image-2000x150
image-a5b6b769e185751ac3080145912dc71ebackend

Paşinyan Ermənistana “geopolitik quyu” qazır: Erməni dövləti üçün geri sayım başlayıb

image-728x90

ABŞ və Qərb rəsmi İrəvandan Ermənistanın həm Rusiyadan, həm də İrandan paralel şəkildə uzaqlaşmasını tələb edir… Belə anlaşılır ki, rəsmi İrəvan Rusiyadan uzaqlaşa, ABŞ və Qərbə isə yaxınlaşa bilməyib, Ermənistan Paşinyan hakimiyyətinin qazıdığı “geopolitik quyu”nun daha dərin qatlarında çabalamaq məcburiyyətində qala bilər…
Ermənistan siyasi dairələri Cənubi Qafqazda qəliz situasiyanın yaranmasından narahat olmağa başlayıblar. Halbuki indiki vəziyyətin əsas günahkarı rolunda da məhz rəsmi İrəvan çıxış edir. Və bundan sonra Ermənistanın üzləşəcəyi geopolitik kataklizmlərə görə başqalarını günahlandırmaq daha çətin olacaq.

Məsələ ondadır ki, rəsmi İrəvan son bir neçə ay ərzində dünya nəhənglərinin kəskin ziddiyyətlərini kiçik Ermənistan üzərində cəmləşdirməyə nail olub. Belə ziddiyyət bölgələri isə adətən, sonradan istənilən halda, xaos məkanlarına çevrilir. Müasir dünya tarixində bunun yetərincə örnəkləri də mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın israrla Azərbaycan üçün qazıdığı “geopolitik quyu”ya məhz Ermənistanın düşməyə başladığı müşahidə olunur. Ermənistan dünya nəhənglərinin geopolitik maraqları üzərindən təhlükəli regional oyunlara başlayarkən, Azərbaycanı gələcəkdə “Livana çevirmək hədəfi”ni reallaşdırmağa çalışırdı. Üstəlik, bu hədəfə nail ola biləcəklərinə əmin olduqlarını da qətiyyən gizlətmirdilər.

Ancaq indi hər şey əksinə baş verməyə başlayıb. Rusiya Ermənistanda həmişə mövcud olub. Ermənistan bütün sahələr, hətta mövcudluq şərtləri üzrə məhz Rusiyadan asılıdır. Ancaq bu önəmli faktora əhəmiyyət verməyən rəsmi İrəvan Ermənistanı ABŞ və Avropa Birliyinin, eləcə də, onların düşməni İranın geopolitik maraq poliqonuna çevirib. Ona görə də indi Ermənistan ərazisi Rusiya, ABŞ, Avropa Birliyi və İranın kəskin toqquşma coğrafiyası kimi diqqəti çəkir. Yəni, bu poliqonda hazırda “hamı hər kəsə qarşı” modelində qarşıdurma prosesi başlayıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycanı Livana çevirmək niyyəti gedən erməni diplomatiyası Ermənistanın özünü Suriyaya çevirməyə çox yaxınlaşıb. İndi əksər erməni politoloqlar Ermənistanın gələcək taleyi ilə bağlı optimist şərhlərdən çəkindiklərini qətiyyən gizlətmirlər. Onların fikrincə, rəsmi İrəvan Ermənistan ərazisini ABŞ və Qərbin Rusiya ilə növbəti toqquşma poliqonuna çevirib. Və belə bir toqquşma əvvəl-axır mütləq baş verəcək.

Xüsusilə də, Rusiyanın Ermənistana yönəlik son siyasi-diplomatik təhdidlərini də nəzərə aldıqda, bu kiçik və nəhənglərin təhlükəli geopolitik oyunlarında könüllü alətə çevrilmiş avantürist ölkənin mövcudluğu böyük risk altına düşmüş kimi görünür. Belə vəziyyətdə rəsmi İrəvan Ermənistanın gələcək taleyi ilə bağlı prinsipial qərarlar qəbul etmək imkanından çox-çox uzaqdır. İndi bu ölkəni gözləyən kataklizmlərin məzmun və keyfiyyəti rəsmi İrəvandan deyil, məhz ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının istiqamətindən asılı olacaq.

Üstəlik, nə qədər qəribə də olsa, rəsmi İrəvan Ermənistan ərazisində qarşıdurmaya cəlb olunan bütün nəhənglərin tələb və sifarişlərini icra etməyə məhkumdur. Halbuki bu, reallaşdırılması inandırıcı görünən məsələ təsiri bağışlamır. Çünki ABŞ və Qərbin təlimatlarının yerinə yetirilməsi Rusiyanın aqressivləşməsinə və əks təzyiq mexanizmlərini işə salmasına yol açır. Və bu, Ermənistanı Qərbə doğru sürükləməyə çalışan rəsmi İrəvanın Rusiyaya itaət edəcəyi təqdirdə də eyni əks effekti vəd edir.

Belə vəziyyətdə rəsmi İrəvanın necə davranmalı olduğu da böyük maraq doğurur. Hər halda, Paşinyan hakimiyyəti Ermənistanı elə bir “geopolitik labirintə” salıb ki, oradan çıxış yolu demək olar ki, görünmür. Ermənistanın istənilən halda, geopolitik zərbələrə məruz qalması qaçılmaz xarakter daşıyır. Hətta bundan sonra rəsmi İrəvanın neytral mövqe avantürasına üstünlük vermək şansı da yoxdur. Çünki halda, Ermənistanın artıq bir deyil, bir neçə istiqamətdən çarpaz təzyiqlərə məruz qalacağı şübhə doğurmur.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin ənənəvi erməni hiyləgərliyinə, bütün nəhənglərə eyni vaxtda sığınmaq, hamıya xidmət göstərib, faydalanmaq taktikası iflasa uğramaq üzrədir. İndi bu taktika Ermənistanı xilas etmək əvəzinə, birdəfəlik süquta uğramaq təhlükəsi ilə üzləşdirib. Hər halda, rəsmi İrəvanın nəhənglər arasında manevrlər etmək imkanları sürətlə məhdudlaşmağa başlayıb.

Məsələ ondadır ki, Kreml Rusiyanın Cənubi Qafqazdan, daha dəqiq desək, Ermənistandan çıxmaq niyyətinin olmadığını artıq açıq şəkildə bəyan edib. Rusiyanın Cənubi Qafqazda mövcudluğu əsasən məhz Ermənistan üzərindən təmin edilməkdədir. Yəni, bu, o deməkdir ki, Kreml Paşinyan hakimiyyətinə Rusiya əleyhinə davranışlarına son verməsinin vacibliyini anlatmağa çalışır. Əks halda, Ermənistan tezliklə rəsmi İrəvanın Rusiyaya qarşı xəyanətinin sərt cavabını müxtəlif istiqamətlər üzrə ala bilər.

Məsələ ondadır ki, Kremlə yaxın dairələr rəsmi İrəvanın Qərbin xeyrinə strateji seçim edəcəyi təqdirdə, bunun Ermənistan üçün geopolitik intihar anlamı daşıyacağını qətiyyən gizlətmirlər. Onlar xəbərdarlıq edirlər ki, Ermənistanın gələcək taleyi indi məhz Paşinyan hakimiyyətinin atacağı addımlardan asılı olacaq. Və bundan sonra rəsmi İrəvanın Rusiyaya münasibətdə buraxacağı hər bir Ermənistana bumerang kimi geri dönəcək.

Digər tərəfdən, ABŞ və Qərb də rəsmi İrəvana yönəlik müəyyən xəbərdarlıq mesajları verirlər. Əsas xəbərdarlıq mesajları ondan ibarətdir ki, Rusiya və İran Cənubi Qafqazda sülhə və sabitliyə əsas təhlükə faktoru rolunu oynayır. Dolayısı ilə Paşinyan hakimiyyətinə anlatmağa çalışırlar ki, Rusiyanı Cənubi Qafqazda, o cümlədən də Ermənistanda görmək istəmirlər. Və rəsmi İrəvandan Rusiya ilə hərbi-siyasi müttəfiqlik mexanizmlərindən uzaqlaşmaq tələb olunur.

ABŞ və Qərbin digər önəmli tələbi isə İranla bağlıdır. Halbuki rəsmi İrəvan İranla son vaxtlar ciddi şəkildə yaxınlaşıb. İndi erməni siyasi dairələri İranı Ermənistanın regional təhlükəsizliyində əsas hərbi-strateji müttəfiq hesab edirlər. Ancaq bu, ABŞ və Qərbi qətiyyən məmnun etmir. Əksinə, rəsmi İrəvandan İranla hərbi-siyasi münasibətlərin məhdudlaşdırılması tələb olunur. Və Paşinyan hakimiyyəti istənilən halda, Qərbdən gələn bu təlimata itaət etmək məcburiyyətindədir.

Məsələ ondadır ki, əks halda, ABŞ və Qərbin Ermənistana yanaşma prinsiplərində yeni meyillər yarana bilər. Halbuki, Rusiyadan uzaqlaşma fonunda ABŞ və Qərbdən də dəstəyin itirilməsi Ermənistan üçün geopolitik fəlakət demək olardı. İndi rəsmi İrəvanın İranla məsafə saxlaması da Ermənistana əlavə problemlər yarada bilər. Ona görə də, Paşinyan hakimiyyəti bu məsələni rəsmi Tehranla ortaq şəkildə həll etməyə çalışması da diqqətdən yayınmır. Hər halda, İranın İrəvandakı səfirinin rəsmi Tehranın Avropa Birliyi müşahidəçilərinin Ermənistana gəlişinə qarşı olmadığını vurğulaması təsadüfi deyil. Ancaq rəsmi İrəvanın ABŞ və Qərbi belə hiyləgər manevrlər ilə aldada biləcəyi o qədər də inandırıcı görünmür.

Bütün bunlar onu göstərir ki, Ermənistan Rusiyadan uzaqlaşa, ABŞ və Qərbə isə yaxınlaşa bilmir. Ona görə də, bundan sonra Ermənistanın Paşinyan hakimiyyəti tərəfindən qazılmış “geopolitik quyu”nun daha dərin qatlarında çabalama ehtimalı tamamilə real görünür. Və bu baxımdan, yaxın gələcəkdə rəsmi İrəvanın bu qəliz situasiyadan necə çıxacağı da böyük maraq doğurur.”Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90