Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birinci sədr müavini, həm də Kremlin əsas ideoloji ruporlarından biri olan Konstantin Zatulinin son açıqlamaları Moskvanın Azərbaycana qarşı düşmən mövqeyini bir daha ortaya qoyur.
Zatulin “Lenta.ru” saytına verdiyi müsahibəsində Azərbaycanla münasibətlərə “pis sülh müharibədən yaxşıdır” prinsipi çərçivəsində baxdığını desə də, eyni zamanda açıq şəkildə bildirir ki, “bu, əməkdaşlığın dərinləşdirilməsi anlamına gəlmir”. Bu sözlər Kremlin Cənubi Qafqaz siyasətində ikili standartlardan və Azərbaycana qarşı dərin qıcıqdan xəbər verir.
Zatulinin etiraf etdiyi əsas məqam isə Rusiyanı qıcıqlandıran amilin Azərbaycanın müstəqil xarici siyasət kursu olmasıdır. O, bildirir ki, Bakı 2020-ci il Vətən müharibəsindən sonra – xüsusilə 2023-cü ildən etibarən – daha açıq şəkildə öz yolunu seçib, regionda suveren və milli maraqlara əsaslanan siyasət yürüdür. Rusiya rəsmisinin fikrincə, Azərbaycan Ermənistanın zəif milli hökumətindən istifadə edərək, Türkiyənin dəstəyi ilə öz planlarını reallaşdırıb və bu mərhələdə Rusiyaya ehtiyac olmayıb.
Zatulinin iddialarına görə, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik təkcə ikitərəfli deyil, həm də “Böyük Turan” ideyasının gerçəkləşməsi və bu birlik vasitəsilə Mərkəzi Asiya ilə yanaşı, Rusiyanın bəzi türk bölgələrinə də təsir göstərilməsi məqsədi daşıyır. Bu cür ittihamlar bir daha sübut edir ki, Moskva Azərbaycanın müstəqil siyasət yürütməsini və beynəlxalq müstəvidə nüfuz qazanmasını qəbul edə bilmir.
Mövzu ilə bağlı Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib ki, bu cür açıqlamalar Kreml rejiminin Azərbaycana qarşı həyata keçirdiyi çirkin siyasətin açıq etirafıdır:
“Zatulinin fikirləri göstərir ki, Rusiya hələ də imperalist siyasətindən əl çəkməyib. Onlar keçmiş SSRİ-nin bərpası xülyası ilə yaşayırlar. Halbuki bu, mümkün olmayan bir fikirdir. Çünki keçmiş sovet respublikaları artıq öz yolunu seçib və suveren siyasət aparırlar.”
Politoloqun sözlərinə görə, Rusiya öz təsir dairəsini itirdikcə, region ölkələrinin müstəqil qərarlar verməsini qəbul etməkdə çətinlik çəkir və bu da Kremlin aqressiv ritorikasında öz əksini tapır. Azərbaycanın qətiyyətli siyasi iradəsi, Türkiyə ilə hərtərəfli əməkdaşlığı və Qərb dövlətləri ilə açıq dialoqu isə Rusiyanın bu təzyiq cəhdlərini nəticəsiz qoyur.