ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynadakı müharibəni dayandırmaq niyyətindədir. O, bunun əvvəlcə düşündüyündən daha çətin proses olduğunu etiraf edib.
“Yeddi müharibəni həll etdim, lakin ən asan görünən münaqişə bir az daha çətin oldu. Biz bu müharibəni də dayandıracağıq, sadəcə, düşündüyümdən çətin imiş”, – Tramp bildirib.
Prezident əlavə edib ki, Avropa da müharibənin sona çatmasında maraqlıdır və ABŞ Kiyev üçün təhlükəsizlik zəmanətinin təmin edilməsində əsas rol oynayacaq.
Tramp eyni zamanda xəbərdarlıq edib: “Əgər Ukraynada müharibə dayanmasa, dəhşətli hadisələr baş verəcək”.
Qeyd edək ki, bundan əvvəl Tramp Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb. O, ABŞ hərbçilərinin Ukraynada yerləşdirilməyəcəyini vurğulasa da, “The Telegraph”ın məlumatına görə, avropalı tərəfdaşlarla Amerikanın özəl hərbi podratçılarının bölgəyə göndərilməsi məsələsini müzakirə edir.