq dəyişib. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Erməni cəmiyyətinin bir hissəsi artıq bu reallığı qəbul edib. Ona görə də hesab edirəm ki, indiki dialoq daha çox sülhə və əməkdaşlığa xidmət edəcək. Eyni zamanda rəsmi səviyyədə qərarlar verilib, yüklər ikitərəfli daşınacaq. Bütün bunlar müsbət atmosfer yaradır”.

Politoloqun fikrincə, belə görüşlərdə ermənilərə izah etmək lazımdır ki, Azərbaycanla düşmənçilik, işğal erməni cəmiyyətinə müsbət heç nə verməyib: “Bu cür görüşlərdə belə dərin mövzular müzakirə edilməlidir. Sülh sazişinin bir neçə addımlığındayıq. Sülh bağlanandan və kommunikasiyalar açılandan sonra ermənilərlə təmaslar adiləşəcək, qarşılıqlı gediş-gəliş olacaq. Bölgədə sülh atmosferinin yaradılması baxımından bu təmaslar vacibdir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90