Surgut şəhərində Azərbaycandan olan bir nəfərə qarşı cinayət işi açılıb. Onu qohumu olan miqrant üçün guya saxta nikah təşkil etməkdə ittiham edirlər. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Yuqra polisi versiyasına görə, həmin şəxs 2024-cü ilin iyul-avqust ayları arasında 24 yaşlı tanış qadını, qardaşı ilə evlənməyə 120 min rubl qarşılığında razı salıb.
İstintaq bildirir ki, şübhəli şəxs bu yolla həmvətəninə Rusiyada leqallaşmaqda və miqrasiya orqanlarının nəzarətindən yayınmaqda kömək etmək istəyib.
İş artıq məhkəməyə göndərilib. İndi Surgutda yaşayan azərbaycanlıya 5 ilədək həbs cəzası verilə bilər. Həmin nikahın ləğv olunması da planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ildən etibarən miqrantlara sadəcə nikah əsasında Rusiya vətəndaşlığı almaq qadağan edilib. İndi vətəndaşlıq almaq üçün nikahla yanaşı, birgə övladın olması da tələb olunur.