image-rt-reklam
image-kesabackend

Vətəndaşların rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir- DEPUTAT

image-728x90
“Post-müharibə dövründə bərpa-quruculuq işlərinə böyük miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, müzakirə etdiyimiz dövlət büdcə layihə bir daha dövlətimizin və ölkə iqtisadiyyatının dayanıqlı olduğunu göstərir. Cari ilin əvvəlindən etibarən Rusiya ilə Ukrayna arasında başlanan hərbi münaqişə və Çində iqtisadi artım templərinin zəifləməsi səbəbilə qlobal iqtisadiyyatın üzləşdiyi çətinliklərə, Böyük Qayıdışın təmin edilməsi üçün sərf olunan resurslara baxmayaraq, 2023-cü il üzrə nəzərdə tutulan büdcə layihəsi öz artım dinamikasını qorumağı bacarıb”.

Ulusal.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva parlamentdə büdcə müzakirələri zamanı belə deyib. Millət vəkili bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi həm də zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması, məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə kompleks yanaşmanı tələb edir və bu, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair Birinci Dövlət Programının əsas prioritet istiqamətlərindən biridir. Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir.

“Vətəndaşların rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir” deyən millət vəkili təhsil sahəsinin də əsas diqqət tələb edən sahələrdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, növbəti il üzrə təhsil xərcləri 4 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 13.8 faiz çoxdur:

“Qeyd etmək istərdim ki, bu gün gənc tələbələrin üzləşdiyi ən böyük problemlərdən biri də onların mənzil şəraitinin, yataqxana probleminin həlli ilə bağlıdır. Bu gün ölkədə yataqxana təsərrüfatının demək olar ki, heç bir mövcud standartı yoxdur. Düşünürəm ki, bu məsələni həll etmək, minlərlə tələbə gəncimizin yaşayış şəraitini yaxşılaşdırmaq üçün dövlət büdcəsindən bu istiqamətdə hər hansı bir formada vəsaitin ayrılması nəzərdə tutulmalıdır”.

Deputat həmçinin idman və gənclər sahəsinə 2023-cü il üçün verilən proqnozun cari illə müqayisədə 2 milyon 409 min 712 manat artaraq 46.3 milyon manat təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu da dövlətin idman və gənclər sahəsinə xüsusi önəm verməsinin göstəricisidir. Deputat həmçinin gənclərin məşğulluğuna da diqqət çəkib: “Gənclərin məşğulluğunun təminatına yönələn uzunmüddətli proqramların hazırlanması və xüsusilə də regionlarda belə proqramların tətbiqi üçün büdcədən müəyyən maliyyə vəsaitlərinin ayrılması əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Əsas önəmli məsələlərdən biri də prioritet sahələrə ayrılan büdcə vəsaitlərinin düzgün, səmərəli və qənaətlə istifadə olunmasının yoxlanılması, büdcə vəsaitlərinin istifadə edilməsi üzrə maliyyə nəzarəti mexanizminin yaradılması və tətbiqidir. Yalnız bu zaman qarşıda duran bütün vəzifələrin öhdəsindən gəlmək mümkün olar“.

Deputat seçildiyi Nizami rayonunda uzun illərdən bəri qalmış, həllivacib sosial-iqtisadi məsələləri də yenidən gündəmə gətirib:

“Nəzərinizə çatdırım ki, Keşlə qəsəbəsində yaşayan sakinləri narahat edən, uzun illər müxtəlif səbəblərdən həll edilməmiş əsas problemlərdən biri də, qəsəbədən keçən Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Mirzə Ələkbər Sabir küçəsinin yenidən qurulması və genişləndirilməsidir.

Aidiyyəti dövlət qurumlarına etdiyim müraciətlər əsasında qeyd olunan məsələnin həlli üçün böyük məbləğdə maliyyə vəsaitinin tələb olunacağını nəzərə alaraq, İqtisadiyyat Nazirliyi dövlət vəsaitindən səmərəli və qənaətlə istifadənin vacibliyi baxımından mövcud problemin həlli məsələsini Bakı Nəqliyyat Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsas götürülməklə məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunanları nəzərə alaraq, 2023-cü ilin dövlət investisiya xərcləri çərçivəsində bu önəmli məsələnin həllinə, həmçinin, Nizami rayonu Keşlə qəsəbəsində 250-dən çox ailənin yaşadığı Pəhlivan Fərzəliyev və Mətləb Ağayev küçələrinə kanalizasiya xəttinin çəkilməsi üçün aidiyyatı qurumlara müvafiq maliyyə vəsaitinin ayrılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”

K.Nurullayeva eyni zamanda Nizami rayonunda yerləşən binalarda istilik sistemilə bağlı mövcud problemləri də xatırladıb: “Binaların istilik sistemi ilə təmin olunması ilə bağlı “Azəristiliktəchizat” ASC-yə son illlər ərzində müxtəlif vaxtlarda dəfələrlə müraciətlər edilmiş, hər dəfə maliyyə təminatının olmaması səbəbindən təmir-bərpa işlərinin növbəti investisiya proqramında nəzərə alınacağı bildirilmişdir. Lakin növbəti investisiya proqramının zamanı haqda heç bir məlumat verilməmişdir.” K.Nurullayeva sözügedən məsələnin növbəti investisiya proqramına salınmasını xahiş edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90