image-rt-reklam
image-1backend

“Ermənilər reallığı anlayırlar ki, xilas yolu əməkdaşlıqdan keçir” – Politoloq 

image-728x90

Ermənistanda son aylarda baş verən ictimai və siyasi dəyişikliklər göstərir ki, xalq nəhayət reallığı qəbul etməyə başlayıb. Artıq erməni cəmiyyəti illərlə daşnak və revanşist təbliğatın təsiri altında yaşadığı uğursuz və dağıdıcı siyasətin nəticələrini açıq şəkildə görür.

Bu barədə saytımıza açıqlamasında politoloq Arzuman Muradlı fikirlərini bölüşüb. O bildirib ki, bu gün Ermənistanın inkişafı, firavan gələcəyi yalnız region dövlətləri, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə mümkündür.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“İndi Ermənistanda heç kim revanşistlərin və daşnakların küyünə getmir. Çünki xalq başa düşür ki, onlara torpaq vəd edənlər əslində onların gələcəyini məhv ediblər”, – deyə politoloq vurğulayıb.

Arzuman Muradlı qeyd edir ki, Ermənistanın 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlaması, əslində, öz cəmiyyətinin inkişafının qarşısını alıb. İşğalın davam etdiyi illər ərzində erməni xalqına qondarma ideyalar, yalançı qəhrəmanlıq nağılları və “böyük Ermənistan” xülyaları aşılanıb.

Lakin nəticədə bu siyasət Ermənistanı bölgədə təcrid olunmuş, iqtisadiyyatı çökmüş, əhalisi ölkədən kütləvi şəkildə köç edən bir ölkəyə çevirib.

“Ermənilər artıq anlayırlar ki, illərlə daşnakların təsiri altında yaşamaq onların həyatını puç edib. İndi televiziyalardan Qarabağın necə yenidən qurulduğunu, necə cənnətə çevrildiyini görəndə başa düşürlər ki, boş vədlərlə yaşamaq olmaz. Azərbaycan dağıdılmış əraziləri abadlaşdırır, yeni şəhərlər salınır, yollar, məktəblər, xəstəxanalar tikilir. Bu reallıq onlara da dərs olmalıdır”, – deyə Muradlı əlavə edib.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan da artıq bu reallığı qəbul edir və xalqını sərsəm torpaq iddialarından uzaqlaşdırmağa çalışır. Bu, həm daxili təzyiqlərlə, həm də regiondakı geopolitik dəyişikliklərlə bağlıdır.

“Paşinyan anlayır ki, bu gün Ermənistanın xilası yalnız qonşularla – yəni Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan keçir. Çünki bu münasibətlər regiona sülh və sabitlik gətirəcək. Nə qədər revanşistlər fəallaşmağa çalışsalar da, indi heç kim onların səsinə səs vermir”, – politoloq bildirib.

Arzuman Muradlı hesab edir ki, Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın, həm Ermənistanın, həm də ümumilikdə regionun sosial-iqtisadi inkişafına böyük təkan verəcək. Bu dəhliz Orta Asiya ilə Avropa arasında mühüm bir iqtisadi arteriya olacaq və bütün tərəflər bundan fayda götürəcək.

“Ermənilər başa düşürlər ki, indiki vəziyyətdə aclıqla, yoxsulluqla yaşamaq olmaz. Onlar firavan və sabit həyat istəyirlər. Zəngəzur dəhlizinin açılması bu fürsəti verəcək. Azərbaycan artıq dəhlizin öz ərazisindən keçən hissəsində tikinti işlərini yekunlaşdırıb. Ermənilərin də bu prosesə qoşulması onların rifahı üçün vacibdir”, – politoloq bildirib.

Bu gün Ermənistanda yaranan yeni ictimai-siyasi ab-hava onu göstərir ki, reallığın qəbul olunması prosesi başlayıb. Ermənistan rəhbərliyi və xalqı illərlə yaşadıqları düşmənçilik ideologiyasının özlərinə necə baha başa gəldiyini görür və bu yanlışlardan çıxış yolları axtarır.

Sülhə aparan yol isə aydındır: əlaqələrin normallaşdırılması, əməkdaşlıq və qarşılıqlı hörmət. Əgər Ermənistan bu yolla davam edərsə, o zaman bölgədə yeni bir sabitlik və inkişaf dövrü başlaya bilər – bu da həm ermənilər, həm də regionun bütün xalqları üçün faydalı olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90