Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Üstəlik, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər.

Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.

Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib.

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 150 ildə çətin, lakin şərəfli yol keçib. Müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, bütün çətinliklərə dözüb, öz yolundan dönməyib, daim həqiqətin carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Belə bir şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Ölkədə söz azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir.

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, azad söz və mətbuat da cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur, bu sahənin qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.

Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

150 illik keşməkeşli, eyni zamanda şərəfli bir yol qət edən Azərbaycan mətbuatı bu gün də cəmiyyətin güzgüsü, sözün və həqiqətin carçısı olmağa davam edir. Bundan sonra da illər keçəcək və mətbuat hər zaman azadlığın, maarifin və milli kimliyin səsini daşıyacaq. Ən qaranlıq sükutlarda belə, bu səs çıraq kimi yanmağa davam edəcək. Bayramınız mübarək, qaranlığa işıq olan qələm adamları!