Müsahibimiz – Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev bir müddət öncə yüksək vəzifəyə təyinat alıb. O, yanvarın 1-dən Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru kimi fəaliyyətə başlayıb. Müsahibimiz 33 yaşında bu vəzifəyə təyinat alan ən gənc klinika rəhbəridir. Nuran Abdullayev bu təyinata qədər Köln Universiteti Klinikasında şöbə müdiri vəzifəsində çalışıb. Müsahibimiz ideya müəllifi olduğu layihə ilə insult xəstələrinin müalicəsində ilkə imza atıb.
Musavat.com Nuran Abdullayevlə müsahibəni təqdim edir:
– Doktor, yeni təyinatınız münasibətilə sizi təbrik edirik. Hədəfləriniz nədir? Sizin üçün uğur formulu necədir?
– Təşəkkür edirəm. Doğrusu, mənim hədəflərim çoxşaxəli olub. Yəni hədəflər Almaniya üçün ayrı, Azərbaycan üçün isə ayrıdır. Ümumiyyətlə isə son qazandığım uğurla qarşıma qoyduğum hədəflərin böyük əksəriyyətinə artıq çatmış sayılıram. Hədəfi olan insanlara dəstək olmaq və onlara o hədəfə çatmaq üçün yol göstərmək mərhələsindəyəm. Uğur formuluna gəlincə, həyatda qarşıma çıxan çətinliklərə və problemlərə həmişə bir şans kimi baxmışam – böyümək və daha da təcrübəli ola bilmək üçün. Düşünmüşəm ki, insan hər şeyini itirə bilər, amma ümidini əsla itirməməlidir. Burada da önəmli faktorlardan biri odur ki, yaşadığınız cəmiyyət sizə hər an ümidlərlə zəngin həyat vəd etməlidir. Çünki ümidiniz varsa, bu, yaşayırsınız deməkdir. Hər zaman ümidlərə yol açanın, çalışana dəyər verənin və fərqləndirənlərin yanında olmalısınız. Böyük hədəflərə yol bu sonuncu qərardan asılıdır. Formulun nə qədər etibarlı olması barədə isə deyə bilərəm ki, sonda mən qazanan tərəfdə oldum, uduzanlar da çox oldu.
– Nə vaxtdan Almaniyada yaşayır və işləyirsiniz?
– 11 ildir Almaniyanın Köln şəhərindəyəm. Təhsilim, eləcə də işimlə əlaqədar bura gəlmişəm.
– Azərbaycanın səhiyyə sistemində hansı üstünlüklər və çatışmazlıqlar var?
– Bilirsiniz, üstünlük və çatışmazlıqlar bütün ölkələrdə, bir çox sahədə, eləcə də səhiyyə sistemində var. Ona görə də düşünürəm ki, biz bu mövzuya toxunarkən konkret problemlərdən və onların həlli yollarından danışmalıyıq. Azərbaycanda səhiyyə sistemində inkişaf potensialı olan çox məsələlər var ki, buna da dövlət kifayət qədər dəstək olur. Ümumiyyətlə, hər kəs bilməlidir ki, səhiyyə sektorunun inkişafından danışırıqsa, bu, digər sektorlardan fərqli olaraq 3 əsas amildən asılıdır: dövlətin dəstəyi, səhiyyə sisteminin özü və insanların səhiyyə xidmətini dərki. Dövlət kifayət qədər infrastruktur yaradıb və dəstək olur, problemlər səhiyyə sistemində və ya onun təşkilində, o xidmətin dərkindədir.
– Azərbaycanda koronavirusla mübarizəni təqdirəlayiq hesab edirsinizmi?
– Onu deyə bilərəm ki, burada da dövlət nümunəvi dəstək göstərdi, problemlər yuxarıda qeyd etdiyim digər məsələlərdə idi ki, o da fərqli-fərqli faiz etibarı ilə bütün ölkələrdə oldu.
– Xərçəng xəstələri peyvənd oluna bilərmi?
– Bu istiqamətdə kifayət qədər elmi tədqiqatlar gedir və əminəm ki, yaxın gələcəkdə yeni üsulla hazırlanan peyvəndlərin tətbiqi ilə xüsusi risk qrupuna daxil olan insanlarda xərçəng xəstəliyinin yaranma ehtimalı bir neçə dəfə azalacaq ki, bu da dünya tibbində yeni eranın başlanğıcı olacaq. Məsələn, Azərbaycana indi bu eranın səviyyəsinə uyğun kadrların toplanması vacibdir ki, səhiyyə sistemimizi kifayət qədər inkişaf etdirək.
– Bəs xərçəng xəstələrinin korona əleyhinə peyvənd olunması nə dərəcədə doğrudur? Dünya tibbində bu məsələyə baxış necədir?
– Pandemiyanın başlanğıcında bütün sahələrdəki kimi, onkologiya sahəsində də bəzi ciddi sualların elmi əsaslı cavabı yox idi. Amma artıq bir çox önəmli sualların cavabı bəllidir. Bu cavablara keçmədən öncə bir neçə elmi nəticəni nəzərinizə çatdırım. Xərçəng xəstələrinin bir qrupu öz istəyi ilə peyvənd aldıqdan və ya virusa yoluxduqdan sonra bir müddət onlara ediləcək müalicədən imtina edib. Nəticədə ya onların yaşayacağı günlərin sayı azalıb, ya da xəstəliklərində ciddi pisləşmə olub. Bu baxımdan peyvəndə və ya virusa yoluxmaya görə onkoloji müalicəni uzun müddət təxirə salmaq olmaz. Aparılan elmi tədqiqatların bu günə olan nəticəsi odur ki, koronavirusa qarşı peyvənd xərçəng əmələ gətirmir. İnsanlar bilməlidir ki, xərçəng xəstələri peyvənd oluna bilər, burada müalicənin təşkili və immun sisteminin vəziyyəti ilə əlaqədar beynəlxalq onkoloji elmi cəmiyyətlərin tövsiyələri, standartları var. Hətta o xəstələrdə nəzərə alınmalı önəmli amil odur ki, onların bir çoxunda öncədən xərçəngə görə aldıqları müalicə fonunda koronavirusa qarşı uzunmüddətli effektiv immunitet yaratmaq bir çox hallarda çətindir. Ona görə də onlara 3-cü və hətta 4-cü peyvənd də ciddi tövsiyə olunur. Digər bir elmi tədqiqatın nəticəsini də qeyd etmək istərdim. Belə ki, xərçəngin ağır formasında olanların və xüsusən də qan xərçəngi olan insanların koronavirusu ağır keçirmə riski yüksəkdir. Bundan qorunmanın doğru yolu effektiv peyvəndlərdir.
– Azərbaycanda Almaniya tibbinə inam böyükdür. Sizcə, bu inam nədən qaynaqlanır?
– Nəinki Azərbaycanda, bütün dünyada inam böyükdür. Səbəbləri isə çoxdur. Amma bütün səbəblərin əsasında insana, onun sağlamlığına olan ciddi diqqət durur ki, bu da bir çox ölkələrdə arzuolunandır.
– İdeya müəllifi olduğunuz layihə ilə insult xəstələrinin müalicəsində ilkə imza atmısınız. Beyin əməliyyatlarında tətbiq olunacaq alət patentləşibmi?
– Patentin Avropada sertifikat alınmasının son mərhələlərindəyik. Bununla da əməliyyatların icrasına sərf ediləcək zamanı qısaltmaq olacaq ki, bu da hər millisaniyədə məhv olan sinir hüceyrələrinə qarşı işdə böyük bir uğurdur.
– Bir müddət öncə Azərbaycan ekofəallarının Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası ilə bağlı alman ictimaiyyətinə müraciət etmisiniz. Reaksiya necə oldu?
– Təəssüflər olsun ki, bu cür hallara münasibət bir çox hallarda həqiqətlərdən doğan reaksiya olmur. Amma bizim söylədiklərimizdən və ortaya faktları qoyaraq göstərdiyimiz mövqedən sonra əminəm ki, bir çoxlarının fikrini dəyişmək mümkündür və fikirlər dəyişir.
– Almaniya mediası demək olar ki, tez-tez Qarabağla bağlı dezinformasiya yayır. Bu kimi hallarla hansı formada mübarizə aparırsınız?
– Ölkə rəhbəri cənab İlham Əliyevin dediyi kimi, dürüstlük prinsipini əsas tuturuq və izah edirik ki, biz güclü olduğumuza görə doğru deyilik. Biz doğru olduğumuza görə güclüyük.
– Tibbə ən böyük töhfəniz nədir?
– Bu gün tutduğum mövqe mənə imkan verir deyim ki, nəinki tibbə, kainata verdiyim töhfə barmaqlarımdakı bacarıq ilə insanları ölümdən qorumaqdır. İngiliscə buna “Gamechanger” də demək olar.
– Pasiyentləriniz arasında yəqin ki, azərbaycanlılar da var. Pasiyentlərinizlə bağlı hansı maraqlı məqamları danışa bilərsiniz?
– Bir çoxları var. Hazırda yadıma düşən – bir neçə günə öləcəyi üzünə deyilən xəstəyə köməyimiz nəticəsində bu gün də həyatda qalmasıdır.
– Azərbaycanda tez-tez olursunuz? Azad edilən ərazilərdə tibb sisteminin qurulması ilə bağlı təklifləriniz varmı?
– Zamanım olduqca Azərbaycana səfərlərim olur. Azad edilən ərazilərlə bağlı təkliflər çoxdur, sadəcə infrastrukturun qurulması önəmlidir. Düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə də uğurlu layihələr olacaq.