İranla Azərbaycan arasında münasibətlərini pis olduğu sirr deyil. Rəsmi Bakının haqlı olaraq Tehrana iradlar tutması, onları siyasətlərinin artıq Azərbaycana zərər verməsini dilə gətirməsi və digər məsələlər iki ölkə arasında gərginliyin artmasına gətirib çıxarıb.
İranın Ermənistana hərbi yardım etməsi, Qarabağa qanunsuz olaraq silah-sursat göndərməsi hadisəsi isə durumu daha da ağırlaşdırıb. Bunun ardından Türkiyə və Azərbaycanın “Qardaş yumruğu” adlı hərbi təlimlər keçirməsi də İranın narahatlığına səbəb olub.
Bu gün isə SEPAH-a yaxın teleqram kanallarından biri Azərbaycandan Naxçıvana gedən və yolun İrandan keçən hissəsinin bağlanması xəbərini yayıb. Ardından İran xüsusi xidmət orqanlarına yaxın olan və mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat aparan “Bultan News” saytı məlumat yayıb ki, Naxçıvana gedən yolun bağlanması həyata keçirilməlidir. Həmin xəbərdə iddia edilir ki, yolun Biləsuvardan Culfaya qədər olan hissəsi istismara yararsızdır və onun bağlanılaraq, təmir edilməsi lazımdır.
Qeyd edək ki, erməni mediası İrana bağlı saytlara istinadən iddia edib ki, Tehranın Bakıdan Naxçıvana uzanan və İrandan keçən yolu bağlamaq fikrində olması Llaçın dəhlizində baş verənlərələ bağlıdır. Daha doğrusu, İran bu addımı dəhlizdə baş verən son hadisələrə adekvat olaraq atmaq istəyir.
İranın bəzi nəşrləri isə qeyd edirlər ki, əgər İran Naxçıvana gedən yolu bağlayarsa, Muxtar Respublikanın Bakı ilə əlaqəsi kəsiləcək. Nəticədə, Naxçıvan İrandan daha asılı vəziyyətə düşəcək.
Nəzərinizə çatdıraq ki, Bakı ilə Naxçıvan arasında birbaşa quru yol mövcud deyil. Sovet dönəmində Mehri üzərindən çəkilmiş dəmir və avtomobil yolları vasitəsi ilə ölkənin qərb rayonları ilə Muxtar Respublika arasında quru əlaqəsi təmin edilirdi. Lakin müharibədən sonra həmin yol bağlandı və Azərbaycan əlaqənin bərpası üçün İranın ərazisindən istifadə etməyə başladı.
Bildirək ki, hazırda Bakıdan Naxçıvana və oradan geriyə sərnişinlərin və yüklərin daşınması Biləsuvardan keçməklə Culfaya qədər uzanan yoldan istifadə etməklə reallaşdırılır və əksinə.
Amma burada iki maraqlı məqam var. Birincisi, belə bir addımın Naxçıvanda baş verən son hadisələrləüst-üstə düşməsidir. Məlumdur ki, bu gün Ali Məclisin sədri Vasif Talıbov istefa verib. İstefaya qədər isə Azərbaycan rəsmi qurumları Naxçıvanda külli miqdarda pul mənimsənilməsi faktlarının üzərini açıblar. Məhz Vasif Talıbovun istefasından sonra İran xüsusi xidmət orqanlarının belə məlumat yayması olduqca maraqlıdır.
İkinci maraqlı məqam isə İranın Laçın dəhlizində keçirilən aksiyalar dönəmində Naxçıvanla yolu bağlamaq fikrinə düşməsidir. Xəbər verildiyi kimi, Xankəndi-Şuşa yolunda bir qrup QHT və media nümayəndəsi etiraz aksiyası keçirir. Rus sülhməramlıları isə dəhlizi bağladığından Xankəndidən İrəvana və digər şəhərlərə ermənilərin gediş-gəlişi tam dayanıb. Belə olan halda, İranın Azərbaycan üçün çox həssas bölgə olan Naxıçıvana yolu bağlama xəbərini yayılması diqqətçəkəndir.jamaz