2025-ci ilin əvvəlində həm ekspert dairələrində, həm də siyasi mərkəzlərdə belə bir fikir formalaşmışdı: Rusiyanın yayda planlaşdırdığı genişmiqyaslı hücum Ukraynadakı müharibənin dönüş nöqtəsi ola bilər. Kremlin təbliğatı bu əməliyyatı “müharibənin taleyini həll edəcək son addım” kimi təqdim edirdi. Hətta Rusiya prezidenti Vladimir Putin də açıq şəkildə bildirmişdi ki, “Ukrayna ordusunu darmadağın etmək üçün real əsaslar var”.
Lakin Atlantic Council-ın təhlilinə görə, bu “son həmlə”nin nəticələri Putinin hərbi strategiyasının zəifliklərini üzə çıxardı və Kreml liderinin əsas taktikasının real gücə yox, blöf və psixoloji təzyiqə əsaslandığını göstərdi.
Yay hücumu çərçivəsində Rusiya ordusu nə ciddi irəliləyiş, nə böyük şəhərlərin işğalı, nə də strateji uğur əldə edə bildi.
Atlantic Council qeyd edir ki:
Üç aylıq yay kampaniyası nəticəsində Rusiya cəmi Ukrayna ərazisinin 0,3%-ni nəzarətə götürə bildi.
Pokrovsk kimi əsas strateji mərkəzlər Ukraynanın nəzarətində qaldı.
Sumı və Xarkov vilayətlərinə yönəlmiş əməliyyatlar da uğursuz oldu — rus ordusu əks-hücumlarla geri çəkilməyə məcbur qaldı.
Böyük şəhərlərin alınması belə mümkün olmadı — bu, “qələbə blöfü”nün əslində daxildən boş olduğunu göstərdi.
Təhlildə xüsusi vurğulanır ki, beynəlxalq ictimaiyyətin bir qismi hələ də Rusiya hərbi gücünün şişirdilmiş obrazına inanır. Bu isə Putinin ən uğurlu blöfü hesab olunur.
Atlantic Council yazır:
“Ukraynadakı müharibə uzun müddət Qərbdə Rusiyanın hərbi gücünün şişirdilmiş təəssüratları ilə təhrif olunmuşdu. Lakin yay əməliyyatının nəticələri bu mifin çökməsini sürətləndirdi.”
Eyni zamanda qeyd olunur ki, bu təəssürat, ABŞ prezidenti Donald Tramp da daxil olmaqla, bir sıra Qərb liderlərinin Ukraynaya olan münasibətinə təsir edib. Trampın “Rusiyanın müharibələrdə uğur qazanmağa alışdığı” fikri də, məhz bu təhrif olunmuş imicin məhsuludur.
Atlantic Council-a görə, Putinin əsas uğuru, Qərb liderlərini qorxuya salmaqdır:
“Putinin silah səsləri ilə ‘səhnə alması’ – məğlubiyyətin gerçəkliyini ört-basdır etmək üçün istifadə etdiyi stilin məzmun üzərində qələbəsidir. Reallıqlar fonunda isə bu artıq kifayət deyil.”
Buna baxmayaraq, təhlil müəllifləri xəbərdarlıq edir: Putinin hərbi maşını və resursları hələ də ciddi təhlükədir. Avropa ölkələrinin əksəriyyətində isə bu təhlükəyə cavab verəcək siyasi iradə yoxdur.
Ukrayna yetərli dəstək alarsa, döyüş meydanında təşəbbüsü ələ ala və Putini danışıqlar masasına oturmaq məcburiyyətində qoya bilər.
Bu qənaətə əsaslanaraq, Atlantic Council belə nəticəyə gəlir:
“Putinin yay hücumunun uğursuzluğu onun müharibədə qələbə qazana bilməyəcəyini açıq şəkildə nümayiş etdirdi. Bu, həm də Qərbin tənbəlliyini və tərəddüdünü aradan qaldırmalı olan siqnaldır.”
Avqust ayının ortalarında ABŞ-ın təşəbbüsü ilə Ağ Evdə yüksək səviyyəli danışıqlar baş tutub. Bu görüşdə prezident Volodimir Zelenski, NATO və Aİ rəhbərləri, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Finlandiya liderləri iştirak edib.
Toplantıdan sonra Avropa liderləri birgə bəyanatla çıxış edərək Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayıb və “Ukraynanın arxasından danışıq” ehtimallarını qətiyyətlə rədd ediblər.
Putinin yay kampaniyası onun müharibədəki qələbə iddialarının boş blöfdən ibarət olduğunu göstərdi. Lakin o hələ də kompromisə meyl etmir və blöf yolu ilə üstünlük əldə etməyə çalışır. Bu isə yalnız Ukraynanın hərbi və diplomatik cəbhədə güclənməsi ilə dayandırıla bilər.
Atlantic Council-un fikrincə, Qərbin real dəstəyi — yeganə və işlək mexanizmdir, hansı ki, Putini masaya əyləşməyə məcbur edə bilər. Hazırda Ukrayna buna hazırdır, amma Avropa hələ deyil.