image-rt-reklam
image-1backend

“Biz dost və düşmənimizin kim olduğunu bilməliyik”- Politoloq

image-728x90

Azərbaycan artıq regionun lider dövlətinə çevrilib və bu, təsadüfi deyil. Bu statusun əldə olunması ölkənin düzgün müəyyənləşdirilmiş strateji xətti, güclü siyasi rəhbərliyi və beynəlxalq aləmdə artan nüfuzu ilə sıx bağlıdır. İstənilən inkişaf etmiş və güclənən ölkənin, təbii ki, dostları da olacaq, rəqibləri və düşmənləri də. Bu, beynəlxalq münasibətlər sisteminin dəyişməz reallığıdır.

Azərbaycanın kimlərlə dost münasibətlər quracağı da, hansı ölkələrlə gərginlik yaşayacağı da daxili və xarici siyasətdə tutduğu prinsipial mövqeyə, milli maraqlara əsaslanan yanaşmasına bağlıdır. Son dövrlərdə baş verən hadisələr fonunda bu münasibətlər sistemində müəyyən dəyişikliklər baş verib və bu da müxtəlif ictimai sorğulara da öz təsirini göstərib.

Rusiya ilə münasibətlərdə yaranan gərginlik xüsusilə diqqətçəkicidir. Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən raketlə vurulması və bu hərəkətə görə nə rəsmi üzr istənilməsi, nə də diplomatik protokola uyğun izahat verilməsi, təbii ki, münasibətlərə mənfi təsir edib. Bundan əlavə, Rusiyada yaşayan azərbaycanlılara qarşı artan təzyiqlər və qərəzli münasibət, ictimai rəyin Rusiyanı “dost” yox, daha çox “düşmən” kimi qiymətləndirməsinə səbəb olub. Bu fonda Ermənistanın sorğularda düşmən olaraq ikinci sırada yer alması diqqətçəkicidir.

Bununla belə, Ermənistan hələ də Azərbaycanın əsas düşmənlərindən biri kimi qəbul olunur. Bunun səbəbi təkcə tarixi münaqişə deyil, həm də hazırda Ermənistanda mövcud olan radikal, anti-Azərbaycan dairələrin fəaliyyətidir. Bu qüvvələrin yenidən hakimiyyətə gəlmək ehtimalı bölgədə sabitliyi poza bilər. Ona görə də ictimai rəy Ermənistana tam etimad göstərmir.

Hazırda Ermənistanla sülh sazişinin paraflanması, müharibə riskinin azalması və gələcəkdə Zəngəzur dəhlizinin tikintisinə başlanması perspektivi yeni bir mərhələnin başlanğıcını göstərir. Əgər bu proses uğurla davam etdirilərsə, regionda sabitlik və əməkdaşlıq üçün real zəmin formalaşa bilər.

İran və Fransanın da düşmənlər sırasında yer alması kifayət qədər əsaslıdır. İranın rəsmi rəhbərliyində müəyyən dəyişikliklər olsa da, daxildəki radikal qrupların anti-Azərbaycan mövqeyi dəyişməz olaraq qalır. Bu da Azərbaycan-İran münasibətlərində qeyri-sabit və ziddiyyətli bir durum yaradır.

Fransaya gəldikdə isə, Prezident Emmanuel Makronun Cənubi Qafqaz siyasəti açıq şəkildə anti-Azərbaycan mövqedə olub. Parisin ermənipərəst siyasəti, Azərbaycanın maraqlarına qarşı çıxması və regionda birtərəfli yanaşma nümayiş etdirməsi Fransa ilə münasibətləri dərin böhrana salıb. Son zamanlar rəsmi Paris bu mövqeyini korrektə etməyə çalışsa da, ictimai rəydə bu, hələ öz əksini tapmayıb. Fransa Azərbaycanın “dost” siyahısına keçmək istəyirsə, çox ciddi səylər göstərməlidir.

Bütün bu məsələlər ictimai sorğularda da öz əksini tapır və həmin nəticələr real ictimai və siyasi proseslərin aynasıdır. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Ermənistan-Azərbaycan münaqişəsi təkcə iki ölkə arasındakı münaqişə deyildi — bu, böyük güclərin bölgədəki maraqları çərçivəsində formalaşan geosiyasi münaqişə idi. Əslində, münaqişənin arxasında duran əsas qüvvələr Rusiya və İran olub — “parçala, hökm sür, koalisiya yarat” prinsipi ilə bölgədə süni konfliktlər formalaşdıraraq öz təsir dairələrini genişləndirməyə çalışıblar.

İndi isə reallıq dəyişməkdədir. Azərbaycan sülhə və sabitliyə doğru irəliləyir. Ermənistanın da bu yolda iradə nümayiş etdirməsi vacibdir — həm öz gələcəyi üçün, həm də regionun sabitliyi naminə. Əgər bu ölkə geosiyasi oyunların alətinə çevrilmək əvəzinə müstəqil və praqmatik siyasət yürütməyə qərar versə, Cənubi Qafqazda yeni və daha ümidverici bir dövr başlaya bilər.

Arzuman Muradlı

Politoloq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90