Barəsində ev dustaqlığı tədbiri seçilən Prezident Adminstrasiyasının Ramiz Mehdiyevlə bağlı arxiv görüntülər və çıxışlar yenidən müzakirə mövzusuna çevrilib.
Editor.az xəbər verir ki, həmin çıxışlardan biri 2018-ci ildə Azərbaycan Dillər Universitetində baş tutan təqdimat mərasiminə aiddir. Universitetin rektoru, akademik Kamal Abdulla Ramiz Mehdiyevin kitabının təqdimatında keçmiş PA rəhbərini ” filosof”, “müdrik dövlət xadimi” kimi xeyli tərifləyib:
Akademik Ramiz Mehdiyevin onlarla bu cür əsərinin olduğunu vurğulayan K.Abdulla bunların hamısının bir sistem kimi bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr edildiyini deyib:
“Bu əsərlər göstərir ki, bugünkü dövlətçiliyimiz qarşısında duran problemləri, onun fəlsəfəsini dərindən dərk edən bir filosof kimi Ramiz müəllim Azərbaycanın gələcəyinin qurulması ilə bağlı dövlət təcrübəsindən istifadə edən son dərəcə müdrik dövlət xadimidir. Ramiz müəllim bir filosof, alim, dövlət xadimi kimi Azərbaycan dövlətçiliyinin inkişaf etdirməsində bu gün də çalışır, elmi, fəlsəfi fəaliyyətini davam etdirir. Azərbaycanşünaslıq problemləri istər qədim dövrdə, istər XVI əsrdə, istərsə də bu gün Azərbaycan və onun ətrafındakı dövlətlərin münasibətinin öyrənilməsində aktuallıq kəsb edir ki, bu baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin, dininin, cəmiyyətinin formalaşması ilə bağlı fikirləri son dərəcə maraqlıdır və azərbaycanşünaslıq istiqamətində aparılan araşdırmalara işıq saçan bir tədqiqatdır. Əsər Qriqorian kilsəsinin Səfəvi dövlətinə qarşı apardığı casusluq, dağıdıcılıq işlərinin aşkar edilməsi istiqamətində elmi, ictimai və dövlətçilik baxımdan son dərəcə qiymətlidir.”
Editor.az-ın araşdırmaları göstərir ki, Kamal Abdullanın rəhbəlik Azərbaycan Dillər Universiteti mütəmadi oolaraq, Ramiz Mehdiyevin kitablarının təqdimatlarına ev sahibliyi edib. Keçmiş PA rəhbərinin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi də 2019-cu ilin aprelin 30-da universitetdə keçirilib.
Həmin tədbirdə də ADU-nun rektoru Kamal Abdulla Ramiz Mehdiyevin şəninə xeyli tərif edib: ““Akademik Ramiz Mehdiyev tariximizin, ictimai-siyasi fikrimizin xüsusi əhəmiyyət daşıyan nöqtələrinə nüfuz edib. Bu kitab bir daha göstərir ki, Azərbaycan tarixinin çox vacib mənbələri olan sənədlərdən doğru-düzgün, məqsədəuyğun, konseptual şəkildə istifadə olunarsa, biz hansı perspektivlərə, üfüqlərə çıxa bilərik. Bu üfüqlərdən biri keçmiş tariximizi bugünümüz qədər dərk etmək, bugünümüzdə ondan mənalı şəkildə istifadə etməkdir”.
Qeyd olunan tədbirdə bu günlərdə həbs edilən Ramiz Mehdiyevi köməkçisi, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirov iştirakçıları akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, kitabın müzakirəsinin təşkil olunması üçün yaradılan şəraitə görə ADU-nun rəhbərliyinə təşəkkürünü bildirib.
Məlumatlı mənbələr qeyd edir ki, rektor Kamal Abdullanın adı dəfələrlə mediada Ramiz Mehdiyevə ən yaxın şəxslər sırasınd çəkilib. Bu baxımdan Kamal Abdullanın onun kitabları üçün ayrıca təqdimat mərasimi təşkil etməsi və ünvanına “filosof”, “müdrik dövlət xadimi” kimi təqdim etməsi təsadüfi deyil.
Editor.az xəbər verir ki, Kamal Abdullanın 2019-cu ildə yazdığı “Multikulturalizmə Giriş” kitabının da redaktoru məhz Ramiz Mehdiyev olub. Və nə təsadüfdürsə, kitab Ramiz Mehdiyevə aid olduğu şübhə doğurmayan “Şərq Qərb” nəşriyyatında dərc edilib.Editor.az






















