Ukrayna millisinin sabiq hücumçusu İvan Getsko yığmanın DÇ-2026-nın seçmə mərhələsinin ikinci turunda Azərbaycanla heç-heçə etməsinə (1:1) münasibət bildirib.
Ulusal.az xəbər verir ki, o, Sergey Rebrovun rəhbərlik etdiyi komandada problemin olduğunu iddia edib:
“Oyunun sonunda düşündüm ki, hətta qələbə qazansaydıq belə, Bakıda gördüyümüz futbol zövq verməzdi. Təəssüf ki, Sergey Rebrovun komandasında oyun yoxdur. Nə Fransa kimi top-rəqibə qarşı, nə də Azərbaycan kimi autsayderlərlə görüşdə.
Yığmada qəribə vəziyyət var. Burada təsadüfi insanlar yoxdur, əksəriyyətinin milyonluq müqavilələri var, həyatları uğurludur. Amma söhbət Ukraynanın idman şərəfini qorumaqdan gedəndə, bir məyusluq var. Söhbət həm legionerlərdən, həm də səviyyəsi çox zəif olan yerli çempionat oyunçularından gedir. Fransaya məğlubiyyət sanki hamı tərəfindən normal qarşılandı. Çünki rəqibin hər futbolçusu ulduzdur.
Amma Azərbaycanla matçda biz favorit idik. Təəssüf ki, yalnız kağız üzərində. Hətta fasilədən sonra hesabı açdıqdan sonra da tempi artırıb ikinci qol vurmaq əvəzinə, əksinə, sürəti azaltdıq və meydan sahiblərinə özünə gəlmək imkanı verdik. Əvəzetmədən meydana çıxan futbolçular oyunu gücləndirmədi. Ona görə də meydan sahibləri əzmkarlığa görə bir xal qazandılar.
Deyirlər, ümid axırda ölür, amma vəziyyət kritikdir. Əvvəlcə oktyabrda səfərdə islandlara qalib gəlmək lazımdır. Amma açığını desəm, bu oyunun gedişatından sonra buna inanmaq çətindir”.