Azərbaycanda kənd təsərrüfatının əsas problemi artıq torpaq və texnika çatışmazlığı deyil, əmək qüvvəsinin azlığıdır. Fermerlər məhsul əkir, amma biçməyə adam tapmadıqlarını iddia edirlər. Ənənəvi olaraq kəndin gəncləri üçün “müvəqqəti qazanc” sayılan tarlada işləmək maraqlı deyil. Bu boşluğu isə getdikcə xarici işçilər, əsasən Pakistan və Banqladeşdən gələnlər doldurur.
Görəsən, yerli işçilər niyə tarlada işləməyə maraq göstərmir? Fermerlərin “işçi tapa bilmirik” deməsinin iqtisadi səbəbi nədir? Əmək bazarında balans niyə pozulub? Xarici ölkə vətəndaşlarının kənd təsərrüfatına cəlb edilməsi iqtisadi baxımdan müsbət addımdır, yoxsa risklidir? Bu tendensiya davam edərsə, 5-10 ildən sonra kənd təsərrüfatı əmək bazarında nə kimi hallar baş verə bilər?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Publika.az-a açıqlamasında bildirdi ki, kənd təsərrüfatında əmək qüvvəsinin çatışmaması barədə deyilən fikirlər tam doğru deyil:
“Rəsmi statistikaya görə, məşğul əhalinin 35-36 faizi kənd təsərrüfatı sektorunda çalışır. Amma onların böyük hissəsi paytaxta və iri şəhərlərə köçərək xidmət və tikinti sahələrində işləyir. İnsan niyə doğma evini tərk edib, şəraitsiz mənzildə kirayə qalaraq pul qazanmağa çalışsın ki? Əgər insanlar doğulduqları yeri tərk edirsə, deməli, orada verilən əməkhaqqı qənaətbəxş deyil”.

İqtisadçı qeyd etdi ki, kənd təsərrüfatında fiziki əmək ağır, qazanc isə az olduğuna görə insanlar daha sərfəli işlərə üz tuturlar:
“Bir çox rayonlarda tütün, fındıq və digər məhsulların yığımında insanlar günəmuzd işləyirlər. Bəzən qiymət qənaətbəxş sayılsa da, çox vaxt gün boyu ağır fiziki əməyə görə cəmi 10-15 manat təklif olunur. Nəticədə aylıq qazanc 400-600 manat civarında olur. Bu qədər ağır fiziki əməyin qarşılığında gəlir az olduğu üçün insanlar uzunmüddətli işləyə bilmirlər. Əmək bazarındakı problem kənd təsərrüfatı ilə bağlı deyil, bunun iqtisadi səbəbləri var. Əsas məsələ əməyin dəyərinin aşağı olmasıdır”.





















