Türk dövlətləri arasında əməkdaşlıqda ilk kövrək addımlar 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türk dilində danışan ölkələrin Zirvə görüşü ilə atılıb.
Bu barədə “Turanın səsi“ nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış müqavilə ilə qurulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında Türk Dövlətləri Təşkilatı adlandırılan bu beynəlxalq qurum hazırda Türk dövlətlərinin birlik, qardaşlıq, həmrəylik mücəssəməsi olmaqla yanaşı, dünyanın siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdədir.
Əlbəttə, bu yüksəlişə birdən-birə nail olunmayıb, bu uğurlar heç də rahatlıqla əldə edilməyib. Dünyanın yarıdan çoxunu fəth etməyə qadir olan türkün gücünə, qüdrətinə şahidlik edən tarix və bu tarixi yaxşı bilən, ondan dərs çıxarmağa çalışan bu günün siyasi güc mərkəzlərinin, dünyanın taleyini həll etmək iddiasında olan dairələrin hədələrini, zərbələrini dəf etmək, onların müqavimətini qıraraq bu səviyyəyə ucalmaq heç də asan olmayıb.
Təbii ki, bu birliyin təməlinin qoyulmasının, zaman-zaman inkişafının kökündə, xalqların etnik köklərə malik olmaları, dil birliyimiz, milli ənənələrimizin yaxınlığı, bir-birinə oxşarlığı, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi, zəngin və qədim tariximiz, ortaq mədəniyyətimiz, tarixi keçmişimiz, Türk dövlətlərini sıx birləşdirən xalqların qarşılıqlı səmimi dostluq münasibətləri, liderlərin siyasi iradəsi, siyasi, iqtisadi, coğrafi məkan, demoqrafik vəziyyət, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səyləri, zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastrukturların yaradılması, Mərkəzi Asiyanı, Qafqazı, Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması zərurəti və sair dayanır. Lakin bu birliyin inkişafına güclü təkan verən, təşkilatın daha sıx formalaşmasını intensivləşdirən tarixi hadisə məhz 44 günlük Vətən müharibəsindəki Zəfərimizdir. Zaman sübut edir ki, bu hadisə yalnız Azərbaycan xalqının deyil, bütöv Türk dünyasının qürurunu artırdı, özünəinamını qaytardı, kimliyini dərk etdirdi. Rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq daha da gücləndi və bu, bu gün yüksələn xətlə inkişaf edir.
Məhz 2020-ci ildən sonra Türk dövlətlərinin rəhbərlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi əlaqələrin daha da dərinləşməsinin göstəricisidir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün vacib rol oynayır. Türk dövlətləri təkcə mədəni, iqtisadi deyil, siyasi və digər sahələrdə də güclərini birləşdirir və inkişaf etdirirlər. Xüsusilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin bərpası istiqamətində Türk dövlətlərinin Azərbaycana dəstəyi, əslində, həm də böyük siyasi mahiyyət kəsb edir.
“Türk Dövlətləri Təşkilatından, Azərbaycanın bu təşkilata verdiyi önəmdən və töhfədən danışarkən, heç şübhəsiz, Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində dediyi sözləri mütləq xatırlamalıyıq. Azərbaycanın yürütdüyü siyasətin əsas mahiyyətini vurğulayan dövlətimizin başçısı bildirmişdi: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Azərbaycan Prezidenti Şuşada çıxışında “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir” deməklə bir daha türk dünyası ideyasının əhəmiyyətini vurğuladı, onu beynəlxalq aləmin diqqətinə çatdırdı. Şuşa Zirvə görüşünün yekunu olaraq imzalanan Qarabağ Bəyannaməsi isə heç bir mübaliğəsiz demək olar ki, Türk Dövlətləri Təşkilatının yol xəritəsi olacaq.