image-rt-reklam
image-1backend

Kazino biznesinin leqallaşdırılması: Azərbaycanın xeyri nə ola bilər?

image-728x90

Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. O vaxtdan bəri ölkədə kazinolar qanunvericilik çərçivəsində qeyri-leqaldır. Yalnız “lotereya” və “idman mərc oyunları” qanuni şəkildə həyata keçirilir.

Son günlərdə isə regionda baş verən iqtisadi və turizm dəyişiklikləri fonunda Azərbaycanda kazinoların yenidən açılması məsələsi gündəmin müzakirə mövzularından birinə çevrilib. Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən kazinoların Azərbaycan vətəndaşlarını cəlb etməsi və ölkədən çıxan milyonlarla vəsait bu məsələni bir daha gündəmə gətirib. Həmçinin ekspertlər hesab edir ki, kazinoların fəaliyyətinə qoyulan qadağanın aradan qaldırılması turizmin inkişafında güclü təkan yarada bilər. Yəni bu yolla ölkəyə turist cəlb etmək, xaricə çıxan vəsaitlərin qarşısını almaq olar.

Maraqlıdır, həqiqətən də kazinoların açılması müsbət nəticə verə bilər? Bu, turizm və iqtisadiyyat üçün fürsət ola bilər, yoxsa cəmiyyət üçün təhlükə yaradar? Azərbaycanda kazinoların yenidən fəaliyyət göstərməsi mümkündürmü?

Mövzu ilə bağlı Publika.az-a danışan turizm eksperti Razi Abasbəyli bildirdi ki, belə bir qanun Azərbaycanda tətbiq edilə bilər:

“Azərbaycanda elektron qumar oyunları və qeyri-qanuni kazino yatırımları üzrə ciddi şəkildə vəsaitlər dövriyyəsi mövcuddur. Bu da Azərbaycan üzərindən xarici ölkələrə faktiki olaraq valyuta axını deməkdir. Nə qədər qadağalar tətbiq edilsə də, vətəndaşlar internet məkanında müxtəlif resurslardan istifadə edərək qumar oyunlarının iştirakçısına və qurbanlarına çevrilirlər.

Bir sıra ölkələrin təcrübəsinə görə kazino, qumar oyunları müxtəlif qanunlarla tənzimlənir və müvafiq olaraq dövlət qurumları bu prosesə birbaşa nəzarət edirlər. Məsələn, Almaniyada, Amerika Birləşmiş Ştatlarında müvafiq dövlət qurumları qumar oyunları sisteminə nəzər edirlər. Və onlara vergi tətbiq, nəzarəti həyata keçirirlər. Eyni zamanda yaxın qonşumuz Gürcüstanda da bu təcrübə mövcuddur. Lakin Gürcüstanın təcrübəsi daha mütərəqqidir. Müvafiq olaraq turizm bölgələrində nəzərdə tutulmuş ərazilərdə turistlərin cəlb edilməsi və onların daha səmərəli istirahətinin təşkili məqsədilə fiziki kazinoların fəaliyyətinə icazə verilir. Əlbəttə ki, leqal şəkildə”.

Ekspertin sözlərinə görə, ötən il Gürcüstanın dövlət büdcəsinə məhz fiziki kazino oyunlarından təxminən 110 milyon dollara yaxın vergi daxil olub:

“Azərbaycanda da müxtəlif istirahət zonalarında, müxtəlif turizm komplekslərinin ərazilərində faktiki olaraq qapalı məkanlarda turistlərin cəlb edilməsi üçün bu prosesi həyata keçirmək mümkündür. Bunun üçün Milli Məclis müvafiq olaraq qanun qəbul etməli, mexanizmlər hazırlanmalı və mütləq müəyyən asılılıq, mənfi sosial tərəflərinin aradan qaldırılması, yaxud da sığorta tədbirləri üçün bir maddə olmalıdır. Yəni bu oyunları təşkil edən həm fiziki kazino təşkilatçıları, həm də elektron internet üzərindən qumar oyunlarının təşkilatçıları sosial məsuliyyət öhdəliyi götürməlidirlər. Bunun üçün büdcə təşkil edilməli və məcburi şəklində vergi tutulmalıdır. Qazanclarının müəyyən bir hissəsi məhz bu vərdişlərin təhlükəli, ziyanlı olduğunu təbliğ etmək üçün ayrılmalıdır.

R.Abasbəyli onu da qeyd etdi ki, vətəndaşların bank kartlarından pulların oğurlanmasının bir səbəbi də internet üzərindən təşkil edilən qumar oyunlarıdır:

Azərbaycan üçün ən böyük təhlükələrdən biri də qeyri-leqal internet üzərindən təşkil olunan qumar şəbəkə oyunlarından istifadə zamanı bank kartlarından pulların oğurlanmasıdır. Çünki bu zaman onlara məxsus bank kartlarının müvafiq məlumatları tələb olunur və bu məlumatlar faktiki olaraq beynəlxalq cinayətkar şəbəkənin əlinə keçir. Həmin kart məlumatları daha sonra digər cinayətkar dələduz qrupların əlinə keçə bilir. Onlara ötürülür və nəticə etibarilə də biz hər gün Azərbaycanda vətəndaşların bank kartından pulların oğurlandığının şahidi oluruq”.

İqtisadçının fikrincə, bütün bunların qarşısını almaq üçün Azərbaycanda həm fiziki kazinoların, həm də internet üzərindən təşkil edilə biləcək qumarı oyunlarının leqallaşdırılmasına çalışmaq lazımdır.

“Bu, həm Azərbaycandan valyutanın xaricə axınının müəyyən mənada qarşısını alacaq, eyni zamanda bu sahənin nəzarətə götürülməsinə gətirib çıxaracaq. Bu baxımdan da hesab edirəm ki, məhz hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır. Lakin burda ən vacib şərtlərdən biri bu sahədə rəqabət yaratmaqdır. Yoxsa hansısa inhisarçi şirkətin bu sahədə dominantlığı nəticə etibarilə yenə arzuolunmaz qeyri-leqal sistemlərin ortaya çıxmasına gətirib çıxaracaq. Ona görə də bu sahədə iştirak etmək istəyən bir deyil, bir neçə şirkətə şərait yaradılmalı və rəqabət olmalıdır. Rəqabət olduqda isə əlbəttə ki, vətəndaşların beynəlxalq cinayətkar qrupların təşkil etdiyi qumar oyunlarında iştirakının qarşısını ciddi şəkildə alına bilər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90