Argentina milli komandasının ulduz futbolçusu Lionel Messi toplanışa gələrkən diqqətçəkən bir aksesuarla – təqribən 65 min ABŞ dolları dəyərində olan Hermès Cargo HAC Birkin 40 Black Box çantası ilə görüntülənib. Bu barədə Ulusal.az UNN Selección Argentinaya istinadən xəbər verir.
Messi Argentina millisinin toplanışına lüks və nadir aksessuarla – Hermès brendinə məxsus Cargo HAC Birkin 40 modeli ilə gəlib. Sözügedən çanta pambıq kanvas və dəri materialların birləşməsindən hazırlanıb və bir sıra praktik elementlərlə – xarici ciblər, stəkan tutacağı və utilitar dizaynla seçilir.
Bu model Hermès-in məşhur Birkin seriyasının qeyri-adi və nadir versiyasıdır. Dizayn orijinalda at yəhərlərinin daşınması üçün nəzərdə tutulmuş forma və funksiyadan ilhamlanaraq hazırlanıb.
Messinin bu görünüşü həm sosial şəbəkələrdə, həm də media nümayəndələri arasında geniş müzakirələrə səbəb olub. Tanınmış futbolçunun belə bahalı və eksklüziv aksessuarlara üstünlük verməsi onun dəb və həyat tərzinə olan marağını bir daha göstərir.