Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində casusluq edən xarici ölkə vətəndaşı Ghaedi Mohammad Najaf oğlunu həbs edib.
Ulusal.az Musavat.com-a istinadən xəbər verir ki, sosial şəbəkə üzərindən aparılan araşdırma nəticəsində adı çəkilən əcnəbi casusun İran vətəndaşı olduğu məlum olub. O, uzun müddətdir ki, aktiv olmayan Facebook səhifəsində İranın Tehran şəhərinin Niavara rayonundan olduğunu qeyd edib. Ghaedi Mohammadin Facebook dostlarının əksəriyyətinin azərbaycanlılar olması da diqqət çəkib. Paylaşdığı fotoların birində isə məşhur Azərbaycan şairi Şəhriyarın portreti ilə yanaşı dayanıb.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanılmış çoxsaylı sübutlar əsasında onun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.
Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə araşdırmalar davam edir.