Rusiyanın “Domodedovo” hava limanında Bişkekdən gələnlərə hücum edən silahlı şəxslər pulla birlikdə bir neçə nəfəri də qaçırıblar. Ulusal.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairəsinin Nəqliyyat Departamentinin mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumatlara görə, bir qrup şəxs hava limanının həyətində Bişkek-Moskva reysinin sərnişinlərinə avtomat silaha bənzər əşyalarla hücum edib.
Polisin verdiyi məlumata görə, maskalı naməlum şəxslər bir neçə nəfəri maşına mindirərək onlarla birlikdə hadisə yerindən qaçıblar. Daha sonra polis qaçırılanları meşəlik ərazidə, tərk edilmiş iki xarici avtomobilin yanında tapıb.
Baza Telegram kanalının məlumatına görə, silahlı şəxslər Qırğızıstan vətəndaşlarına hücum edərək ümumi dəyəri 4 milyon dollar olan bir neçə çantanı oğurlayıblar.






















