image-2000x150
image-downloadbackend

Yaddaşları oyadan kitab

image-728x90

VAQİF ASLAN
ADPU ŞƏKİ filialının baş müəllimi
AYB Şəki bölməsinin sədri

Cavanşir Feyziyevin “Türk dünyası” 5 cildliyinin 5-ci kitabı – “Türk dünyasının
tarixi şəxsiyyətləri” kitabı haqqında

Cavanşir Feyziyevin “Türk dünyası”na gedən yolu türkün Azərbaycan türkünün anatomiyasını və gen kodlarını bu günədək qoruyub saxlayan Şəkinin Böyük Dəhnə kəndindən başlayır – süddən və sümükdən gəlir. Bu yol illər boyunca Cavanşir müəllimin apardığı tədqiqatlardan qaynaqlanır və “Türk dövlətləri birliyi – qlobal inteqrasiyanın Avrasiya modeli” (Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, səh.7, 14) adlı monoqrqafiyası ilə işıq üzü görür, daha sonrakı mərhələdə “Türk dünyası” (Bakı, Mütərcim, 2017) 5 cildliyi şəklində özünütəsdiq səviyyəsinə qalxmış olur. Onun tədqiqatları prototürkdən gələn yaddaş kodlarını da içinə almaqla bu günkü türkün özünədönmə prosesinə təkan verir, onu yaddaşsızlıq və manqurtluq sindromundan qoruyur.

Həm çox maraqlı, həm də çox təbiidir ki, Cavanşir Feyziyevin “Türk dövlətləri birliyi – qlobal inteqrasiyanın Avrasiya modeli” monoqrafiyasının elmi redaktoru filosof – prof. Fərman İsmayılov olmuş, tarıxçi-akad. Yaqub Mahmudov isə sözügedən kitaba “Önsöz” yazmışdır. “Türk dünyası” 5 cildliyinə isə həm Yaqub Mahmudov, həm də Fərman İsmayılov elmi redaktorluq etmişlər.

“Türk dövlətləri birliyi – qlobal inteqrasiyanın Avrasiya modeli”ni mən elmimizim mühüm uğuru hesab edirəm” deyən Yaqub Mahmudov onu həm də “Avrasiyanın gələcəyinə mükəmməl elmi baxış” kimi dəyərləndirmişdir. Məhz elə bu nöqtədən çıxış etdiyinə görə Cavanşir Feyziyevin “Türk dünyası” 5 cildliyi elmi-tarixi əhəmiyyəti baxımından öyrənilməyə və tədqiq edilməyə layiqdir – illər boyunca çəkilən titanik zəhmətlərin, aparılan ağır tədqiqatların nəticəsidir və ensiklopedik xarakter daşıyır.
Türk kültür tarixinin ayrı-ayrı zanan kəsimlərindəki təkamülündən başlayıb, türkün universal-multikultural dünyagörüşünəqədərki evolyusiyasını izləmək (I kitab), türk coğrafiyasını dolaşa-dolaşa türkün diaspor və inteqrasiya prosesindəki rolunu açıqlamaq (II kitab), qədim türk dövlətləri və imperiyalarından tutmuş müasir türk respublikaları və vilayətlərini bir çevrə içinə ala bilmək (III kitab), türkşünaslıq və türkçülüyün mahiyyət və məzmununa dürüst yanaşmaq prinsiplərini müəyyən etmək (IV kitab), türk dünyasının dövlətçilik, siyasət, elm və mədəniyyət sahəsindəki nailiyyətlərini ümumiləşdirmək, qismən də olsa, türkün görkəmli şəxsiyyətlərini layiqincə təqdim etmək kimi şərəfli bir missiyanı üzərinə götürən Cavanşir Feyziyev özünün “Türk dünyası” ilə türk dünyasına danılmaz bir xidmət göstərmişdir.
Cavanşir Feyziyevin “Türk dünyası”nın 5-ci kitabında yer alan 40 böyük türkdən 20-si dövlət, 20-si isə elm və mədəniyyət xadimidir. “Türk dünyası”nın 5-ci kitabı simvolik mənada 40-cı qapı, yəni sonuc, nəticə təsirini bağışlayır.
Oğuz Kağan, Atilla, Bilgə Kağan, Tonyukuq, Səlcuq bəy, Sultan Mahmud Qəznəvi, Alp Arslan, Osman Qazi, Çingiz xan, Şəhrisəbzin Keş kəndində doğulmuş Əmir Teymur, Uluğ bəy, Fateh Sultan Mehmed, Məhəmməd Babur, Böyük Əkbər, Şah İsmayıl Xətai, Sultan Süleyman Qanuni, Mustafa Kamal Atatürk, Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Nursultan Nazarbayev kimi tarixi şəxsiyyətlərin tərcümeyi-halının önəmli tərəfləri Cavanşir Feyziyevin “Türk dünyası”nın 5-ci kitabında konkret faktlar əsasında işıqlandırılmışdır. Əslində türk dünyası aysberq kimidir. Onun görünməyən tərəfləri nə qədər sirli və sehirlidrsə, görünən tərəfləri bir o qədər işıqlı və qürurvericidir. Burada türk tarixinin alaqaranlığı ilə alatoranlığını da xatırlamaq yerinə düşərdi. Bu məqamda fransız tarixçi Alber Sorelin (1842-1906) aşağıdakı sözlərini diqqətinizə çatdırmağı özümə borc bilirəm: “Yer üzündə iki şey hələ də kəşf edilməmiş qalır: coğrafiyada qütblər, tarixdə türklər”.
Tarixi türk şəxsiyyətləri baxımından 5-ci kitabın Asiya hun dövlətinin qurucusu Mao-tun – Mətə xan (e.ə.209-174) kimi şərh edilən Oğuz Xaqan ilə başlaması təqdirə layiqdir. Ona görə ki, türkün üzərində yeridiyi torpagın hər qarışına yazılan və türkün başı üzərindəki səmanın hər nöqtəsində əks olunan bir vəsiyyəti vardır. O, Oğuz Kağanın vəsiyyətidir:

-Torpaq bir dövlətin təməli və əsla fəda edilməyəcək varlığıdır.

Bu vəsiyyət sonralardan, daha dəqiq desək, 716-734 – illərdə xaqan olmuş Bilgə Kağanın bəngüdaşında öz ifadəsini belə tapmışdır: “ Mən xalqımın yaxşı günündə xaqan olmadım. Ancaq az milləti çox, ac milləti tox qıldım. … Ey türk, nə qədər ki, göylər basılmamışdır, nə qədər ki, yerlər dəlinməmişdir, sən var olacaqsan. … Nə qədər ki, sən özün-özünü böldün, o qədər də öldün. Ey türk, titrə və özünə dön! Sən bütöv olanda böyük olursan”!
Belə olduqda Atillalı, Tonyukuqlu Gültəqinli türk dünyasını necə salamlayasan ki, onlar salama, salam da onlara layiq ola.

Ömür – qısa, mənzil – uzaq, yol – uzun,..
Gah isidir, gah soyudur canım hey!
Yeridikcə yollarında Oğuzun
Çıraq kimi şölə salım, yanım hey!
*
Tonyukuqa sözüm çoxdur deyəsi…
Gül Təkinim – öyüləsi, öyəsi.
Bilgə Xaqan – türklüyümün yiyəsi!
Ad-sanım hey, şöhrətim hey, şanım hey!
*
Siz ey ruhu səmalara uçanlar,
Yer üzünü anam deyib qucanlar,
Ey Doğudan Batıya yol açanlar,
Elxanım hey, xaqanım hey, xanım hey?!
*
Dunya boyu Tanrı sizə yar olsun!
Taleyiniz,qismətiniz var olsun!
Məndən sizə şanlı salamlar olsun!
Sabahım hey, səhərim hey, danım hey!

Dövlət quruculuğunda iştirak edən xanlar, xaqanlar, sultanlar birmidir, beşmidir, onmudur?.. Onlar sadalamaqla qurtarmazlar. Cavanşir Feyziyevin “Türk dünyası” 5 cildliyində – əslində “Xəmsə”sində adları çəkilən türk cahangirləri haqqında verilən məlumatlar dəqiqliyi, elmiliyi və əhatəliliyi ilə diqqəti cəlb edir. Rəsmlər və tarixi miniatürlər, portretlər, tablolar və fotolarla zənginləşdirilmiş bütün cildlər, o cümlədən, 5-ci kitab gələcək tədqiqatçılar üçün çox qiymətli məxəzdir. Sözügedən 5 cildlik yeri gəldikcə orta və ali təhsil üçün dərlik kimi istifadə edilməyə layiqdir. Axı orada çağdaş türkün yaddaşını oyada biləcək çox şey vardır. 5-ci kitabda daha bir foto-şəkil vardır ki, orada Göytürk Bilgə Xaqanın vəziri Tonyukuqun bəngüdaşının qarşısında onu ziyarət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görünür. İrs və varislik baxımından bu foto tarixidir, gələcəyə baxışdır, Turana çağırışdır. Ötügəndə üzü sabahlara – gələcəyə baxan bəngüdaşlardan biri də Gültəqinin bəngdaşıdır. Orada bilikli olduğuna görə idarəçiliyi böyük qardaşı Bilgə Xaqana güzəştə gedən, düşməni zirehli paltarı ilə bir zərbədə iki yerə bölən Gültəqinin ölkəsinin müdafiəsini öz üzərinə götürməsindən bəhs olunur. Yenə də Göytürk – səmavi türk Bilqə Xaqanın türkə çağırışı qulaqlarımda səslənir:

Tutmasın gözünü Çinin qumaşı.
Özgənin ovçası, yadın şabaşı.
Baş etmə özünə əyilən başı.
Titrə, özünə dön, millətim mənim!
*
Yağının verdiyi paltarı çıxart.
Vətənin qanqalı üzərində yat.
Yatan qeyrətini silkələ, oyat,
Titrə, özünə dön, millətim mənim
*
Yalandan tərifə tuturlar səni,
Yurd-yurd, oba-oba udurlar səni.
Doğudan,batıdan güdürlər səni,
Titrə, özünə dön, millətim mənim!
*
Sünnüsən, şiəsən, budda, sufisən..
İsəvi,Musəvi, ya konfusisən…
Sən – türksən! Sən – türksən! Sən-türksən, türksən!
Titrə, özünə dön, millətim mənim!

Günəşi bayraqtək sancmışıq göyə.
Türkoğlu, bir dikəl, ona dur yiyə.
Ruhu əcdadının şad olsun deyə,
Titrə, özünə dön, millətim mənim!
*
Sənin tarixin var,bəndgüdaşın var.
Daşdan da dözümlü qan yaddaşın var.
Hələ qabağında ər savaşın var.
Titrə, özünə dön, millətim mənim!
*
El-el, bölgə-bölgə paralanma gəl!
Qopub buğum-buğum, aralanma gəl!
Ad-ad, nəsil-nəsil qaralanma gəl!
Titrə,özünə dön,millətim mənim!!!
Titrə,özünə dön,millətim mənim!!!

Cavanşir Feyziyevin “Türk dünyası” 5 cildliyini oxuduqca ulu türklər gəlib gözlərimin qarşısında durur. “Tanrı qırmancı” sayılan Atillanın millətləri və dövlətləri birləşdirmək qüdrətinə heyran qalıram, səlcuq sultanlarının özgə dillərə heyranlığına acıyıram. Alp Arslanın oğlu Məlik şah Cəlaləddin Səlcuqinin sultanlığı zamanında (1072-1092) “Cəlali” təqviminin yaradılması və Novruz bayramının keçirilməsinin qanuniləşdirilməsi ilə fəxr edirəm. “Cəlali” təqviminə görə ilin uzunluğu 365 gün 5 saat 49 dəqiqə 15 saniyə 48 rəbiə olmuşdur və bu – dəqiqdir. Qaramanlı Mehmet bəyin 1277-ci ildə “çarşıda, bazarda, divanda və dərgahda türkcə danışmağı əmr edən” fərmanı ilə öyünürəm. Osman Qazinin bəylikləri birləşdirib bir dövlət halına gətirməsi ilə qürurlanıram. Çingiz Xan fütuhatı ilə heyrətamiz duyğular keçirsəm də, Cuci Xan, Batı Xan, Hülakü xan ulusları arasındakı qanlı qarşıdurmalardan sıxılıram. Əmir Teymur və İldırım Bəyazid toqquşmasından ürpənirəm. Qulaqlarımda Konstantinopolda və Romada keçirilən şənliklərdəki qəhqəhələr və orada ara vermədən üç gün –üç gecə çalınan kilsə zəngləri səslənir. Qaraqoyunlular və Ağqoyunluların nağıllarımıza keçən düşmənçiliklərinin bitməməsi, 1467-ci ildə Ağqoyunlular tərəfindən Cahanşah Həqiqinin kəsilmiş başının Herata – Teymuri Əbu Səidə, 1469-cu ildə isə Cahanşahın oğlu Həsənəlinin Kəsilmiş başının İstanbula – Fateh Sultan Mehmetə göndərilməsi utancdan başqa heç nəyə dəlalət etmir. Şah İsmayıl Xətai və Sultan Səlim imzası ilə möhürlənən Çaldıran müharibəsindən vahimələnirəm. Sonrakı zamanlarda baş verən buna bənzər hadisələrdən bəhs edəndə canımı xəcalət təri basır.
Cavanşir Feyziyevin “Türk dünyası” 5 cildliyi ensiklopedik xarakter daşıdığından orada türk tarixinin yetirdiyi şairlər, alimlər, memarlar pleadası öz möhtəşəmliyi ilə görünməkdədir. Orada sözügedən Əbu Nəsr əl-Fərabi, Əbu Əli ibn Sina, Əhməd Yəsəvi, Mahmud Kaşğari, Nəsirəddin Tusi, Şəhabəddin Yəhya Sührəvərdi, Nizami Gəncəvi, Mövlanə Cəlaləddin Rumi, Yunus İmrə, Molla Nəsrəddin, Əlişir Nəvai, Memar Sinan, Kəmaləddin Behzad, Məxtimqulu, Mirzə Fətəli Axundzadə, Həsən Özbəkxan, Lutfizadə, Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, Roald Saqdeyev bu sıradandırlar.
İnsanlar ata möhrü ilə ana əllərindən həyata vəsiqə aldıqları üçün doğma sayılsalar da, əsl doğmalıq ruhən doğma olmaqdır. Bu doğmalıq özünü şairlər və alimlər, elm və sənət adamları arasında daha da qabarıq göstərir. Bu – Adəmdən Xatəmə istiqamətlənən doğmalıqdır. Həmişə Füzulilər Nizamilərlə, Nəsimilər Yunus İmrələrlə, Çamilər Nəvailərlə, Bəxtiyar Vahabzadələr Məhəmməd Əmin Yurdaqullarla və Məhməd Akif Ərsoylarla doğma olaraq qalacaqlar. Cavanşir müəllimlə bizləri doğmalaşdıran elə bu ruh doğmalığıdır.
Nizami Gəncəvinin “Eşqdir mehrabı uca göylərin” sözləri indi tez-tez işlənən “qlobal inteqrasıya” ifadəsinin elmi-ədəbi-bədii yaddaş kodları kimi səslənir.
Türk ulularından bəhs edən səhifələri vərəqlədikcə Cavanşir müəllimin “ensiklopediyası”ndakı dühaların işığında adı oraya düşməyən digər ulularımızın parlaq simaları da görünməkdədir. Çox qəribə və çox qürurvericidir ki, ulu türkün şair və alimləri həmişə dövlətin və dövlətçiliyin yanında olmuşlar. Bu məqamda gözlərimin önündə Yusif Balasaqunlu Ulu Xas Hacib (1077-1077) canlanır. Yusif Balasaqunlunun “Türklərin Şahnaməsi” sayılan “Qudatqu-bilik” əsərində dövlətin və dövlətçiliyin qorunması üçün şərt olaraq ortaya qoyulan 4 əlamət – Ədalət, Firəvanlıq (müəllif onu Səadət adıyla təqdim edir) Zəka və Göztoxluğu həyatın əmələ gəlməsi üçün zəruri olan 4 ünsür – Su, Od, Hava və Torpaq səviyyəsində şərh edilir və elə bu şəkildə də qəbul edilr. O 4 əlamət olmadan dövləti və dövlətçiliyi qoruyub saxlamaq mümkün deyildir. 1069/1070-ci illərdə qələmə alınmış bu əsərdə deyilir: “Ey hökmdar, … din və dünya işi bir-birinə qarşıdır, onlar uzlaşmazlar. … Bəziləri şərəf üçün işləyir, onları şərəfləndir. … pisi və zalımı yüksəltmə, səni hörmətdən salarlar. … Alimləri əziz tut, qara camaatı qanunla idarə et. Yoxsulları qoru. Varlıların yükünü ortabablara, ortababların da yükünü kasıblara yükləmə. Kasıbı qorusan, ortabab olar. Ortabab varlansa, ölkə (Bax.Yusif Balasaqunlu. Qudatqu-bilik-xöşbəxtliyə aparan elm. Bakı, Azərnəşr, 1994) varlanar”.
Cavanşir Feyziyevin “Türk dünyası” 5 cildliyində Yunus imrənin – o Yunus İmrənin ki, onu ədəbiyyat uzmanları “Oğuz ləhcəsiylə Anadolu türk ədəbiyyatının qurucusu” adlandırmış, “Oğuz ləhcəsini ən yüksək ədəbiyyat dili halında yazmaq və sonra gələn bütün şairlərə mükəmməl örnəklər buraxmaq kimi bir möcüzəni başaran” şəxsiyyət kimi dəyərləndirmiş və “o – insanlığa xitab edən şairdir” (Bx. A. Kabaklı. II c. İstanbul, 1997. Səh. 308, 322) səviyyəsində qəbul etmişlər. Dünyadakı bütün insanlar gələrkən salam verdikləri halda, Yunus İmrə son gedişində belə qalanlara və gələnlərə salam vermiş və dünya ədəbiyyatında bu şəkildə verilən ilk Yunus İmrə salamı tam orijinallığı ilə qəbul edilmişdir.

Biz dünyadan gedər olduq,
Gələnlərə salam olsun!
Bizdən ötrü xeyir-dua
Qılanlara salam olsun!
*
Əcəl bükə belimizi,
Söylətməyə dilimizi.
Xəstə ikən halımızı
Soranlara salam olsun!
*
Tənim ortaya açıla,
Yaxasız köynək biçilə.
Bizi bir asan vəch ilə
Yuyanlara salam olsun!
*
Əzrayıl alar canımız,
Donar damarda qanımız.
Yuyub, sonra kəfənimiz
Saranlara salam olsun!
*
Sela verib qəsdimizə,
Gedər olduq dostumuza.
Namaz üçün üstümüzə
Duranlara Salam olsun!
*
Dərviş Yunus söylər sözü,
Yaşla dolmuş iki gözü.
Bilməyən nə bilsin bizi?
Bilənlərə salalam olsun!

Bütün türk ləhcələri kimi Oğuz ləhcəsi də çox şirindir. Bu şirinliyi yaşayan türkə “nə mutluyam ki, türkəm” sözləri necə də yaraşır.

Olmadı məndə nəsibin, istədim gözdən səni.
Dedin: – Keçsin qış, bularam mən tazə Novruzdan səni.
Sayladım, seçdim, sonam, bir belənçik qızdan səni.
Neyçün belin qucmadım, mən bulsam da yazdan səni?

Misraları ilə başlanan şeir Məxtimquluya (1733-1798) məxsusdur. Təəssüf poetikası ilə dolu olan bu şeirin aşağıdakı bəndinə diqqət edək:

Bağına girsəm səhər, bülbül olub, salsam oyun.
Qəflətdə qalsa rəqib, bir dəm sarılsaq qol-boyun.
İncəbel, şirinzəban, kəptər topuq, sən qazboyun…
Saxlasın Tanrım pənahında yaman gözdən səni.

Bəli, türkün təəssüfü də şirindir, şirinlikdən aldığı zövqü də şirindir. Ləhcəsi də ki, lap adamın qanına işləyir. “İstədim gözdən səni”, “salsam oyun”, “kəptər topuq”, “qazboyun” kimi epitetlər və metaforalar müasir Azərbaycan türk ədəbi-bədii dilində işlək vəziyyətdə olmasa da, adamın canına ana südü kimi yayılır. Lap elə digər türkmən şairi Molla Nəfəsin (1810-1862) şeirlərindən birindəki şirinlikdən aldığımız zövqün şirinliyi kimi:

Dedim: – Nə tütündür bu?
– Zülfü-kakilim.- Dedi.
Dedim: – Nə əlifdir bu?
– Ol incə belim.- Dedi.
Dedim: – Nə şəkərdir bu?
– Şərbətli dilim. – Dedi.
– Bir busə tələb qıldım.
– Lazımdır ölüm! – Dedi.
Dedim: – Məni ya öldür,
ya busə mürüvət qıl.
Ağzıma barmaq qoydu:
– Sus! – dedi:- Qəbahətdir!
*
Ümmüdi-vüsal ilə
qapını kiçik açdım.
Gözlədi əl altından,
Göz eylədi, mən düşdüm.
Düşmənlərdən gizlincə
hər ləhzə xəbərləşdim.
– Pünhan yerə var!- dedi.
Vardım ki, qucaqlaşdım.
Dedim ki, eşqində, ah!
Yandırma məni, ey vah!
Dedi ki, yanıb ölmək
aşiqlərə adətdir.

Cavanşir Feyziyevin “Türk dünyası” 5 cildliyini son dərəcə yığcam, bəlkə də, xəsisliklə yazılan əsər, eyni zamanda dərslik, gələcək tədqiqatçılar üçün etibarlı mənbə də adlandırmaq olar. Axı, oarada adına duz salınan parlaq simaların silueti fonunda onlarla işıqlı təbəssümlər görünür. İsmayıl Qaspiralı, M.Ə. Sabir, M.Ə. Yurdaqul, M.A. Ərsoy, T. Fikrət, Şəhriyar, H.Cavid, C. Cabbarlı, Almas İldırım, M. Araz, X.R. Ulutürk, Musa Aybək, Abay Kunanbayev, Oljas Süleymenov, Mustay Kərim, Abdulla Tukay, daha nə bilim kimlər, kimlər…
Cavanşir Feyziyev “Xəmsəs”ində yer alan tarixi şəxsiyyətlər sırasında şəxsən mənim üçün yenilik sayılacaq onlarla məlumatlar da vardır. Bunlardan birincisi Həsən Özbəkxan (1921-2007) haqqında olan məlumatdır. Əbu Nəsr əl-Fərabi kimi filosof (Qazaxıstan, Otrar), İbn Sina kimi təbib (Buxara, Afşana),Yunus İmrə kimi şair-övliya (Qax, Oncallı kəndi, qəbri orada Oğuz qəbristanlığındadır), Memar Sinan kimi memar (Kayseri, Aqırnas kəndi), Kəmaləddin Behzad kimi rəssam (Əfqanıstan, Herat), müasir dünya riyaziyyatında inteqral və çıxıqlar üsulu ilə tanınan Məcid Rəsulov (1916-1993) kimi kimi riyaziyyatçı (Azərbaycan, Şəki), Yaşar Qarayev (1936-2002) kimi div ədəbiyyatşünas (Azərbaycan, Şəki), Yaqub Mahmudov (1939) kimi azman tarixçi (Azərbaycan, Şəki, Baş Göynük k.) və saysız-hesabsız alim yetirən türk dünyası Həsən Özbəkxan (1921-20007) kimi (Türkiyə, diplomat ailəsi) nadir bir şəxsiyyəti də yetirməli idi. Roma klubunun təsisçilərindən biri, Pensilvaniya Universitetinin professoru, sahə-sistem nəzəriyyəsini elm tarixində ilk dəfə qlobal problemlərin öyrənilməsinə tətbiq edən Həsən Özbəkxan haqqında Cavanşir Feyziyevin əsl türk qəlbi və düşüncəsi ilə verdiyi məlumatlar, incələmələr və ümumiləşdirmələr necə də qürurvericidir! Tatar mənşəli Roald Saqdeyev (1932) kimi (Moskva) bir fizik haqqında Cavanşir müəllim elə bir sevgi ilə danışır ki, oxucu özünü unudur, sanki o məşhur akademik ilə bir doğulur və elmin sirli və sehrli yollarında onunla birgə irəliləyir.
Cavanşir Feyziyevin 5 cildliyinin məziyyətlərindən, əlbəttə ki, kiçicik bir yazıda bəhs etmək qeyri-mümkündür. Cavanşir Feyziyev 5 cildliyini Əli Gülər, Suat Ağgül və Atilla Şimşəyin birlikdə yazdığı “Türklük bilgisi” (Ankara-2001), İbrahim Qəfəsoğlunun “Türk milli kültürü” (Bakı-2017), Osman Turanın “Türk cahan hakimiyyəti məfkurəsi tarixi” (Bakı-2017), Bahaəddin Ögəlin “Böyük hun imperiyası” iki cildliyi (Bakı-1992), yenə onun 10 cildlik “Türk kültür tarixinə giriş” (Ankara-1978-1987), Rəcəb Albayrağın iki cildlik “Türklərin İranı-yaxın gələcək” (Bakı-2016), Yaşar Qarayevin tərtibində hazırlanan “Türkiye dışındakı türk edebiyatları antolojisi” V cild (Ankara-1997), və digər ünlü müəlliflərin əsərləri səviyyəsində qəbul etmək lazımdır və zəruridir.
Öz-özümə deyirəm: “İlahi türk olmaq möcüzə imiş”! Nə yaxşı ki, mən türkəm!
Və Sözlərimi “Mən Türkəm” şeirimlə tamamlamaq istəyirəm. Məhəmməd Füzuli demişkən: “Elmsiz şeir bünövrəsiz divar olur. Bünövrəsiz divar da qayət bietibar olur”. Qoy mənim də şeirimdə “elm əhlini düşündürən dərin məsələlər və zövq əhlinə zövq verən incə mətləblər” olsun.

Mən Türkəm

Oğuz mənəm, qıpçaq mənəm,
qarlıq mən.
Bu uruklu, bu turuklu
varlıq mən.
Kumuk, xakas, barabin mən,
tarlıq mən.
***
Mən -Məshəti, Qaraqalpaq,
Oryat , Meşaram.
Mən -Qaqauz, mən- Karaim,
Çuyam,.. yaşaram.

Mən -Qu kişi, mən – Kumandin,
Suyam,.. daşaram.
***

Siu da – mən, Dakota da,
Mayya da hələ.
Ey Ər atta, ey Gün ana,
işıq, nur ələ.
Mən Teleut, Qaşqay, Xalac,
Əfşaram elə!
***
Mən bir dünya ağacıyam,
ocağam, pirəm.
Tanrıkutam, o bir olan
Tanrımla birəm.
Köklərimdə həyat suyu,
kölgəmdə İrəm.
***

Pestin kiji, Noqay, Saqay,
Aba – mən.
Kaçin, Saka, Apaçi mən,
Tuba – mən.
Türk oğul-mən, türk ata – mən,
baba – mən.
***
Mən tərpənsəm, Yer tərpənər
Göy tərpənər yerindən.
İnsan bacı, insan qardaş,
dur, nəfəs dər dərindən.
***
Türkəm mən!
Börksüzlərə –
börkəm mən!
Kürksüzlərə –
kürkəm mən.
Türkəm mən!
Türkəm mən!

Şəki Bələdiyyəsi qəzeti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90