image-rt-reklam
image-1backend

DÜNYANI YAXIN 5 İLDƏ GÖZLƏYƏN 5 BÖYÜK MÜNAQİŞƏ – Siyahıda Cənubi Qafqazın adı keçmir, amma…

image-728x90

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi davam edərkən və onun tezliklə bitmə perspektivi qaranlıq görünərkən, artıq dünyanı yeni böyük münaqişələrin gözlədiyinə dair həyəcan siqnalları eşidilir. Təəssüf ki, dünyadakı köhnə və yeni iri münaqişə ocaqlarının çoxu istənilən an yenidən alovlanma nöqtəsinə kifayət qədər yaxın görünür və bu prosesdə Rusiyanın başlatdığı ədalətsiz, beynəlxalq hüquqa tamamilə zidd işğalçılıq savaşı triger rolunu oynamaqdadır…

Amerika kəşfiyyatı və Qərb ekspertlərinin bu mövzuyla bağlı proqnozları heç də ümidverici deyil. Onlar yerli böhranların növbəti beş ildə qlobal nəticələrə gətirib çıxaracaq böyük hərbi münaqişələrə çevriləcəyinə dair həyəcan təbili çalırlar.

Ulusal.az xəbər verir ki, nüfuzlu “Politico” nəşri ABŞ kəşfiyyatının hesabatları və Qərb ekspertlərinin rəylərinə əsaslanaraq, yaxın illərdə 5 irimiqyaslı münaqişənin olacağını proqnozlaşdırıb.

Hesabatda deyilir ki, dünya Yaxın Şərqlə yanaşı, növbəti illərdə Asiyadan Avropaya qədər ən azı daha beş qaynar nöqtənin alovlanması təhlükəsi altındadır.

Nəşr gələcək münaqişələrin potensial ocaqlarının siyahısını təqdim edib:

1.Hindistan və Pakistan. Təxminən bərabər nüvə arsenalına malik olan Hindistan və Pakistan (müvafiq olaraq 170 və 180 döyüş başlığı) bu gün nüvə müharibəsi riskinə bəlkə də ən yaxın olan ölkələrdir.

Burada daxili siyasət kritik rol oynayır: millətçi hisslər və “güc nümayiş etdirmək” istəyi hər iki tərəfi getdikcə gərginləşməyə sövq edir. Qeyd edək ki, xüsusilə də Pakistanın son qısamüddətli savaş zamanı Hindistandan bir baş üstün nəticə göstərməsi qarşı tərəfi daha ciddi hərbi hazırlıqlara sövq edir.

2. Çin-Tayvan. Bu münaqişə 21-ci əsrin dünya nizamı üçün əsas sınaq ola və bunda kimin aparıcı rol oynayacağını müəyyən edə bilər – ABŞ, yoxsa Çin? Vaşinqton çoxdan Tayvanı müdafiə etməyə hazır olduğunu bəyan edir, lakin çoxları ABŞ-nin indiki Prezidenti Donald Trampın da eyni qətiyyət nümayiş etdirəcəyinə şübhə edir.

3.Rusiya və Baltikyanı ölkələr. Potensial münaqişəyə Moskvanın tarixən özününkü hesab etdiyi əraziləri geri qaytarmaq, həmçinin NATO və Aİ-nin şərq üzvlərini müdafiə etməyə hazırlığını yoxlamaq istəyi səbəb ola bilər.

Əlavə edək ki, bu məsələ Ukraynadakı müharibənin necə, hansı şərtlərlə və nə vaxt bitəcəyindən də xeyli dərəcədə asılıdır.

4.Hindistan-Çin. Bu münaqişədə Çin daha əlverişli vəziyyətdədir. Belə ki, sərhəddə Çin silahlarının əhatə dairəsində Hindistana aid daha çox kütləvi yaşayış əraziləri var, nəinki Hindistan silahlarının əhatə etdiyi Çin ərazilərində. Yəni, münaqişə olsa, Çinin zərbələri daha effektiv və dağıdıcı ola bilər.

Bölgədə gərginlik çox yüksəkdir ki, bu da ciddi anlaşılmazlıq və eskalasiya risklərinə səbəb olur. Bu baxımdan hər iki tərəfə sərhəddə silah gəzdirmək qadağan olunub. Eyni zamanda, iki ölkə arasında effektiv çəkindirmə mexanizmləri, müqavilələr və ya birbaşa əlaqə kanalları yoxdur.

5.Koreya yarımadası. Şimali Koreya ilə Cənubi Koreya arasında gərginlik istənilən an böyük müharibəyə çevrilə bilər. Şimali Koreya ərzaq çatışmazlığı və sərt hökumət nəzarəti də daxil olmaqla ciddi daxili çətinliklərlə üzləşən ölkədir. Nüvə silahına malik olan Kim Çen Inın Səddam Hüseyn və ya Qəddafinin yolu ilə getməsi ehtimalı azdır. Ancaq təhdid edildiyini və ya zəiflədildiyini hiss edərsə, hadisələr gözlənilməz və təhlükəli məcraya yönələ bilər.

Yuxarıda sadalanan proqnozlar arasında Cənubi Qafqazın adı keçmir. Əlbəttə ki, bu da sevindiricidir və Azərbaycanın möhtəşəm hərbi-siyasi qələbəsi sayəsində mümkün olub. Ümid edək ki, nə yaxın, nə də uzaq perspektivdə kənardan kimsənin bizim regionu qarışdırmaq imkanı olmayacaq və xüsusilə də Ermənistan tərəfindən buna şərait yaradılmayacaq. Ancaq onu da unutmayaq ki, regionumuzdakı mövcud status-kvo, real sülh və çiçəklənmə perspektivi şimal, və cənub qonşularımız olan Rusiya ilə İranı qətiyyən qane tmir…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90