Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargahının Təşkilati-Səfərbərlik İşləri Departamentinin rəis müavini Farxat Aydarbayev çağırış prosesindəki yeniliklərlə bağlı Mərkəzi Kommunikasiya Xidmətinin brifinqində məlumat verib.Ulusal.az xəbər verir ki, bu barədə Kazinform agentliyinin müxbiri xəbər verir.
Farxat Aydarbayev bildirib ki, cari ilin 16 iyul tarixində dövlət başçısı tərəfindən imzalanan “Hərbi-vətənpərvərlik tərbiyəsi haqqında” qanuna əsasən, çağırışçılara SMS bildiriş göndərilməsi rəsmi xəbərdarlıq üsulu kimi tanınıb.
Çağırışın həyata keçirilmə üsulları aşağıdakılardır:
Elektron bildiriş – çağırışçının mobil nömrəsinə SMS şəklində və ya “Elektron hökumət” portalındakı şəxsi kabinetinə göndərilir. Bildiriş, gəlməli olduğu tarixdən ən azı üç təqvim günü əvvəl göndərilməlidir.
Kağız daşıyıcıda bildiriş – əgər çağırışçının mobil nömrəsi və ya elektron portalda qeydiyyatı yoxdursa, kağız şəklində olan çağırış vərəqəsi ona şəxsən təqdim olunur, poçtla göndərilir və ya qeydiyyatda olduğu, müvəqqəti yaşadığı və ya işlədiyi ünvana çatdırılır. Vərəqə vətəndaşa şəxsən imza qarşılığında yerli hərbi idarənin nümayəndəsi, müəssisə rəhbəri və ya poçt operatorunun kuryeri tərəfindən təqdim olunur.
İmtina halı – əgər vətəndaş kağız formasında olan çağırışı qəbul etməkdən imtina edərsə, vərəqəni təqdim edən şəxs bu barədə qeydlər aparır və sənədi hərbi idarəyə qaytarır. Bu halda vətəndaş rəsmi olaraq xəbərdar edilmiş sayılır.
Aydarbayev əlavə edib ki, zəruri hallarda çağırış vərəqəsi yerli hərbi idarədə də təqdim edilə bilər və bu zaman vətəndaşın gəlmə tarixi ən geci ertəsi günə təyin olunur.
Çağırışçının rəsmi şəkildə məlumatlandırılmış sayıldığı hallar:
Çağırış SMS-lə şəxsin özünün təqdim etdiyi və ya onun adına qeydiyyatdan keçmiş mobil nömrəyə göndərildikdə və çatdırılma hesabatı alındıqda;
Elektron hökumət portalındakı şəxsi kabinetdə bildiriş yerləşdirildikdə və bu zaman paralel olaraq SMS də göndərildikdə;
Kağız şəklində vərəqənin qeydiyyatda olduğu, yaşadığı və ya işlədiyi ünvana çatdırılması və ya hərbi idarədə şəxsən təqdim edilməsi hallarında.
Cəzalar və məsuliyyət:
İnzibati Xətalar Məcəlləsinin 647-ci maddəsinə əsasən, hərbi qeydiyyatda olan vətəndaşın çağırışa üzrlü səbəb olmadan gəlməməsi 5 aylıq hesablanmış göstərici (MHG) miqdarında cərimə ilə nəticələnir.
648-ci maddəyə görə, tibbi müayinədən yayınmaq və ya tibbi komissiyanın göndərişi ilə müayinədən imtina edənlərə xəbərdarlıq və ya 3 MHG miqdarında cərimə tətbiq olunur.
Cinayət Məcəlləsinin 387-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq 1000 MHG-yə qədər cərimə, ya da həmin həcmdə islah işləri, 400 saata qədər ictimai işlər, 1 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əgər hərbi xidmətdən yayınma özünə qəsdən zərər yetirmə, xəstəliyi saxtalaşdırma, saxta sənəd təqdim etmə və ya digər aldadıcı yollarla həyata keçirilərsə, bu hallar ağırlaşdırıcı səbəb sayılır və daha sərt cəza tətbiq olunur.
Xatırladaq ki, daha əvvəl Qazaxıstanda kimlərin hərbi çağırışdan azad edildiyi barədə məlumat vermişdik.