Rusiya ciddi cəhdlə Qarabağdakı erməni separatçılarını himayə edərək onları güc mərkəzinə çevirməyə, hətta silahlandırmağa çalışır. Bir müddət əvvəl erməni əsilli Ruben Vardanyanı Qarabağa göndərməklə bu prosesə start verən Kreml indi də onların müntəzəm olaraq Qarabağa qeyri-qanuni səfərlərini təşkil etməklə regionda gərginliyin artmasına səbəb olur. Elə ən son Vardanyan və Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın qeyri-qanuni olaraq Qarabağa səfər etməsi Kremlin mahiyyətini bir daha ortaya qoyur.
Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, Azərbaycanın hüquq-mühafizə orqanları ciddi şəkildə bu kimi qanunsuz əməllərin qarşısını almalıdır. Ekspert bildirib ki, Kremlin maraqları çərçivəsində Qarabağa göndərilən Rusiya vətəndaşı Vardanyan və Suriyada doğulan Oskanyan Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər:
“Onlar Azərbaycan qanunvericiliyinə əsasən artıq cinayət törədiblər. Odur ki, Azərbaycanın hüquq mühafizə və təhlükəsizlik orqanları bu şəxslərlə cinayətkar kimi davranmalıdır”.