Dünən günortadan başlayaraq Yaxın Şərq yenidən döyüş meydanına çevrilib. Bir neçə günlük sakitlikdən sonra bu dəfə İsrail – Suriya savaşı başlayıb. İsrail Hərbi Hava Qüvvələri dünən gün ərzində Suriyanın şəhərlərini bombalayıb. Hələ bir neçə gün öncə Bakıda bu iki ölkənin nümayəndələri danışıqların aparmışdı. Rəsmi Bakının təklifi ilə bu danışıqların davam edəcəyi gözlənilirdi. Politoloq Arzuman Muradlı Yaxın Şərqdə baş verənlərlə bağlı fikirlərini bölüşüb.
“Yaxın Şərqdə gərginliyin mərkəzində duran İsrail və Suriya arasında münasibətlər illərdir açıq münaqişə və dolayı qarşıdurmalarla xarakterizə olunur. Son illərdə İsrailin Suriyanın müxtəlif bölgələrinə, xüsusilə də İranın mövcudluğu olan ərazilərə yönəlmiş hava zərbələri, regionda qeyri-sabitliyi daha da artırıb. Bu münaqişənin diplomatik yollarla həll olunması üçün bir sıra regional və qeyri-regional oyunçular vasitəçilik təşəbbüsləri ilə çıxış ediblər. Bakıda keçirilən görüş əslində bir ilk idi. Davamı olacağına ümid var idi. Lakin görünən odur ki, İsrail bu danışıqları gözləmədi.” -deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, İsrail və Suriya arasında rəsmi olaraq 1948-ci ildən bəri müharibə vəziyyəti davam edir.
“Qolan təpələrinin 1967-ci il Altıgünlük Müharibədə İsrail tərəfindən işğalı və sonrakı illərdə bu ərazinin anneksiya olunması, münasibətlərin normallaşmasına əngəl olub. Eyni zamanda, İranın Suriya ərazisində artan hərbi və siyasi təsiri İsrail üçün strateji təhdid sayılır. Azərbaycan isə həm İsraillə, həm də Suriya ilə fərqli səviyyələrdə münasibətlərə malikdir. Bakı-Təl-Əviv xətti xüsusilə enerji, müdafiə və texnologiya sahələrində dərin strateji əməkdaşlıqla seçilir. Eyni zamanda, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü və ərəb ölkələri ilə tarixi bağlara malik bir müsəlman ölkəsi kimi çıxış edir. Mən hesab edirəm ki, rəsmi Bakı yenidən bu danışıqlarda vasitəçi ola bilər. Bu səhər artıq atəşkəs haqqında razılaşma əldə olunması ilə bağlı xəbərlər yayılıb. İsrail-Suriya münasibətlərində istənilən yaxınlaşma yalnız bir neçə əsas məsələ üzrə razılıq əldə olunarsa mümkündür:
Qolan təpələrinin statusu
İran qüvvələrinin Suriyadan çıxması
Siyasi sabitlik və beynəlxalq təminatlar
Azərbaycan bu məsələlərin həllində birbaşa rol oynaya bilməsə də, dialoq üçün neytral platforma və mexanizm təqdim edə bilər. Azərbaycan, regional və geosiyasi çəkisini nəzərə alaraq, İsrail-Suriya arasında danışıqların başlanması üçün etibarlı tərəf ola bilər. Lakin bu, təkbaşına Bakı tərəfindən deyil, daha geniş beynəlxalq koalisiyanın tərkib hissəsi kimi həyata keçirilə bilər. Rəsmi Bakının birbaşa müharibəni dayandırması ehtimalı aşağı olsa da, münaqişənin diplomatik müstəviyə keçməsi üçün ilkin zəminin yaradılmasında rolu inkaredilməz ola bilər. İsrail və Suriya kimi ziddiyyətli tərəflər arasında diplomatiyanın işləməsi üçün zaman, etimad və regional güclərin sinxronlaşmış səyi lazımdır. Azərbaycan bu prosesdə körpü rolunu oynamağa hazır olduğunu göstərsə, region üçün yeni səhifə açıla bilər.” – deyə Arzuman Muradlı bildirib.