image-rt-reklam
image-66ecfb8f-aee4-4406-a42b-5747191fa6b2backend

RUSİYA BÜDCƏSİNDƏ TRİLYONLUQ KƏSİR YARANDI – Sanksiyalar işğalçıları “vurmağa” başladı

image-728x90

Ukraynaya hərbi təcavüzü ilə bağlı ABŞ və Avropa Birliyi Rusiyaya qarşı çoxsaylı siyasi və iqtisadi sanksiyalar tətbiq edib. Rusiya neftinin satışına və bazar qiymətinə qoyulan müxtəlif səpgili embarqo və limitlər artıq öz ağır nəticələrini göstərməyə başlayıb. Belə ki, yanvar ayı üçün Rusiya federal büdcəsində böyük kəsir meydana gəlib.

Ukraynanın “Unian.net” internet portalı “Neft sanksiyaları Rusiya büdcəsinin gəlirlərini necə yeyir” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqalənin tərcüməsini təqdim edirik: ”Yanvar ayı üçün Rusiya Federasiyası federal büdcəsi 1,76 triyon rubl kəsirlə yerinə yetirilib. Bu, 2023-cü ildə nəzərdə tutulan büdcə kəsirindən təxminən 60 faiz çoxdur. Belə bir vəziyyət Rusiya Maliyyə Nazirliyi üçün gözlənilməz olub, çünki meydana gəlmiş kəsiri aradan qaldırmaqdan ötrü 3,6 ton qızıl və Rusiya “Milli Rifah Fondu”ndan bir neçə milyard yuan satmaq məcburiyyətində qalıb.

Maraqlıdır ki, statistik məlumata əsasən, neft və qaz gəlirləri 46 faiz azalsa da, federal büdcənin xərcləri 59 faiz artıb. Rusiya büdcəsi neftin bir barrelinin 70 dollar satılmasına hesablanmışdı, lakin sanksiyalar, ABŞ və Avropa Birliyinə neft tədarükünə qoyulan embarqo və eləcə də, Rusiya neftinin satışına qoyulan maksimal qiymət həddi üzündən “Urals” markalı neftin qiyməti 45-55 dollar səviyyəsində oynayıb. Bəzi hallarda Rusiya portlarında neftin qiyməti 35 dollara da satılıb.

Əgər hadisələrin inkişaf dinamikası irəlidə də belə gedərsə, onda yanvar ayındakı vəziyyət dəfələrlə təkrarlanacaq. Fevral ayı üçün büdcə kəsirinin 300 milyard rubl səviyyəsində olacağı gözlənilir. İlk baxışda bu çox da böyük mələğ kimi görünmür, amma yanvar ayı ilə birlikdə götürdükdə, bu, planlaşdırılan kəsirdən 70 faiz çoxdur.

Rusiya neftinin qiymətini eyni anda ABŞ və Avropa Birliyi embarqosu ilə yanaşı, “G-7” ölkələri və Avropa Birliyinin Rusiya neftinə qoyduğu maksimal satış həddi ilə bağlı “PriceCap” layihəsi də aşağı salır. Ukraynanın təklif etdiyi bu layihəni ABŞ Maliyyə naziri və FRS-in keçmiş başçısı Jannet Yellen çox uğurla reallaşıdrır.

“PriceCap”-ın fəaliyyəti Rusiya neft biznesinin kommersiya kəsimindən daha çox, neft nəqliyyatı logistikasını dağıdıb. Rusiyalılar dəniz nəqliyyatı olmadan neft ticarəti apara bilmirlər, çünki tankerlər ABŞ, Böyük Britaniya və ABŞ-da cəmləşən sığortaçılardan asılıdırlar. ”Brent” və “Urals” markaları arasındakı kəskin qiymət fərqini məhz neft daşımalarındakı məhdudiyyətlər yaradır.

Mürəkkəb vəziyyətdən çıxış kimi rusiyalılar hiyləğərliyə əl atmağa cəhd göstərirlər. Onlar Çin dəmir yollarından, İran tankerlərindən istifadə edir və sanksiyalardan yan keçərək nefti açıq dənizlərdə Hindistan tankerlərinə boşaltmaqla məşğuldurlar. Bütün bunlara baxmayaraq, dekabr və yanvar ayları Rusiya üçün uğursuz keçib. Logistikanı yenidən qurmaq üçün ruslara vaxt lazımdır. Amma Rusiya əvvəllər Avropa Birliyinə satdığı böyük həcmdəki nefti başqa bazara çıxara bilməyəcək.

Onların digər bir problemi neft saxlama anbarlarının kifayət sayda olmamasıdır. Ona görə ruslar neftin aşağı qiymətlə satlması ilə yataqların konservasiya edilməsi arasında çətin seçim etməlidirlər.

Rusiya hökuməti prinsipcə “PriceCap” layihəsinin təsiri ilə bağlı problemləri yaxşı anlayır və onun göstərdiyi təsiri nə qədər inkar etsələr də, daha pis vəziyyətə hazırlaşırlar. Artıq Maliyyə Nazirliyi “Milli Rifah Fondu”nun ehtiyatına əl atıb və yanvardakı kəsiri qapatmaq üçün 3,66 ton qızıl satıb. Bu qızıl Rusiya Federasiyası hökumətinin bütün 2022-ci il üçün aldığı qızılın 30 fazidir.

ABŞ və Avropa Birliyindəki rusmeyilli bankların analitikləri artıq 2023-cü ildə neftin bir barrelinin 100 dollara yüksələcəyini proqnozlaşdırırlar. Gözlənilir ki, növbəti virus böhranından sonra Çin iqtisadiyyatının dirçəlməsi neftin qiymətinin sürətlə yüksəlməsinə gətirib çıxarcaq. Rusiya hökuməti də boş dayanmır, oradakı “istedadlı adamlar” vergiləri “Urals” markalı neftin qiymətinə görə yox, ”Brent”in qiymətinə görə qoyurlar. Artıq Rusiya hökuməti şirkətlərin nefti “PriceCap”in müəyyənləşdirdiyi həddə satmasına qadağa qoyub. Amma Rusiyanın özündə bu qadağanın işləyəcəyinə inanmırlar, çünki hətta əksər dövlət şirkətlərinin belə satışı əsasən ofşor şirkətlər üzərindən həyata keçirlir. Əgər onların vergisi “Brent”-in satış qiymətinə müvafiq yığılacaqsa, onda neft şirkətlərinin dövriyyə pulları büdcədə yığılsa da, əvəzində neft sənayesi tənəzzülə uğrayacaq.

Saxlama anbarları olmadığından rusiyalılar ixracı Asiyaya yönəltmək üçün qiymətlərlə yalnız 2-3 ay oynaya bilərlər. Ancaq Asiyada bu həcmdə neft almağa hazır deyillər və orda da qiymət 35-45 dollar arasındadır. Yenə də biz neftin qiymətinin 70 dollardan götürülmüş büdcə problemlərinə qaydırıq.

Əgər hər hansı qeyri-müəyyən bir faktor meydana çıxmazsa, onda artıq ikinci rübün əvvəlində Rusiyada büdcə probleminin zirvəsini müşahidə edəcəyik. Bu, ilk növbədə fedral mərkəzdən maliyyələşmənin pisləşməsinə və ağır iqlim şərtlərinin hökm sürdüyü regionların həssas sosial sferasına zərbə vura bilər.

Rusiya Maliyyə Nazirliyi federal istiqrazların satışından və ya strateji maliyyə ehtiyatlarından pul götürməklə büdcə kəsirinin maliyyələşməsini yalnız uzada bilər. “Urals” markalı neftin qiyməti bir barrel üçün 70 dolların altında olduğu halda büdcə probleminin radikal yolla həll edilməsi mümkünsüz görünür. Rusiya Federasiyasının iqtisadiyyatının neftdən asılılığı çox böyükdür və elə ona görə də diqqətlərimiz “Urals” markalı neftin qiymətlinə yönəlib.”“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90