Qars Türkiyənin şərqində yer alan qədim bir şəhərdir. Bu şəhərin tarixi əhəmiyyəti olduqca böyükdür. Yüz illər öncə sərkərdələr hesab edirdi ki, kim Qarsa nəzarət edirsə, ölkənin sərhədlərinin təhlükəsizliyini təmin edib. Qars həm də strateji bir ərazi kimi qiymətləndirilir. Türkiyənin ən gözəl turizm məkanlarından biri olan Qarsda 135 min nəfər əhali yaşayır. Son illər Qars sürətlə inkişaf edir və turizm mərkəzinə çevrilir. Bu inkişafın özünəməxsus bir səbəbi var.
Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini ” mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər” elan edib inkişaflarını təmin etməkdir.
İlin əhalisi hazırda əsasən azərbaycanlılardan (buradakı azərbaycanlılar – Azərbaycan dilində danışan və özünə yerli deyən türklərdən, azərbaycanlıların etnoqrafik qrupu olan və Azərbaycan dilində danışan, özlərini tərəkəmə və ya qarapapaq adlandıran türklərdən, 1908-1946-cı illərdə əsasən İrandan, qismən də Azərbaycan SSR-dən siyasi təqiblərin təsiri nəticəsində Qars ilinə köç etmiş Azərbaycan türklərindən ibarətdir) ibarətdir.
Ölkəmizin Şərqi Anadolu Bölgəsində yerləşən Qars günəşin ilk doğduğu və bənzərsiz təbii gözəlliklərə malik olduğu yerdir. Qars ziyarət edilməli yerlər baxımından çox zəngin mədəni irsə malikdir.
Tarixi İpək Yolu üzərində yerləşən Qars, Tarix boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etdiyi üçün çox mədəni bir şəhərdir. Bu səbəbdən Qarsda tikililərdən bəziləri, şübhəsiz ki, müxtəlif xalqlar tərəfindən tikilən məscidlər və kilsələrdir.
Son illər Türkiyənin demək olar ki, bütün bölgələrindən insanlar qış aylarında Qarsa axışır. Onların çoxu gənclərdir. Artıq Türkiyədə gənclər arasında zarafata çevrilən belə deyimlər meydana gəlib: “Qarsa getməyənə pis baxırlar”.. Türkiyəli gəncləri Qarsa cəlb edən “Doğu Ekspressi” adlı qatardır. Ankaradan yola düşən bu qatar ölkənin demək olar ki, bir ucundan o biri ucuna 24 saatlıq səfərdən sonra Qarsa çatır. Bir neçə ildir ki, “Doğu Ekspressi” Türkiyədə populyardır. Bu populyarlıq isə sosial şəbəkələr sayəsində mümkün olub. Turizmin sürətlə inkişaf etdiyi Türkiyədə turistlərin marağına səbəb olacaq tarixi abidələrdir. Qarsda bu tarixi abidələrin sayı olduqca çoxdur. Məhz bu səbəbdən son illər əcnəbilərin Türkiyəyə, Qarsda axını çoxalıb. İndi Qarsda çoxsaylı əcnəbi turist gprmək mümkündür. Beləliklə bu yazımızda Qarsda olan tarixi, etnoqrafik abidələri sizə təqdim edəcəyik.
1. Ani xarabalıqları
Ani xarabalıqları Qarsda ziyarət edilməli yerlər siyahısında birinci yerdədir. 2012-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmiş və daha sonra 2016-cı ildə Ümumdünya İrs Saytı kimi qeydə alınmışdır. Türkiyənin ən əhəmiyyətli qədim şəhərlərindən biri olma xüsusiyyətinə malikdir.
Bir müddət ərzində ümumi əhalisinin 120.000-dən çox olduğu iddia edilən, yerli və xarici turistlərin böyük marağına səbəb olan Ani Qədim Şəhəri də Anadoluda ilk məscidin burada olması ilə çox əhəmiyyətlidir. Qarsın ən çox ziyarət edilən yerlərindən biridir.
Tarixi eradan əvvələ gedib çıxan bu şəhərin qalıqları Türkiyə – Ermənistan sərhədində, Arpaçayın kənarında yerləşir. Şəxsən mənim üçün burdakı kilsə qalıqlarından daha çox Arpaçayın qarşı tərəfi maraqlı oldu. Arpaçayın digər tərəfində bir zamanlar babalarımızın yaşadığı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin əraziləri olan Dərələyəz mahalı yerləşir. Qarsdan bu torpaqlar çox aydın şəkildə görünür.
2. Qars qalası
Qars qalası, II. Muratın əmri ilə 1579-cu ildə tikilib. Mərkəzi Qala, İç Qala, Stadel kimi də tanınan qala, Möhtəşəm quruluşu ilə Qars ziyarət edilməli yerlər arasında mühüm yer tutur.
Bu günə qədər davamlılığını qoruyub saxlaması ilə diqqət çəkir. Bənzərsiz təbiət mənzərəsi olan Qars qalasına gələnlər üçün qalanın yuxarı hissəsində kafe var.
3. Qars muzeyi
Qars Muzeyi 1981-ci ildə açılıb. Arxeoloji, etnoqrafik və daş əsərlərinə ev sahibliyi edən mühüm muzeylərdən biridir. Tarixi eksponatların nümayiş olunduğu ikimərtəbəli muzeydir. Burada tunc bəzək əşyaları, xaçlar, silahlar, mətbəx əşyaları, yazı dəstləri, möhürlərlə yanaşı, Roma, Bizans, Səlcuq və Osmanlı dövrlərinə aid parçalar da var. Eyni zamanda, Ani xarabalıqları qazıntılarından əldə edilən əsərlər də sərgilənir.
4. Övliya məscidi
Övliya məscidi 1579-cu ildə Lalə Mustafa Paşa tərəfindən tikilib. İlkin quruluşunu qorumaq üçün 1989-cu ildə minarəsi yenidən qurulan məscid Qarsın mərkəzində yerləşir. Qarsın ziyarət edilməli yerləri arasında önəmli yerə sahib olan məscid yerli və xarici turistlərin ən çox üz tutduqları yerlərdən biridir.
5. Qars Pendir Muzeyi
Türkiyədə böyük bir şöhrətə sahib olan Qars Pendir Muzeyi, 30-dan çox pendir növünün sərgiləndiyi və canlı pendir istehsalının təsvir edildiyi bir muzeydir. Dünyada 18-ci pendir marşrutu kimi qeydə alınan Qarsda istehsal edilən pendir yerli və xarici ziyarətçilərə təbliğ edilir.
Türkiyənin ilk və tək pendir muzeyi olaraq önə çıxan Qars Pendir Muzeyidir. Hər il minlərlə yerli və xarici turist tərəfindən ziyarət edilir.
6. Mərkəzi Kümbet məscidi
Mərkəzi Kümbet məscidi Həvarilər Kilsəsi kimi də tanınır. Şərqin Ayasofiyası titulu daşıyan bu məscid 10-cu əsrdə kilsəsi kimi tikilib. Bu səbəbdən binanın Xristianlıq üçün çox əhəmiyyətli yeri var. Adından da göründüyü kimi sadəcə bir ibadət yeri deyil, 12 Həvarinin xatirəsi üçün tikilmişdir. Müsəlmanlar tərəfindən alındıqdan sonra məscidə çevrildi.
7. Valilik malikanəsi
Köhnə valilik malikanəsi 1921-ci ildə Qars müqaviləsinin imzalandığı malikanədir. Ordu küçəsində yerləşən valilik binasıdır. Onun bərpası 2009-cu ildə başa çatıb və bu gün də valilik kimi fəaliyyət göstərir.
8. Qars Bəylərbəyi Sarayı
Qars Bəylərbəyi Sarayı Qars qalasının ətəyində yerləşir. İkimərtəbəli saray 1579-cu ildə Lalə Mustafa Paşa tərəfindən tikilib. Qarsın mərkəzində yerləşdiyi üçün ziyarət üçün ən yaxşı yerlər sırasındadır.
Tamamilə yonma daşdan və söküntü daşdan tikilmiş bina 1878-ci ilə qədər Sancak Köşkü, sonra isə 1918-ci ilə qədər Hökumət Konağı kimi istifadə edilmişdir.
9. Tiqran Honents kilsəsi
Tiqran Honents kilsəsi 1215-ci ildə varlı tacir Tiqran Honents tərəfindən tikilmişdir və kilsə həm də Şəkilli kilsə kimi tanınır. İçərisində freskaları ilə diqqət çəkən kilsə, Qarsda ziyarət edilməli yerlərdən biri olan əhəmiyyətli bir tikilidir.
Kilsənin daxili divarlarında Hz. İsanın doğumundan ölümünə qədər olan hadisələr freskalarla simvollaşdırılır. Lakin düzgün olmayan bərpa işləri ucbatından təəssüf ki, bu freskaların bir çoxu günümüzə qədər gəlib çatmamışdır.
10. Məzlum Ağa Hamamı
Məzlum Ağa Hamamı, Osmanlı Sultanı III. 18-ci əsrdə Qarsda II Murad tərəfindən tikilmişdir. Puşkin hamamı kimi tanınan hamam Osmanlı memarlığının ən fərqli xüsusiyyətlərini daşıyan bir bina olaraq bu gün də əhəmiyyətini davam etdirir.
İllərdir xalqın xidmətində olan tarixi hamam təəssüf ki, baxımsızlıq ucbatından yox olmaq təhlükəsi ilə üz-üzədir. Daxili dekorasiyaları ilə diqqət çəkən tarixi bina Qarsda gəzməli yerlər arasında önəmli yer tutur.
11. Qars Baltik Memarlığı
40 il Rusiya işğalı altında olan Qarsda nşa edilən binadır. Qarsdakı Gəlir İdarəsi binası Baltik Memarlığı baxımından çox əhəmiyyətlidir.
1882-ci ildə Qarsda ruslar tərəfindən Baltik Memarlığı həyata keçirilməyə başlandı. Bu memarlıq üslubu ilə birmərtəbəli, ikimərtəbəli və çox nadir hallarda üçmərtəbəli binalar tikilirdi. Binaların içərisində diqqət çəkən ən mühüm detallardan biri də ‘Peç’ adlı istilik sistemidir. Bəziləri iqamətgah, bəziləri rəsmi qurumların istifadəsində olan və Baltik memarlığının mühüm nümunələri olan binalardan 190-ı hazırda qorunur.
Qars bizim üçün doğmadır. Qeyd etdiyim kimi burda çox sayda azərbaycanlı yaşayır. Onların bir çoxu indiki Gürcüstandan, Ermənistandan illər əvvəl köçüb gələnlərin övladları, nəvələrədir. Qars qış turismi üçün olduqca əlverişlidir.
Qarsa səfər etməyin ən gözəl zamanı sözsüz qışdır. Amma bu şəhərin qışı çox sərt keçir.
Türkiyənin ən məşhur muzeyi hesab edilən Qafqaz Cəbhəsi Muzeyi də Qarsda yerləşir. Türk ordusunun Rusiya qoşunlarına qarşı müqavimətini əks etdirən eksponatlar, şəhid olan əsgərlərin əşyaları bu muzeydə sərgilənir. Azərbaycanlıların çox yaxşı tanıdığı, Naxçıvanın xilaskarı Kazım Qarabəkir Paşanın məşhur “Ağ vaqonu” da bu muzeyin həyətindədir.
Bir sözlə yolunuz Qarsa düşsə, bu tarixi məkanları ziyarət etməyi unutmayın.
Qoşqar Salmanlı