İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il ötür. Ermənistanın məğlubiyyəti ilə bitən və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci ildə imzaladığı bəyanatın 4-cü bəndində qeyd olunur ki, Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. O cümlədən 9-cu bəndə görə, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyaları inşa olunmalı idi.
Amma üçtərəfli bəyanatın imzalanmasından iki il keçməsinə baxmayaraq, Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirmir.
Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a bildirdi ki, Ermənistanın üçtərəfli imzalanmış bəyanata əməl etməməsinin səbəbləri çoxdur.
“Amma bir neçə əsasını deyəcəm. Rusiya Federasiyasına aid olan dırnaqarası sülhməramlı hərbi kontingentinin üçtərəfli imzalanmış sənəddə onların üstünə düşən öhdəliyin yerinə yetirilməməsi ən əsas səbəbdir.
Ermənistan hərbi qüvvələrinin Qarabağdan çıxarılması Rusiyaya həvalə olunmuşdu. Onların prezidenti həmin sənədin altından imza atıb. Və onların öhdəçiliyi idi ki, bizim ərazimiz daxil olduğunuz andan paralel olaraq Ermənistan dövlətinə aid olan silahlı birləşmələri və başqa quldur dəstələri ərazimizdən çıxardacaqsınız. Amma onlar bunu etmədilər. Əvəzində nə etdilər? Ermənistana məxsus silahlı birləşmələrlə, ərazimizdə 30 ildən artıq kök salmış separatçılarla, terrorçularla əməkdaşlıq etməyə başladılar. Bu əməkdaşlıq da əslində davam edir. Laçın dəhlizinə onlar nəzarət edirdi və əgər Laçın dəhlizindən Ermənistana məxsus hərbi birləşmələrə təminat gəlməsə idi, onların vaxtaşırı quldur kimi mülki paltarda yerdəyişmələri olmasa idi, üzərinə düşən öhdəliyi vicdanla yerinə yetirsəydilər, o hərbi birləşmələr orada necə qala bilərdi? Onlar separatçılarla əməkdaşlıq etməsə idi, o separatçılar orada bu günə qədər necə fəaliyyət göstərə bilərdilər?”
Deputat onu da qeyd etdi ki, burada Ermənistan nə qədər günahkardırsa, o qədər də hərbi kontingent və hərbi kontingentin tabe olduğu mərkəz, yəni Rusiya Federasiyasının hərbi siyasi rəhbərliyi günahkardır.
“Mənə belə gəlir ki, Rusiya Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanmasına nail olmaq üçün çalışmır. Əksinə, istəyirlər ki, münaqişə ocağı mövcud olsun və Ermənistanın təxribatları davam etsin, Azərbaycan bu təxribatlara tutarlı cavablar versin, onun nətincəsində də hər iki tərəfdə də itkilər olsun. Bunlar da bu fürsətdən istifadə edib ərazimizdə qalmalarını həm stimulaşdıralar, həm müddəti uzadalar, həm də deyələr ki, “Bax biz burdayıq. Biz burada olmasaq görün nə olar. Qan su yerinə axar”. Amma belə deyil. Onların elə bölgədə olmağı qan su yerinə axıdır və gərginliyi, münaqişəni sönməyə qoymur. Və başqa günahkarlar da var. İran faktorunu demək lazımdır. İranın Ermənistana köməyi, yardımı və deməyi ki, “Ermənistanın təhlükəsizliyi bizim qırmızı xəttimizdir”, bu da çox şeydən xəbər verir.
Eyni zamanda, tarixdə özünü müstəmləkəçi, işğalçı dövlət kimi tanıtmış, Əlcəzairi uzun illər müstəmləkə kimi saxlayıb, orada milyonlarla günahsız insanın qanını tökmüş və başqa bölgələrdə belə soyqırımlar törətmiş Fransanın da günahı az deyil. Bax, bunların fitvası nəticəsində, işğalçı, terrorçu bu dövləti arxayınlaşdırması və ona verilən vədlər nəticəsində bu proses bu cür davam edir. İmzalanan tək o sənəd yox, ondan sonra 11 yanvar 2021-ci il sənədi, 26 noyabr 2021-ci il sənədi imzalanıb və dörd dəfə Avropda görüşlər keçirilib. Bu yaxınlarda Rusiya Federasiyasının rəhbərinin vasitəçiliyi görüş keçirildi. Amma nə faydası var ki? Sanki bunlar hamısı həm şimal, həm cənub, həm də Qərb bu məsələdə əlbir olub və Ermənistanın tərəfində durub Azərbaycana qarşı müxtəlif problemlər yaratmaqla məşğuldurlar”,- deyə Elman Məmmədov vurğuladı.






















