image-rt-reklam
image-unnamed-2023-02-06t132558-677backend

İran: Məhəmmədin dinini də, Şah İsmayılın məzhəbini də…

image-728x90

Azərbaycan mərkəzli dini inanc iyerarxiyası… olsun, olmasın?

Cavid İsmayıl, Tarix üzrə fəlsəfə doktoru

Sovet məktəbliləri “Ələmdən nəşəyə” deyəndə gözləri önündə xalq şairi Süleyman Rüstəm canlanardı. Haqqında birmənalı fikir olmasa da, ərəb-fars sözlərindən arınmış qəzəlləri və Cənub həsrətli şeirləri onun Azərbaycan ədəbiyyatı tarixində əbədi qalmasını təmin edəcək. Təsadüfi deyil ki, Süleyman Rüstəmin “Təbrizim” şeirini Azərbaycanda az qala hər evdə, hər mənzildə əzbər bilirlər.

Amma şair haradan biləydi ki, Güney Azərbaycan həsrətli şeirlər yazıldıqdan 30-35 il sonra İranda İslam inqilabı baş verəcək, Quzey Azərbaycan isə müstəqilliyini bərpa etdikdən sonra Güneydən sözün birbaşa mənasında ələm və nəşə axınına məruz qalacaq?

Budur – dəyərli həmkarım, Azərbaycanın əməkdar jurnalisti Qabil Abbasoğlunun PressKlub.az saytında dərc olunmuş yazısı “Cənubdan gələn təhlükə – ələmdən nəşəyə qədər” adlanır. Acıdır, amma reallıqdır.

Məqaləni daha dəyərli edən isə başlıqdan savayı, həm də ictimaiyyətin diqqətini gözdən-könüldən uzaq düşmüş bir mövzuya cəlb etməsidir. “Azərbaycan şiəliyi İran şiəliyinin təsiri altından çıxarılmalıdır” yazan müəllif təklif edir ki, Azərbaycan mərkəzli dini inanc iyerarxiyasının yaradılması gündəmə gəlməlidir: “İnsanlarımız niyə Tehrandan tutmuş Quma, ordan da Kərbəlaya qədər müxtəlif yerlərin müctəhidlərinə təqlid etməlidirlər? Ümumiyyətlə, təqlid iyerarxiyası İslam dinində hansısa statusda varmı? Azərbaycan dini cameəsi və dövlət bu məsələdə, əlbəttə, inzibati üsullarla deyil, dini maarifləndirmə yolu ilə yerli sistemin yaradılmasını nəzərdən keçirməlidirlər. Vətəndaşlarımız, əlbəttə, din, hətta məzhəb seçimində azaddırlar və azad olmalıdırlar. Lakin Azərbaycan şiəliyi İran şiəliyinin təsiri altından çıxarılmalıdır. Eləcə də sünni məzhəbli insanlarımız ərəb dünyasının…”

Ukrayna təcrübəsi

Qabil Abbasoğlunun təklifi əslində havadan götürülməyib. Yaxın keçmişimizdə bununla bağlı Ukrayna təcrübəsinin şahidi olmuşuq. 15 dekabr 2018-ci ildə İstanbulda tarixi hadisə baş verib – Pravoslav xristianların ümumdünya patriarxı Varfolomey Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsi haqqında Tomos (fərman) imzalayıb. Bununla da 1686-cı ildən bəri davam edən Rus Pravoslav Kilsəsinə tabeçilik sona yetib və Ukrayna dini müstəqilliyini əldə edib, nəticədə Moskva Patriarxlığından asılı olmayan vahid və avtokefal (müstəqil) Ukrayna Pravoslav Kilsəsi təsis edilib.

Rusiya işğalından sonra Quzey Azərbaycanda dini təşkilatlanma

Çar Rusiyası XIX əsrin birinci rübündə Qafqazı, o cümlədən Quzey Azərbaycanı tam işğal etdikdən sonra ruhanilərin iştirakı, bəzən isə rəhbərliyi ilə baş verən üsyanlarla üzləşdi. Bu səbəbdən onlarla əməkdaşlıq yolunu seçərək, 1823-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsini və şeyxülislam vəzifəsini təsis etdi. Tiflis axundu Məhəmməd Əli Hüseynzadə Qafqazın şeyxülislamı təyin edildi. Həmin tarixdən etibarən Qafqazın bütün şeyxülislamları Azərbaycandan oldu.

İslamda məzhəb ayrı-seçkiliyini qabartmaq üçün 1832-ci ildə idarədə Qafqazın müftisi vəzifəsini təsis edildi. Çar II Aleksandrın 5 aprel 1872-ci il tarixli fərmanı ilə “Cənubi Qafqaz Şiə və Sünni Məzhəbləri Müsəlman Ruhani İdarələri haqqında” Əsasnamələr təsdiq olundu. Beləliklə, Cənubi Qafqazda müsəlmanların iki dini idarəsi – Şiə və Sünni Ruhani İdarələri təsis edildi. Bu əsasnamələr əsaslı dəyişiklikliyə uğramadan 1917-ci ilin fevralına kimi qüvvədə qaldı.

28 may 1918-ci ildə Tiflisdə Milli Şura Azərbaycanın istiqlalını elan edən zaman Cənubi Qafqaz Şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdi. Qafqazda müstəqil dövlətlərin yaradılması və bu dövlətlər arasında mövcud münasibətlər region müsəlmanlarının vahid dini idarədə birləşməsini demək olar ki, mümkünsüz edirdi. Ona görə də Azərbaycan hökuməti Cənubi Qafqaz ruhani idarələrinin Azərbaycana, Gəncə şəhərinə köçürülməsini məqsədəuyğun saydı. Məhz Gəncədə şiələrlə sünnilərin vahid dini idarəsinin yaradılması məsələsi gündəliyə çıxarıldı.

Maraqlıdır ki, vahid dini idarənin yaradılması ideyasını ilk olaraq ruhani rəhbərlər irəli sürdülər və sonra da bunu həyata keçirdilər. Bu onu göstərirdi ki, vaxtilə çarizmin məzhəb ayrılıqlarından istifadə edərək, Azərbaycan dindarları arasında ədavət yaratmaq niyyətləri artıq baş tutmamışdı. Ruhanilər idarənin “Məşixət” adı altında yenidən qurulması təşəbbüsü ilə çıxış etdilər. Şeyxülislam və müftinin 1 sentyabr 1918-ci il tarixli birgə qərarı ilə hər iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi. Bakının azad edilməsindən sonra isə “Məşixət” paytaxt Bakıya köçürüldü. 1920-ci ilin martında hökumət “Məşixət” sədrlərinə nazir köməkçiləri ilə eyni status verilməsi barədə sərəncam verdi. Çar Rusiyası dövründən fərqli olaraq, Azərbaycan Cümhuriyyəti parlamentinin qəbul etdiyi yeni qanunlara görə, ruhani vəzifələrə təyin etmə birbaşa ruhani idarəsinin səlahiyyətinə verilmişdi. Bu dövrdə idarə bir təsisat olaraq gücləndi və fəaliyyət dairəsi genişləndi.

Cümhuriyyət dövründə ölkəmizin ilk şeyxülislamı dövrünün nüfuzlu din xadimi Axund Ağa Əlizadə (1871-1954) oldu.

Sovet işğalından sonra bolşevik-kommunist hakimiyyətinin dinə münasibəti fonunda dini təsisatların, o cümlədən “Məşixət”in fəaliyyəti dayandırıldı. Bir çox din xadimləri, alim və müctəhidlər sürgün edildi, bəziləri isə repressiyalara məruz qaldı. Məscidlər anbar və müəssisələrə çevrildi, müqəddəs kitablar yandırıldı, dini hər vəchlə unutdurmaq, insanları dini köklərindən ayrı salmaq yönündə ciddi səylər göstərildi.

Kremlin bu sərt siyasəti II Dünya müharibəsi illərinədək davam etdi. 1940-cı illərdə mövcud dini vəziyyətə nəzarəti effektiv həyata keçirmək, eləcə də ağır müharibə illərində dindar əhali arasında rəğbət hissi qazanmaq üçün hökumətin din siyasətində müəyyən islahatlar aparıldı. Həmin dövrdə dini idarələrin formalaşdırılması labüd hesab edildi.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov və əslən azərbaycanlı olan İran alimi Adil Mövlayinin müəllifi olduqları “Şeyxülislamlığın tarixi” (Bakı, 2016) kitabında bunun səbəbi belə izah edilir ki, alman ordusuna qarşı vuruşmaq, xalqda yüksək vətənpərvərlik ruhu yaratmaq üçün düşmənlərə cihad elan edə bilən din xadimləri lazım idi (s. 194).

Tarix elmləri doktoru, professor Cəmil Həsənli isə “Günеy Azərbaycan: Tеhran-Bakı-Moskva arasında (1939-1945)” əsərində daha maraqlı səbəb açıqlayaraq, bu addımın 1941-ci ilin avqustundan Güney Azərbaycanda olan sovet qoşunlarına yerli əhalinin etibarını artırmaq məqsədilə atıldığını bildirir: “Günеy Azərbaycan üçün hazırlanmış iş planında göstərilirdi ki, “azərbaycanlı əhalini özümüzə daha artıq yaxınlaşdırmaq üçün ilk növbədə dinə və din xadimlərinə diqqət yеtirmək lazımdır. Ona görə yox ki, onlar sovеt hökumətinin dayağı olacaqlar, ona görə ki, biz ruhanilər vasitəsilə daha çox iş görə bilərik” (s. 104-105).

Ümumilikdə 1943-1944-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarları ilə SSRİ-dəki müsəlman obyektlərinə və ruhanilərinə əməli rəhbərlik etmək üçün aşağıdakı müstəqil müsəlman ruhani idarələri yaradıldı:

SSRİ-nin Avropa hissəsi və Sibir Müsəlmanlarının Ruhani İdarəsi (Ufa şəhərində);
Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (Daşkənd şəhərində);
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (Bakı şəhərində);
Şimali Qafqaz və Dağıstan Müsəlmanları Ruhani İdarəsi (Mahaçqala şəhərində).
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli 17 nömrəli qərarı ilə təşkil edildi. 1944-cü il mayın 25-28-də Zaqafqaziya Müsəlmanlarının I Qurultayı oldu. Qurultay Cümhuriyyət dövründə şeyxülislam olmuş və 24 ildir ki, ev dustağı edilən Axund Ağa Əlizadəni Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri seçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, hər iki müsəlman dini cərəyanlarına mənsub olan dini təsisatlara, məscidlərə, din xadimlərinə dini rəhbərlik vahid idarə tərəfindən birgə həyata keçirildi. Zaqafqaziyada yaşayan müsəlmanların şiə və sünni məzhəblərinə mənsub dindarların miqdar nisbəti nəzərə alınaraq, bu təşkilatın idarə heyətinin 7 üzvündən 4-ü şiə, 3-ü isə sünni məzhəbinin nümayəndələri seçildi. İdarənin sədri vəzifəsini çoxluq təşkil edən şiələrin nümayəndəsi tutdu və ona şeyxülislam rütbəsi verildi. Sünnilərin nümayəndəsi isə idarə sədrinin müavini vəzifəsini tutaraq, müfti rütbəsi aldı.

“Şeyxülislamlığın tarixi” kitabında Ağa Əlizadənin hansı şərtlə yenidən şeyxülislam olmağa razılaşmasının səbəbi belə izah olunur: “Aparılan danışıqlarda onun şərtləri bundan ibarət idi ki, dindarlar sovet hakimiyyət sisteminin əleyhinə olmayacaqları təqdirdə, onlara sırf dini işlərlə məşğul olmağa, mərasimlər keçirməyə icazə verilsin, təqiblərə və cəzalara son qoyulsun. Bu şərt dinə azadlıq gətirməsə də, dağıdılmış məscid və mədrəsələri bərpa etməsə də, repressiyalara son qoyduğu üçün Axund Əlizadəni təmin edirdi. Bu şərtlər həm də əhalinin İslam dinindən tamamilə uzaqlaşma prosesinin qarşısını almaq, onlara dini qaydaları öyrənmək imkanları yaratmaq şəraitini bərpa edir, dəfn mərasimləri keçirmək, hüzr məclisləri təşkil etməyi mümkün edirdi”.

Bununla belə, sovet hökuməti Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə bina ayırmağı heç lazım da bilmədi. Məcburiyyət qarşısında qalan Axund Ağa Əlizadə üçmərtəbəli evinin birinci və ikinci mərtəbələrini müsadirədən azad etdirərək, ruhani idarəsinə çevirdi. Müharibənin sonuna qədər faşist Almaniyasını və Hitleri lənətlədi, əhalini müharibəyə sürükləyənlərə Allahdan ölüm arzuladı (s. 194-196).

1954-1968-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə Axund Mirmöhsün Həkimzadə (1882-1967), 1968-1978-cin illərdə Axund Əliağa Süleymanzadə (1885-1978), 1978-1979-cu illərdə isə Axund Mirqəzənfər İbrahimov (1909-1979) rəhbərlik etdilər. Sonuncu bu idarənin rəhbərləri arasında ali dini təhsili olmayan yeganə şəxsdir. 1980-ci ildən isə Qafqaz müsəlmanlarının dini rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadədir.

İran İslamı və ya Xomeyni şiəliyi

Quzey Azərbaycandakı şiələr də öz dini kimliklərini tanıtmaq üçün “müsəlman”dan daha çox “Əli şiəsi” ifadəsindən istifadə edirlər. Şiəlik mövzusunda tədqiqatları ilə məşhurlaşmış İran alimi Əli Şəriəti şiələri iki qismə – Ələvi və Səfəvi şiələrinə bölürdü. Onun fikrincə, İrandakı şiə məzhəbi Səfəvilərdən çox pis bir miras kimi alınmışdı. Bu isə məntiqi olaraq o deməkdir ki, Ələvi şiəsi ilk dövr (ortodoksal) şiə təlimi olmaqla, gerçək İslam anlayışına daha yaxın idi, lakin sonralar Səfəvilər tərəfindən xalqı boyunduruq altında tutmaq üçün siyasi vasitə halına gətirilmişdi.

Əli Şəriəti kimi İran alimlərinin “Ələvi şiəsi” və “Səfəvi şiəsi” terminlərini ortaya atması təsadüfi olmayıb, əslində türk səfəvilərin şiəni gerçək yolundan çıxarması (seçdirmə bizimdir – müəl.) iddialarını gündəmə gətirmək məqsədi güdürdü. Halbuki bugünkü İranda şiə məzhəbinin dövlət dini halına gəlməsi, şiə ruhanilərin isə hakim sinfə çevrilməsi məhz Səfəvilərin xidmətidir.

Bununla belə, Səfəvilərin yanlışlıqlarını da dilə gətirməliyik. Bu yanlışlıqlardan biri Səfəvilər dövlətində zaman keçdikcə türk dilinin fars dili, türk əyanlarının fars əyanları tərəfindən sıxışdırılmasına imkan verilməsidirsə, digəri Şah İsmayıl Xətainin şiəliyi dövlət dini (məzhəbi) səviyyəsinə qaldırması ilə Azərbaycan türklərinin ortodoksal islamdan və türk dünyasından uzaq salınmasıdır. Təbii, biz dövrün ictimai-siyasi şərtlərini, qızılbaşların (Səfəvilərin) dövlət qurmaq üçün hansısa bir səbəbə (orta əsrlərdə bu, yalnız dini səbəb ola bilərdi) ehtiyacı olduğunu nəzərdən qaçırmırıq. Eyni zamanda, türk dilini dövlət dili elan edən Şah İsmayılın öz poeziyası ilə bu dilin inkişafına verdiyi töhfələri də unutmuruq. Şərqi Anadoludakı türk tayfalarının Səfəvilərə meyl etməsinin əsas səbəblərindən biri də, Osmanlı sarayından fərqli olaraq, Səfəvi sarayında onların da, bizim də ana dilimiz olan türk dilinin dövlət dili olması idi. Təsadüfi deyil ki, Sultan Səlim Yavuzun fars dilində göndərdiyi məktublara Şah İsmayıl türk dilində cavab verirdi.

Lakin bütün bunlar əcdadlarımızın səhvlərini dilə gətirməmək anlamına gəlməz. Bu səhvlərdən nəticə çıxarmaq üçün onları etiraf etməyimiz mütləqdir. Bu gün şimallı-cənublu Azərbaycanın dini baxımdan türk dünyasının ortasında – Türkiyə ilə Türküstan arasında dəmir pərdəyə, bufer zonaya çevrilməsi məhz Xətainin səhvinin nəticəsidir. Xatırlayırsınızsa, 1990-cı ildə Bakıda baş verən qanlı 20 Yanvar faciəsindən sonra Azərbaycana dəstək nümayiş etdirən Anadolu türkləri Türkiyə prezidenti Turqut Özalın “şiə olduqlarına görə azərbaycanlıları İran müdafiə etməlidir, biz yox” reaksiyası ilə qarşılaşmışdılar. Yalnız Türkiyə ictimaiyyətinin sərt etirazından sonra Turqut Özal yanlış fikirlərinə görə üzr istəmiş və qalan ömrünü sanki bu səhvini aradan qaldırmaq üçün türk dünyasının birliyi ideyasının gerçəkləşməsinə sərf etmişdi.

Təəssüf ki, Əli Şəriəti 1977-ci ildə dünyasını dəyişdi və 1979-cu ilin fevralında İranda baş verən İslam inqilabını görə bilmədi. Görsəydi, şübhəsiz ki, bölgüsünə düzəliş edər və yeni bir şiə qrupu əlavə edərdi – Xomeyni şiəsi.

İslam inqilabından sonra Xomeyni İranda vilayət adlı yeni siyasi sistem qurdu. Vilayəti-fəqih institutu da adını imamətin (Həzrəti Əli və onun 11 övladının hakimiyyəti) davamı kimi icad olunan vilayətdən götürür. Kriminal aləmin jarqonu ilə desək, bu sistemin mahiyyəti ondan ibarətdir ki, 12-ci imam Mehdi Sahib əz-Zaman zühur edənə qədər dünyanın “polojeniyasına” vilayəti-fəqih baxacaq. Nə İran islam inqilabına qədər, nə də ondan sonra dünyanın heç bir ölkəsində bu cür siyasi sistemə rast gəlinməyib.

Rəsmən ali rəhbər və inqilab lideri sayılsa da, vilayəti-fəqih İranda qeyri-məhdud siyasi hakimiyyətə malikdir. Hətta İran Konstitusiyası ona prezidenti hakimiyyətdən uzaqlaşdırmaq səlahiyyəti də verir. Yəni vilayəti-fəqih faktiki olaraq siyasi postdur, dövlətin sahibi və yiyəsidir. Üstəlik, özünü müqəddəs də elan etdirə bilib.

Xomeynidən sonra İranda bu postu Mirzə Fətəli Axundovla eyni qəsəbədə doğulan Seyid Əli Xamneyi tutur. O, milli mənsubiyyət etibarilə Güney Azərbaycan türkü olsa da, fars millətçiliyi qarşısındakı xidmətləri gürcü Stalinin rus-sovet imperiyasının qorunmasındakı xidmətləri ilə eyniləşdirilə bilər.

Ali dini rəhbərə sitayiş, dindən tiryək kimi istifadə olunaraq şiələri cəhalət içində saxlamaq, təqlid məfhumunun psixoloji təzyiq vasitəsi kimi istifadə olunması, terrorun dövlət siyasətinə çevrilməsi, qeyri-farslara ana dilində təhsil almağa icazə verilməməsi, buna etiraz edənlərin repressiya olunaraq dar ağacından asılması və ya illərlə məhbəsdə çürüdülməsi İran islamının və ya Xomeyni şiəliyinin əsas xarakterik cəhətlərindəndir. Təəccüb və eyni zamanda nifrət doğuran daha bir məqam ondan ibarətdir ki, bu gün dünyada cinsindən asılı olmayaraq, məhbusların ən çox işgəncə gördüyü və zorlandığı ölkələrin başında İran gəlir. İrandakı molla rejimi sanki Həzrəti Məhəmmədin islamını da, Şah İsmayılın məzhəbini də gözdən salmağa and içib.

Yeri gəlmişkən, bəs təqlid nədir?

Təqlid – lüğəti mənada nəyisə boynundan asmaq deməkdir. Ərəb dilində boyunbağıya “qiladə” deyirlər. Dini anlamda isə təqlid – şəriət hökmlərində savadlı və geniş dünyagörüşlü bir alimin (müctəhidin) fətvalarına (dini göstərişlərinə) əməl etməyə deyilir. Təqlidçilərin əsas tezisi “hansısa müctəhidə təqlid etməyən şəxsin namaz və orucu qəbul deyil” olub. Məhz bu qorxu hesabına Xomeyni şiəliyi təkcə İranda yox, Quzey Azərbaycanda da özünə xeyli tərəfdar toplaya bilib.

Azərbaycan mərkəzli dini inanc iyerarxiyası: olsun, olmasın?

1917-ci ildə Rusiyada baş verən fevral inqilabından sonra ortaya çıxan Azərbaycan muxtariyyəti ideyasına və 1918-ci ilin 28 mayında tarixdə Azərbaycan adlı ilk dövlətin yaradılmasına İranın münasibətini (yeri gəlmişkən, bu mövzu ilə maraqlananlar tarix elmləri dokoru, professor Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabını oxuya bilər) bir kənara qoysaq, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra da İranın Quzey Azərbaycana münasibəti, yumşaq desək, xoş olmayıb. Qabil Abbasoğlu sözügedən yazısında bu xüsusda hər şeyi mübaliğəsiz-filansız təsvir edib:

“Qarabağın işğal altında qaldığı illər ərzində o torpaqları işğalçı ölkənin ordusu ilə bərabər talan edən İran deyildimi? Ölkəmizdə casusluq fəaliyyəti dəfələrlə üzə çıxarılan, hətta siyasi partiya adı altında təşkilatlanan, ölkə rəhbərliyinin həyatına qarşı qəsd planları aşkarlanan kimlər idi? KİV və vətəndaş cəmiyyəti sferasında özünə möhkəm dayaqlar yaradan, işğalçı dövləti ən ali tribunalar bir yana, lap gözümüzün qabağındaca müdafiə edən, məscidlərimizdə donuz saxlayan işğalçıların paytaxtında məscid təmir edən hansı dövlət olub? Xankəndidəki separatçı və cinayətkar rejimə nəfəs verən kim idi?

Saf dini inanc sahiblərini islamın mahiyyətindən çox-çox uzaq olan “ələm oynatmaq” kimi cəhalət tamaşasına yığmaqdan tutmuş, ölkəmizə narkotik qaçaqmalçılığına şərait yaratmaqla genofondumuza qarşı qəsdə durmağa qədər hər cür əməl çıxdı bu “İslam dövləti”nin başının altından… “İslam inqilabı ideyası” adı altında ələmdən nəşəyə qədər hər şey ixrac etdilər, təki məqsədə çatılsın”.

Müəllifin Azərbaycan mərkəzli dini inanc iyerarxiyasının yaradılması təklifinə gəlincə, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə ölümlə nəticələnən silahlı hücumdan sonra bu təklifin gündəmə gətirilməsi gözlənilən idi və alqışlanmalıdır. Son illər dövlətimizin din siyasəti çərçivəsində xarici ölkələrdə, xüsusən İran və ərəb ölkələrində təhsil alan vətəndaşlarımızın dini fəaliyyətdən uzaqlaşdırılması da təqdirəlayiq addımdır.

Yuxarıda Qafqaz Müsəlmanları İdarəsinin tarixinə qısa ekskurs göstərdi ki, əslində bizim dini idarə İran mərkəzli deyil, məhz Azərbaycan mərkəzlidir – amma sözdə. Problem ondadır ki, Hacı Allahşükür Paşazadənin 43 illik şeyxülislamlığı dövründə Azərbaycanın dini sferasına İranın müdaxiləsi kulminasiya həddinə çatdı. Bir zamanlar xalq hərəkatının önündə gedən, 20 Yanvar şəhidlərinin dəfni prosesinə rəhbərlik edən, SSRİ-nin sonuncu rəhbəri Qorbaçovun üstünə kükrəyən şeyximiz sonradan özünü İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsi kimi aparmağa başladı. Hətta Vətən müharibəsində Azərbaycanın qəhrəman oğullarının qanı, eləcə də Türkiyə və İsrail dronlarının hesabına qazanılan tarixi qələbəni də 21 iyul 2021-ci ildə Qurban bayramı namazında aparıb Xameneyiyə caladı: “Ayətullah Xameneyinin “Qarabağ İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Bilməyənlərin nəzərinə çatdıraq ki, Xamneyinin “Qarabağ torpağı İslam torpağıdır” fikri Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə ortaya çıxmayıb. İnanmırsınızsa, Google-da “Qarabağ İslam torpağıdır” yazıb axtarış verin, görəcəksiniz ki, ən azı 2019-cu ilə aid materiallar qarşınıza çıxır. Şəxsən mən 2010-cu ildə Tehranda keçirilən 10 günlük Media Sərgisində iştirak edərkən İran paytaxtının müxtəlif yerlərində “Qarabağ xake-Eslam əst” şüarına rast gəlmişəm. Yəni bu fətvanın (əgər fətvadırsa) məhz müharibə dövründə verildiyini iddia etmək ictimai fikri çaşdırmaq idi. Hələ onu demirik ki, 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana göndərilən hərbi texnikanı xristian Gürcüstan öz ərazisindən buraxmasa da, müsəlman İran buraxdı. Bununla bağlı sosial şəbəkələrdə yayılan onlarla videonu da unutmamışıq.

Son iki ildə İran Azərbaycana qarşı o qədər açıq aqressiya, Ermənistana qarşı o qədər dostyana münasibət nümayiş etdirib ki, artıq Şeyxülislam da bayram namazındakı tipli bəyanatlar səsləndirə bilmir, əksinə, rəsmi Tehranın anti-Azərbaycan fəaliyyətini qınamalı olur. Şeyxi bu əzabdan xilas etmək lazımdır. Dövlətimiz dini sferada həyata keçirdiyi islahatları maarifləndirmə yolu ilə sürətləndirməli, sözdə Azərbaycan mərkəzli Qafqaz Müsəlmanları İdarəsini əməldə Azərbaycan mərkəzli dini inanc iyerarxiyasına çevirməlidir.

Xomeyni şiəliyindən qurtulmalıyıq. Belə İslam yoxdur, olmayıb, olmur! Nə Həzrəti Məhəmməd belə din qoyub getmişdi, nə də Şah İsmayıl Xətai belə məzhəb…pressklub

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90