Agentlik “məsələdən xəbəri olan beş mənbəyə” istinadən yazır ki, o zaman Xamenei ilkin olaraq qatı mühafizəkarların üstünlük təşkil edəcəyi yarışda çox az tanınan, lakin etibarlı mötədil Məsud Pezeşkianın yüksəlişi üçün zəmin yaradaraq, diqqətlə təşkil edilmiş seçki planlaşdırmağa qərar verib.
“Reuters” əlavə edib ki, Xamenei vətəndaşların seçkilərdə iştirak etmək istəmədiyini öyrəndikdən sonra mayın sonları, iyunun əvvəlində Tehrandakı möhkəmləndirilmiş iqamətgahda bir sıra etibarlı müşavirləri ilə azı üç görüş keçirib.
“Reuters” beş mənbənin adlarını çəkməkdən imtina edib, lakin yazıb ki, ona ” mühafizəkarlara yaxın iki mənbə, yüksək səviyyəli təhlükəsizlik rəsmisi və Xameneiyə yaxın iki şəxs” məlumat verib.
Görüşlərdə yüksək vəzifəli məmurlar və təhlükəsizlik məsələləri üzrə müşavirlərdən ibarət kiçik bir qrup, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) iki yüksək səviyyəli komandiri və Xameneiyə yaxın şəxs olan Əli Əkbər Vilayəti iştirak edib.
İclaslar haqqında məlumat alan insanlardan biri deyib ki, Xamenei aşağı seçici fəallığı ehtimalından xəbər tutaraq, xalqın seçkilərdə iştirak etməməsinin rejimin “legitimliyinə” xələl gətirəcəyinə inandığından, yaxın adamlarından “seçkiləri idarə etmək” yolunu tapmağı xahiş edib.
Məqsəd: İranın sağ qalması
Xameneinin məqsədi daxili narazılıqların, eləcə də Qəzza hadisələrindən sonra Tehranın xaricdəki proksiləri – Livandakı “Hizbullah” və Yəməndəki Husilərə dəstəyinə görə Qərb və İsraillə gərginliyin artması fonunda İslam Respublikasını qorumaq olub. “Reuters”ə məlumat verən mənbə bildirib ki, Xamenei yaxın adamları ilə görüşlərdə deyib: “İranın şiə dini sisteminə meydan oxumadan cəmiyyətin müxtəlif təbəqələrini cəlb edə biləcək bir prezidentə ehtiyacı var”.
İkinci iclasda bir neçə ad hallandırılıb. İki mənbə bildirib ki, Xamenei Pezeşkianı hakimiyyətdə olanlar arasında birliyi gücləndirə, ruhani qurumla xalq arasında uçurumu aradan qaldıra və növbəti ali lider üçün rəvan seçim prosesini təmin edə bilən şəxs kimi təklif edib. Xamenei İranın cəmiyyətin müxtəlif təbəqələrinə müraciət edə bilən, lakin hakim şiə teokratiyasına etiraz etməyəcək bir prezidentə ehtiyacı olduğuna inanır.
Tehrandan islahat tərəfdarı olan analitik Səid Leylaz deyib: “Bu, ali liderin qüsursuz planı idi… İslam Respublikasının sağ qalmasına zəmanət verdi”.
O deyir ki, “Pezeşkian ölkə daxilində istər millətlə, istərsə də quruluşla istənilən böhrandan qaçacaq. Bu, ali liderə varislik barədə qərar verməyə və onu sakit bir atmosferdə ötürməyə imkan verəcək”.
Seçki mühəndisliyi
“Reuters”in məlumatına görə, Xamenei hesab edir ki, Pezeşkian “[İran rejimində] hakimiyyətdə olanlar arasında birliyi gücləndirə, dini qurumla xalq arasında körpü yarada bilər və növbəti rəhbərin seçilməsi üçün rahat prosesi təmin edə bilər”.
Agentlik öz mənbələrinə istinadən əlavə edib ki, Pezeşkianın “mötədil” şəxsiyyəti narazı iranlıları arxayınlaşdıracaq, artan xarici təzyiq fonunda daha böyük daxili sabitliyə zəmin yaradacaq və varislik prosesində Xameneini “etibarlı müttəfiq”lə təmin edəcək.
2023-cü ilin sentyabrında İran İnsan Haqları Təşkilatı hicab etirazları zamanı 68 uşaq və 49 qadın daxil olmaqla ən azı 551 nümayişçinin öldürüldüyünü bildirirdi.
Bu etirazlar 2022-ci ilin sentyabrında əxlaq polisi patrul qüvvələri tərəfindən Məhsa Amininin öldürülməsindən sonra başlamış, İranın bir çox bölgələrində etiraz aksiyaları keçirilmişdi.
İranın güc dairələrinə yaxın mənbə bildirib ki, Pezeşkianın seçilməsi 2022-ci ildə gənc qadının həbsdə öldürülməsi və Rəisi tərəfindən tətbiq edilən sosial azadlıqlara daha sərt məhdudiyyətlərin səbəb olduğu xalq etirazları dalğasından sonra yaranan gərginliyi azaltmaq üçün işlənmiş seçki “mühəndisliyidir”.
İki mənbə bildirib ki, Ali liderin ofisi ilə əlaqəsi olan praqmatik keçmiş məmurlar tərəfindən təşviq edilən deputat Pezeşkian iyunun 28-də keçiriləcək seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçdikdən sonra Xameneinin planının ilkin mərhələsi işə düşüb. Onlar bildiriblər ki, Pezeşkian pərdəarxası qərarlardan xəbərsiz olub. Xameneinin planı ədalətli və demokratik görünmək üçün nəzərdə tutulmuşdu, buna görə də iki tanınmış sərt xətt namizədi, keçmiş nüvə müzakirəçisi Səid Cəlili və parlamentin spikeri Məhəmməd Baqer Qalibaf Uyğunluğu Yoxlama şurası tərəfindən təsdiqlənib. Bu o demək idi ki, sərt xətt tərəfdarı olan səslər çox güman ki, onlar arasında bölünəcək və hər ikisinin ikinci tura keçməsi çətinləşəcək.
İranın keçmiş islahatçı deputatı, hazırda ABŞ-da yaşayan islahatçı Nurəddin Pirmoazen bildirib ki, Cəlili daha sərt sosial məhdudiyyətləri, özünə güvənməyi, xarici siyasətdə sərt qırğılar kimi çıxış edən ultramühafizəkar “Paydari” düşərgəsinə aiddir və hesab edilir ki, bu düşərgə artıq Xameneinin yerinə öz namizədini də seçib.
Üç analitik və iki diplomat “Reuters”ə bildiriblər ki, dünya gücləri ilə 2015-ci ildə əldə edilmiş nüvə sazişinə qarşı çıxan Cəlilinin qələbəsi, uranın zənginləşdirilməsi proqramı ilə bağlı Tehrana təzyiqi artıran Qərbə mənfi siqnal göndərəcəkdi.
“Donald Trampın Ağ Evə qayıtması ehtimalının artması ilə… Qərblə dialoqu açıq saxlamaq və gərginliyi azaltmaq üçün İslam Respublikasına mötədil bir fiqur lazım idi”, – deyə regiondakı Qərb diplomatlarından biri bildirib.
Ali liderə təşəkkür
Azəri icmasına mənsub Pezeşkian ilk turda analitiklərin dediyinə görə, əsasən şəhər orta sinfindən və ya gənc qruplardan ibarət seçicilərin səsi ilə önə çıxıb. Lakin seçici fəallığı cəmi 40% təşkil edib ki, bu da İslam Respublikasındakı bütün seçkilər üçün ən aşağı göstərici idi.
Cəlilinin antaqonist daxili və xarici siyasətindən qorxaraq, Qalibafın lehinə səs verən və ya bitərəf qalan bir çox iranlı iyulun 5-də keçirilən ikinci turda Pezeşkianın namizədliyini dəstəkləyib və səsvermədə İranın 61 milyon seçicisinin demək olar ki, 50%-i iştirak edib.
Nəhayət, Xameneinin planı istənilən nəticəyə nail olub. İslahatçıların, mötədil mühafizəkarların və etnik azlıqların dəstəklədiyi 69 yaşlı ürək cərrahı Pezeşkian 54% səslə qalib gəlib.
“Ali liderə təşəkkür edirəm. O olmasaydı, adımın seçki qutularından asanlıqla çıxacağını düşünmürəm”, – Pezeşkian dövlət televiziyasında deyib. İranın teokratik idarəçiliyinə sadiq olan Pezeşkian praqmatik xarici siyasət yürütməyə, böyük güclərlə 2015-ci ildə imzalanmış nüvə sazişini canlandırmaq üçün hazırda dalana dirənmiş danışıqlara görə gərginliyi azaltmağa və sosial liberallaşma perspektivlərini yaxşılaşdırmağa söz verib.
O, qadınların və etnik azlıqların hüquqlarını müdafiə edib və 2022-ci ildə İslami geyim qaydalarını pozduğu iddiası ilə həbsdə olarkən dünyasını dəyişən iranlı kürd qadın Məhsa Əmininin ölümü ilə bağlı qurumun fəaliyyətini tənqid edib.
Bir çox analitiklər Pezeşkianın bütün seçkiqabağı vədlərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşır, çünki o, İranın güclü din xadimləri və təhlükəsizlik qırğıları ilə üzləşmək niyyətində olmadığını açıq şəkildə bəyan edib.
Qərblə başlayan siyasi alverin ilk təzahürü?
Xatırladaq ki, Cəlili və ya Qalibafı gələcək dini lider kimi görən Paydari və ya İslam İnqilabının Sabitliyi Cəbhəsi ( Jebha-ye paydārī-e enqelāb-e eslāmī) “İranın ən sağçı partiyası” hesab edilir. Qrup 2012-ci il qanunvericilik seçkiləri üçün seçki siyahısı kimi yaradılmışdı. Cəbhə qismən Mahmud Əhmədinejadın keçmiş nazirlərindən ibarətdir və Təqi Yəzdinin qrupun arxasında duran “mənəvi lider” olduğu bildirilir. Cəbhə bəyan edir ki, o, həm “qiyama” (2009-cu il İran prezident seçkiləri etirazları), həm də “azğın cərəyan”a (hicab aksiyalarına) qarşıdır. “Rajanews” veb-saytı onun onlayn ruporudur. İlk dəfə 2013-cü ildə Kamran Bağeri Lənkəraninin geri çəkilməsindən sonra Cəbhə Səid Cəlilinin prezidentliyə namizədliyini dəstəkləmiş və Məşhəd Şəhər Şurasında böyük qələbə qazanmışdı.
Son illərdə qrup, iffət qanunları kimi yeni qanunların qəbulunda və 2022-ci ildə geniş etirazlardan sonra faktiki olaraq dayandırılan məcburi hicabın bərpası cəhdlərində təsirli olub.
Yada salaq ki, seçkiqabağı təhlillərdə rejimin seçici fəallığını artırmaqla legitmiliyini təmin etməyə çalışdığını, Qərblə münasibətləri tənzimləməyə ehtiyac duyduğunu qeyd edirdik. Bu ümumi qayğılarla yanaşı Xamenei ilə mühafizəkar qruplar arasında onun ailəsinin gələcək təminatı və gələcək dini liderin kimliyi barədə tam anlaşma olmadığını da qeyd etmişdik. “Reuters”ə sızdırmalar həmin ehtimalları bir daha təsdiqləyir.
Seçki ərəfəsi İran hakimiyyətinə yaxın mənbə Körfəz mediasına sızdırmada da Pezeşkianın seçkiyə buraxılmasının məqsədinin mühafizəkarlar arasında təfriqəni aradan qaldırmaq məqsədilə edildiyini bildirmişdi. Amma Qərb mediasına belə dolğun informasiya sızdırılması yeni haldır. Bunu Qərblə başlamış siyasi alverin ilk təzahürü də saymaq olar. Həm də sızdırmanın mətnindən anlaşıldığı qədər Pezeşkianla bağlı seçki mühəndisliyindən Qərbin müəyyən dairələri də xəbərdar olub, amma planı ictimailəşdirməyərək onun icrasına mane olmaq istəməyiblər.
Bu arada keçmiş islahatçı parlamentari Mahmud Sadeqi islahatçılara yaxın “Etemad” qəzetinə müsahibəsində təsdiqləyib ki, fundamentalist hərəkat və ya onun gizli fəaliyyət göstərən “kölgə hökuməti” yeni islahatçı hökumətin işinin qarşısını almaq üçün hər cür səy göstərəcək. Kölgə hökumətinin rəhbəri kimi daha çox Cəlilinin adı çəkilir. Keçmiş parlamentari bəyan edib ki, Pezeşkian və onun çevrəsi qabaqlayıcı tədbirlər görməsə, bu hərəkat dövlət institutlarında malik olduğu geniş təsir sayəsində yeni hökuməti marginallaşdırmaq və onun bütün gələcək işlərinə zərər vermək üçün kifayət qədər potensiala malikdir.
Sadeqi islahatçıları və Pezeşkian hökumətini kütlələrlə əlaqə saxlamaq üçün yalnız rəsmi mediaya etibar etməməyə çağırıb və deyib ki, seçki günlərində olduğu kimi, iranlılarla birbaşa və səmimi ünsiyyət qurmaq üçün sosial medianın potensialından istifadə etmək lazımdır.
SEPAH-ın qeyri rəsmi sözçüsü olan “Javan” qəzeti isə öz növbəsində Pezeşkianı Rəisi hökumətində indiki məmurların və ya neqativləri ilə tanınan şəxslərin iştirakı olmadan sırf islahatçı hökumətin yaradılması üçün edilən çağırışların təsirinə düşməməyə çağırıb.
Qəzet İslahatçılar Cəbhəsinin keçmiş rəhbəri Behzad Nəbəvinin bəzi sima və məmurların Pezeşkian hökumətində pay almaq istəyini tənqid etdiyi məqaləsinə istinad edərək, bu tənqidin özünü Pezeşkiana təsir etmək cəhdi olduğunu qeyd edib.
Qəzet yeni prezidenti “inqilabçılar”, yəni fundamentalist hərəkata mənsub olan məmurları seçməyə çağırıb , “çünki onlar inqilabi hökumətlərin işini uğurlu etməyə çalışırlar” .
Qəzet hökuməti formalaşdıran və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi keçid hökumət şurasını tənqid edib. Beləliklə, SEPAH Pezeşkianın Zərifdən və digər islahatçılardan uzaqlaşması üçün artıq təzyiqə başlayıb. Təzyiqə boyun əyəcəyi təqdirdə Pezeşkianın ona səs verənlərin mühüm bir qisminin dəstəyindən məhrum olması qaçılmazdır. Seçicilərinin digər qismi-etnik elektoratın ümidlərini necə doğruldacağı da hələlik bəlli deyil.
Cəmaləddin Quliyev, siyasi ekspert