“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov “Məktəbdə…” layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 151 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Qonaq əvvəlcə məktəb şagirdlərinin Zəfər Günü ilə bağlı hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olub.
Zəfər Gününün beşinci ildönümü ərəfəsində baş tutan görüş Azərbaycan oğullarının Qarabağda yazdığı tarix, qəhrəman qazinin Vətənimizin ərazi bütövlüyü uğrunda keçdiyi mübarizə yolu, döyüş xatirələri və şagirdlərin maraqlı sualları üzərində qurulub.
E.Hüseynov şagirdlərlə söhbətində vətənpərvərlik, milli dəyərlərə sadiqliyin önəmindən, Qarabağ Zəfərinin qazanılmasında Azərbaycan əsgərlərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqlardan danışıb. Şagirdlərin həqiqi vətənpərvər, əsil vətəndaş olaraq yetişməsində məktəbin, müəllimlərin rolundan, bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən söz açan Qarabağ qazisi, həmçinin vurğulayıb ki, qəhrəmanlıq həm də yüksək təhsilə, intellektə sahib şəxsiyyət kimi yetişərək Vətənə faydalı olmaqdır.
Şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində “YAŞAT” Fondunun gördüyü işlərdən bəhs edən E.Hüseynov bu fəaliyyətlərin cəmiyyətin mənəvi borcunun ifadəsi olduğunu diqqətə çatdırıb.
Qonaq hər peşədə, sənətdə fərqlənməyi bacarmaq üçün təşəbbüskarlıq göstərməyin vacibliyindən, ixtisas seçimində diqqət edilməli olan məqamlardan, mütaliənin faydalarından bəhs edib, şagirdləri düşündürən sualları cavablandırıb.
Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.
Qeyd edək ki, layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.






















