Kremlin bütün hərbi gücünü yönəltdiyi Donetsk vilayətindəki Pokrovsk şəhərinin tam işğalı qaçılmaz görünür.
Bəs cəmi 30 kvadrat kilometr ərazisi və müharibəyə qədər müxtəlif hesablamalara görə, 60 mindən də az əhalisi olan bu kiçik şəhərin işğalı müharibənin gedişinə hansı təsiri göstərə bilər? Doğrudanmı bəzi Kreml təbliğatçılarının iddia etdiyi kimi, bu şəhər strateji əhəmiyyət kəsb edir və Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan 3 əsas iri şəhərinə hücumu üçün həlledicidir və bu şəhərlərə gedən yolu açır?
Nəhayət, Vladimir Putinin iddia etdiyi kimi, Pokrovskdakı Ukrayna qüvvələri həqiqətənmi tam mühasirədədirlər?
Müstəqil hərbi mənbələr hazırda Pokrovskun kimin nəzarətində olduğuna dair birmənalı fikir söyləməkdən çəkinirlər. Çünki şəhərdən ziddiyyətli məlumatlar daxil olur və tərəflərin heç biri şəhərə nəzarət barədə aydın, etibarlı video və foto görüntülər paylaşa bilmirlər.
Bununla yanaşı, bəzi Ukrayna hərbi ekspertləri yerli mediaya şəhərin təxminən 60 faizinin rusların nəzarətinə keçdiyini deyirlər. Qeyd edirlər ki, ərazidəki Ukrayna qüvvələrinin təchizat yolları Rusiya dronları tərəfindən vurulsa da, təxminən 5-7 kilometr enində və 10 kilometr uzunluğundakı dəhliz ukraynalıların nəzarətindədir. Buna baxmayaraq, bu dəhlizlə hərbi texnikanın hərəkəti olduqca çətindir və ona görə, təchizat əsasən dronlar və piyada qüvvələr vasitəsilə həyata keçirilir. Şəhərdəki Ukrayna hərbçilərinin tam mühasirəyə alındığı barədə Rusiya tərəfinin iddiaları isə həqiqəti əks etdirmir.

Rusiya rəsmi təbliğatı isə iddia edir ki, yuxarıda qeyd edilən dəhlizin eni 2.5 kilometrdir və onun qapadılması bir neçə gün məsələsidir. Buna baxmayaraq, rus hərbi “Z-bloqerləri” bu iddianı inkar edərək, dəhlizin eninin 5-6 kilometr olduğunu yazırlar. Həmçinin, ərazidə Ukrayna dronlarının Rusiya dronlarından heç də az və zəif olmadığını, əksinə, Rusiya tərəfinin özünün hərbi təchizatına ciddi problemlər yaratdığını qeyd edirlər. Onlar da bildirilər ki, Pokrovskdakı Ukrayna qüvvələrinin mühasirəyə salındığı barədə iddialar şişirdilib. Ən azından bu hissələr şəhəri asanlıqla piyada tərk edə bilərlər.
Digər iddialara görə, şəxsən Kirill Budanovun rəhbərlik etdiyi Ukrayna xüsusi təyinatlı qüvvələrinin yuxarıda qeyd edilən dəhlizin genişləndirilməsi və daha təhlükəsiz vəziyyətə gətirilməsi üçün bu günlərdə həyata keçirdiyi əməliyyat uğurlu alınıb. Hazırda həmin qüvvələrin ərazidə olduğu bildirilir.
Lakin eyni ərazidə, Pokrovskdan birbaşa 7 kilometr (avtomobil yolu ilə 28 kilometr) məsafədə yerləşən Mirnoqraddakı Ukrayna qüvvələrinin vəziyyəti daha çətindir. 3 tərəfdən işğalçı qüvvələrlə əhatə olunan bu hissələrin mühasirəyə düşmək ehtimalı daha yüksəkdir. Lakin Ukrayna hərbi komandanlığı bu fikirdə deyil və vəziyyətin nəzarət alıtında olduğunu bildirir.
Ümumilikdə isə müstəqil hərbi ekspertlər Pokrovsk aqlemerasiyasının bütünlükdə “boz zona” olduğunu və tərəflərin heç biri tərəfindən tam nəzarət edilmədiyini bildirirlər.

Almaniyanın “Bild” nəşrinin tanınmış eksperti Julian Röpke yazıb ki, Pokrovskun 85 faizi işğal olunub. Ən tanınmış və ən çox istinad edilən müstəqil hərbi ekspertlərdən biri olan Ruslan Leviyev isə son şərhində deyib ki, Pokrovskun düşəcəyi qaçılmazdır. Bu, onun fikrincə, bir neçə gün, bir neçə həftə, yaxud, uzağı 1 ay çəkə bilər.
Bununla yanaşı, onun fikrincə, Pokrovskun işğalı heç bir strateji əhəmiyyət daşımayacaq və əsas məsələ, Ukraynanın bu ərazidən daha az canlı qüvvə itkisi ilə çıxmasıdır. Çünki bu qüvvələr yeni mövqelərdə, istehkamlarda yerləşmək üçün Ukraynaya lazım olacaq və bu zaman Ukrayna qüvvələrini Pokrovskda daha çox saxlamağa, sonadək döyüşməyə yönələn siyasi maraqların hərbi məntiqi üstələməsinə imkan vermək olmaz: “Pokrovsk heç yerə yol açmır. Pokrovskun işğalı o demək deyil ki, məsələn, avtomatik olaraq, gələn ilin ortalarına qədər ruslar bütün Donbası işğal edə biləcəklər. Pokrovsk özü müharibənin sonrakı gedişi üçün Rusiyaya prinsipial olaraq böyük heç nə vermir. Bu, sadəcə daha bir yaşayış məntəqəsidir. Ukrayna növbəti istehkamlarda möhkəmlənəcək və müdafiə olunacaq. Odur ki, hətta daha böyük və daha yaxşı müdafiə olunan Slavyansk, Kramatorsk kimi şəhərlərə doğru irəliləmək Pokrovsku işğal etməkdən daha çətin olacaq.(Qeyd edək ki, Pokrovskun işğalı üçün Rusiyaya təxminən 15 ay vaxt lazım olub). Hələ Kupyansk və Konstantinovka da var. Odur ki, ruslar üçün ən yaxşı halda, bütünlükdə Donbası işğal etmək üçün ilyarım və ondan da artıq vaxt lazım olacaq. Pokrovsk heç bir strateji əhəmiyyət daşımır. O, sadəcə, gələcəkdə arxa cəbhə şəhəri kimi PUA operatorlarının və silah-sursatların yerləşdirilməsi üçün lazım olacaq. Ancaq hazırda bu ərazi birbaşa döyüş meydanıdır”.
Leviyev də qeyd edib ki, Pokrovskun mühasirə ehtimalı yoxdur. Oradakı qüvvələr asanlıqla çıxa bilər və Putinin bu barədə iddiaları həqiqətə uyğun deyil. Lakin Mirnoqrad mühasirəyə düşə bilər. Bir sözlə, Pokrovsk və ətrafındakı vəziyyət olduqca gərgindir və şəhər işğal ərəfəsindədir. Lakin əksər hərbi ekspertlərin də dediyi kimi, bu kiçik şəhərin ələ keçirilməsi strateji baxımdan heç nəyi dəyişmir. Müxtəlif hesablamalara görə, Rusiyanın artıq ölü və yaralı olaraq 120 minə yaxın canlı qüvvə itirdiyi bu kiçik şəhərin işğalı olsa-olsa, Kreml təbliğatının daxili auditoriyaya növbəti “qələbə” raportu verməsinə yarayacaq. Bu “qələbə”nin Rusiyaya və ruslara neçəyə, hansı itkilər hesabına başa gəldiyi isə tamamilə başqa söhbətin mövzusudur…“AzPolitika.info”






















