Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun fəaliyyətini kəskin tənqid edib. Ulusal.az xəbər verir ki, o, sentyabrın 10-da parlamentdə çıxışı zamanı bildirib ki, qurumun gördüyü işlər heç bir fayda verməyib və əksinə, bölgədə münaqişəni dərinləşdirib.
“ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm, orada belə bir şey olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirməyə, onu təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq alətinə çevirməyə yönəlib”, – Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, “Qarabağ məsələsi” əslində çoxdan həll olunub, lakin bu barədə İrəvana məlumat verilməyib. O qeyd edib ki, Minsk qrupu formatında aparılan danışıqlar yalnız Ermənistanın asılılığını daha da artırmaq məqsədi daşıyıb.
Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını təmin etdiyi üçün hökumət Azərbaycanla sülh müqaviləsi imzalanmamışdan əvvəl Minsk qrupunun ləğvini qəbul edib:
“Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə tənzimləndiyini görəndə belə qərara gəldik ki, bu şansı əldən verə bilmərik”.
Deputatların kommunikasiyaların açılması fonunda Azərbaycan vətəndaşlarının Ermənistana girişinə dair suallarını cavablandıran Paşinyan deyib ki, ölkənin suverenliyi və yurisdiksiyası milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hər kəsə şamil olunur.
O, həmçinin sərhəd-keçid məntəqələrində müasir texnologiyaların tətbiq ediləcəyini açıqlayıb: “İnsan müdaxiləsi olmadan pasport nəzarətini həyata keçirən cihazlardan istifadə etmək niyyətindəyik. Sərhədçilər yalnız şübhəli şəxslər aşkarlanarsa müdaxilə edəcəklər”.
Paşinyan bu texnologiyaların Ermənistanın bütün sərhədlərində – Azərbaycan, Gürcüstan, İran, Türkiyə ilə yanaşı hava limanlarında da tətbiq ediləcəyini qeyd edib.