Bunu “Yeni Sabah”a media eksperti Zeynal Məmmədli deyib.
O bildirib ki, telekanallar DİN-in reklamçısına çevrilib:
“Televiziyada hansı sözlərdən istifadə olunması, xəbərin necə çatdırılması, məlumatın necə ötürülməsi kimi məsələlər daha vacibdir. Xəbər proqramlarına nəzər salsaq, görərik ki, istifadə etdikləri 2 sözdən biri “mütəmadi olaraq”dır. Buna nə ehtiyac var?! Bunun qarşılığı olaraq dilimizdə “vaxtaşırı” və “aramsız” sözləri var. Rəsmi dilin mediamıza bu qədər daxil olması doğrudurmu?!
Televiziyalarda daha çox kriminal xəbərlər yayımlanır. Aparıcılar həmin xəbərləri Daxili İşlər Nazirliyinin təqdim etdiyi kimi oxuyurlar. Verilən xəbəri dəftərxana üslubu ilə çatdırmaq üzqaralığıdır. Onda elə qonorarı da aparıcılara yox, DİN-in əməkdaşlarına versinlər. Axı xəbəri onlar hazırlayırlar. Bu halda insanda təəssürat yaranır ki, televiziyalar DİN-in reklamçılarıdır. Xəbəri bu şəkildə təqdim etmək olmaz”.
Ekspert əlavə edib ki, repartyorların jurnalistikadan anlayışı yoxdur:
“Alınan məlumatın izinə düşmədən, arxasınca getmədən, yeni faktlar öyrənmədən xəbəri insanlara təqdim etmək doğru deyil. Efir dili ədəbi dillə danışıq dilinin uzlaşmasıdır. Niyə bu gün efirlərdə bu yoxdur? Əsas diqqət ediləcək məqamlar bunlardır.
Xəbər və digər televiziya verilişlərində görürük ki, aparıcılar rus sözlərindən istifadə edirlər. Əgər canlı efir deyilsə, bunu asanlıqla dəyişmək olar. Canlı efir olsa belə, aparıcı nitqinə diqqətlə yanaşmalıdır. Bilmədən yanlış ifadə səsləndirsə belə, izləyicilərdən üzr istəyərək sözün düzgün formasını yenidən səsləndirməlidir. Lakin bunu etmirlər, çünki heç birinin anlayışı yoxdur.
Telekanallarının çoxunda “turba” sözünü işlədirlər. Reportyorun dilində bu kimi ifadələr çox kobud səslənir. Axı dilimizdə istifadə olunan “boru” sözü var”.
Zeynal Məmmədli vurğulayıb ki, peşəkar jurnalist bu məsələlərdə diqqətli olmalıdır:
“Hər bir redaktor öz işini professional səviyyədə görməyi bacarmalıdır. Reportyor bunu görmürsə, redaktor mütləq görməlidir. Demək olar ki, hər universitetdə dil kafedraları fəaliyyət göstərir. Nitq mədəniyyəti sahəsində də bir çox qurumlar fəaliyyət göstərir. Eyni zamanda, Mətbuat Şurası da bu məsələni qabartmalıdır. Dil dövlətin nüfuzu məsələsidir. Məncə, süni intellekt asanlıqla jurnalistləri əvəz edəcək. Düşünürəm ki, süni intellekt bugünkü jurnalistlərdən bizə az ziyan vuracaq”.






















