image-rt-reklam
image-sevil-suleymanibackend

İran etirazları: güneyli gəncin “Forbes” jurnalına dedikləri

image-728x90

ABŞ-ın “Forbes” jurnalı sosioloq, gender məsələləri tədqiqatçısı, sosial şəbəkə fəalı Sevil Süleymanidən İranda iki aya yaxındır keçirilən etiraz aksiyaları ilə bağlı müsahibə götürüb.

Sevil Süleymani Güney Azərbaycandandır. İranı 17 yaşında tərk edib, hazırda ABŞ-da məskunlaşıb.

“Forbes”ə müsahibəsində Sevil ailəsinin, qohumlarının İranda, o cümlədən paytaxt Tehranda yaşadığını bildirib.

Sentyabrın 18-dən İranda keçirilən etiraz aksiyalarını Sevil Süleymani qadın inqilabı kimi xarakterizə edib.

Etirazlar gənc kürd qadın Məhsa Əmininin ölümündən sonra başlanıb. Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada dünyasını dəyişib. Çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.

İran İslam Respublikasının qurulduğu 1979-cu ildən qadınlara qarşı sistematik təqiblərin həyata keçirildiyini vurğulayan Sevil Süleymani indiki etirazların ilk növbədə bu təzyiqlərə qarşı yönəldiyini söyləyib. O deyib ki, İranda islam inqilabı baş verəndən sonra atılan ilk addımlardan biri qadınların hicaba bürünməsi tələbi olub və bu məcburiyyət həm də Qərb mədəniyyətinə, ideologiyasına qarşı mübarizənin tərkib hissəsi kimi tətbiq edilib, qərar qəbul olunanda qadınlardan başlarını örtmək istəyib-istəmədiklərini, onların Qərbdəki çağdaş mədəniyyəti bəyənib-bəyənmədiklərini soruşmayıblar.

“Hicab bizim seçimimiz deyil” deyən Sevil Süleymani ümumiyyətlə hicabın islam mədəniyyətinin bir hissəsi olmasını da inkar edib. Bildirib ki, məcburi qapanmanın islamla, müsəlmançılıqla heç bir əlaqəsi yoxdur, bu, sadəcə dövlət siyasətinin nəticəsidir: “Müsəlman qadın olsam da, hicab bağlamıram. Mən bunu öz kimliyimin bir parçası hesab etmirəm. Hicabdan imtina etməyim mənim islamdan imtina etməyim anlamına gəlmir”.

Baş örtüyünün yalnız islam mədəniyyəti ilə əlaqələndirilməsinə qarşı çıxan Sevil Süleymani bütövlükdə dünyada islam dini və mədəniyyəti haqda çox yanlış təsəvvürlərin hökm sürdüyünü vurğulayıb. O, İranın yürütdüyü rəsmi siyasət, bu siyasətə qarşı aparılan mübarizə haqda da təsəvvürlərin natamam olduğuna diqqət çəkib.

Vaxtilə magistr dərəcəsi işinin İrandakı Azərbaycan qadınları, onların fəaliyyəti, hüquq və imkanları, habelə üzləşdiyi təzyiqlər barədə olduğunu xatırladan Sevil Süleymani bildirib ki, Qərb mediasını izləyərkən İran qadınlarının hüquq və azadlıqları məsələsinin bir xeyli dərəcədə diqqətdən kənarda qaldığını müşahidə edib, hətta bir çox iranlı mühacirin də bu problemə lazımi qədər diqqət göstərmədiyini anlayıb.

Tələbəlik illərində tanış olduğu amerikalı qadınlardan söz açan Sevil Süleymani deyib ki, Amerika qadınlarının özlərinin biznesi, həmçinin feminizm, qadın hüquqları haqda təsəvvürləri, düşüncələri var və onlar daima öz hüquq və mənafeləri uğrunda mübarizə aparırlar.

İndi dünya ictimaiyyətinin İran qadınlarının hüquq və azadlıqlar uğrunda mübarizəsinə şahidlik etməkdə olduğunu söyləyən Sevil Süleymani qeyd edib ki, İranda dövlət aparatı güclü olduğundan hazırkı inqilabi proseslərin rejimi dəyişib-dəyişə bilməyəcəyini proqnozlaşdırmaq çətindir.

Ancaq Sevil Süleymani bu proseslərin İran rejimini zəiflədəcəyinə şübhə etmir. Onun fikrincə, islam rejimi mövcudluğunu qoruyarsa belə, bundan sonra istər-istəməz dövlət xadimləri də, ictimai təşkilatlar da qadınlara dəyişikliklərin carçısı kimi baxmalı, onların potensialı ilə hesablaşmalı olacaq.

“Forbes”ə müsahibəsində bütün dünyanı İran qadınlarının səsini eşitməyə çağıran Sevil Süleymani onu da deyib ki, İranda müxtəlif etnik qruplar, mədəniyyətlər var: “Mən uzun müddətdir İranda yaşayan Azərbaycan qadınlarının həyatını araşdırmaqla məşğulam. Onların nə istədiklərini, hansı təzyiqlərə, dil, din, mədəniyyət baxımından hansı ayrı-seçkiliyə məruz qaldıqlarını yaxşı bilirəm.

Onların problemlərini Tehran qadınlarının, fars qadınların, yaxud digər qruplardan olan qadınların problemləri ilə eyniləşdirmək düzgün olmaz. Biz bu səsləri eşitməliyik. Biz onların özünəməxsus ehtiyacları, tələbləri olduğunu anlamalıyıq”. (Novator)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90