image-rt-reklam
image-resizebackend

Rusiya sülhməramlılarından Azərbaycana qarşı TƏXRİBAT

image-728x90

Qarabağın dağlıq hissəsinə müvəqqəti nəzarət edən Rusiya sülhməramlı qüvvələri Azərbaycana qarşı açıq-aşkar təxribatçı mövqe sərgiləyir. Belə ki, sülhməramlılar onlara Qarabağın yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahı və xəritə verilməsinə baxmayaraq, rəsmi press-relizlərdə Azərbaycana məxsus əraziləri qondarma erməni adları kimi təqdim edir.

Azərbaycanın Müdafiə Nazirliyi ardıcıl iki dəfə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib. Bildirilib ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. Diqqətə çatdırılıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və “Martuni” yaşayış məntəqələri istiqaməti kimi göstərilib.

“Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və “Martuni” adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə və Xocavənddir.

Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq”, – Müdafiə Nazirliyi sülhməramlılara etirazını çatdırıb.

Şübhəsiz ki, Rusiya tərəfi Azərbaycanı qıcıqlandırmaq və Qarabağda vəziyyəti gərginləşdirmək məqsədi ilə qəsdən belə addımlar atır.

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, sülhməramlıların Azərbaycan ərazilərini erməni adları ilə təqdim etməsi ölkəmizə qarşı provakasiyadır:

“Qarabağın dağlıq hissəsinin Azərbaycanın ərazi bütövlüyünə daxil olduğu BMT tərəfindən təsdiqlənib. Beynəlxalq səviyyəli parlament assambleyaları da həmin ərazilərin Azərbaycana məxsus olmasını rəsmən qəbul ediblər. Elə Rusiyanın özü də Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir. O zaman Azərbaycan Ordusunun öz ərazilərini atəşə tutduğunu iddia etmək gülünc səslənir və bu birbaşa təxribatdır”.

Politoloqun fikrincə, Rusiyadan olan bəzi qüvvələr Qarabağda aranı qarışdırmaq istəyir.

“Həmin qüvvələr əsasən Müdafiə Nazirliyi sistemində üstünlük təşkil edir. Bundan əvvəl də Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycanın əraz bütövlüyünü təhlükə altına alan məlumatlar paylaşılıb. Bu da Rusiyanın vasitəçilik səylərini, sülhyaratma prosesində iştirakını ciddi şəkildə şübhə altına alır. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyinə ciddi etirazını bildirəcək”.

Bundan əlavə, Q.Hüseynli düşünür ki, Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxarıla bilər. O, belə bir variantın istisna olmadığını bildirib:

“Məncə, siyasi dairələr bu barədə düşünür. Eyni zamanda xalq bunu təkidlə tələb edir. Rusiya sülhməramlıları Azərbaycana gələndən erməniməramlı kimi tanınıb. Bölgədə sabitlik yaratmaq əvəzinə, gərginlik yarada biləcək hadisə və proseslərə şərait yaradıb. Azərbaycan, əlbəttə, sülhməramlıların bu addımlarını pisləyir. Əgər münasib şərait yetişsə, Azərbaycan vaxtın bitib-bitməməsinə fikir vermədən sülhməramlıları Qarabağın dağlıq hissəsindən çıxaracaq. Münasib vaxt dedikdə, mən Rusiya-Ukrayna müharibəsinin Rusiyanın məğlubiyyətilə bitməsini nəzərdə tuturam”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90