Ermənistan ordusu genişmiqyaslı islahatlara başlayıb və hərbi büdcə kəskin şəkildə artırılıb. Bu barədə danışan Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, 2023-cü ildə Ermənistan ordusunun müdafiə xərcləri 1,2 milyard dollar təşkil edəcək. Onun sözlərinə görə, prosesin bütün mahiyyəti peşəkar orduya keçid, müdafiə qabiliyyətinin artırılmasıdır. Belə ki, Ermənistan yüksək standartlara malik ordu yaratmaq niyyətindədir. Qeyd edək ki, Ermənistan ordusu 2020-ci ildə 44 günlük müharibədə texnikasının yarısından çoxunu itirmişdi. Yeni texnologiyalara uyğun ordu quruculuğu da Nikol Paşinyanın düşündüyü qədər asan olmayacaq.
Ulusal.az-ın məlumatına görə, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 44 günlük müharibə bitdikdən sonra Ermənistan ordusunun yenilənməsi və silah-texnika parkının komplektləşdirilməsi, yəni silah və texnikaların alınması istiqamətində bir sıra tədbirlər həyata keçirməyə başladı. Rusiyadan müəyyən satınalmaları reallaşdırmağa çalışsa da bu mümkün olmadı.
“Hələ 2016-cı il aprel döyüşlərindən sonra, yəni 2017-ci ildə əldə olunan razılaşmaya əsasən Ermənistan hələ keçmiş prezident Serj Sarkisyanın dövründə Rusiyadan təxminən 200 milyon dollar məbləğində müxtəlif təyinatlı hərbi vasitələr almışdı. Bunlar “Smerç” və “Tos” reaktiv yaylım atəşi sistemləri, “Kornet” tankəleyhinə raket kompleksi, “İqla” daşınan zenit-raket kompleksi və s. bu kimi silah və texnikaların alınmasını həyata keçirmişdi. Lakin 2020-ci il, 44 günlük müharibədə Ermənistan öz maddi-texniki bazasının, yəni silah parkının təxminən yarsını itirdi. Təxminən 4 milyard dollar məbləğində silah-texnika sıradan çıxarıldı” – deyən hərbi ekspert bildirib ki, 44 günlük müharibədən sonra Ermənistan Rusiyadan tələbatını yerinə yetirə bilməyəcəyini anlayıb, digər ölkələrdən bu istiqamətdə satınalmalar həyata keçirməyə cəhd etdi. Ermənistan Hindistan və ərəb ölkələri, həmçinin Qərbi Avropa ölkələrindən satınalmalar həyata keçirməyə çalışdı. Hindistanla əldə olunan müqaviləyə əsasən Ermənistan “Pinaka” raket sistemi, “Svati” radiolokasiya sistemi, “Rusdom” silahlı PUA-sı, “Arçer” silahlı PUA-nın alınması üçün 260 milyon dollar məbləğində müqavilə imzalayıb. Bu proses indi də davam edir. Məqsəd ordunu gücləndirməkdir.
Əldə olunan digər məlumata görə, İranla da bu istiqamətdə müəyyən satınalmalar həyata keçirməyə cəhd edir. Xüsusən “Şahed 191”, “Şahed-129” silahlı PUA-larını İrandan əldə etmək istəyir. Hətta Ermənistan ordusunun mütəxəssisləri bu PUA-alar İranda baxış da keçiriblər. Lakin bir məqamı qeyd etmək lazımdır ki, 1,2 milyard dollar büdcə ilə Ermənistan qısa müddətdə qarşıdan gələn 5 ərzində də, hər il 1,2 milyard dollar məbləğində müdafiə xərclərinə sərf etsə belə, Ermənistan ordunun tam komplektləşməsini müasir texnologiyaların təminatını həyata keçirə bilməz.
Ramil Məmmədlinin fikrincə, Ermənistan orudusunda mütəxəssislərlə bağlı uzun illərə ehtiyac var.
“Ordunu müasirləşdirmək istəyən Ermənistan rəhbərliyi, dövləti qarşıdan gələn 20 il ərzində bu prosesi həyata keçirə bilər. Yəni sürətli olarsa 15, mərhələli olarsa, 20 il ərzində bu baş verə bilər. Təbii ki, məqsəd Azərbaycan qarşısında güclənmək, Azərbaycan qarşısında duruş gətirməkdir. Amma bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan da yerində saymaqla məşğul deyil. Öz imkanlarını gücləndirməyə çalışır” – deyə Ramil Məmmədli əlavə edib.
Hərbi ekspertin fikrincə, Ermənistan öz ordusunu regionun güclü hərbi birləşməsinə çevirə bilməyəcək. Çünki ilk olaraq, Ermənistan ordusunun çox güclü olması Rusiyaya sərf etmir. İkincisi, Qərb hələ də Rusiyanın nəzarəti altında olan Ermənistanı güclü silahlandırmağa maraqlı deyil. Üçüncüsü isə, Azərbaycan və Türkiyədə bu istiqamətdə zəruri tədbirlər həyata keçirəcək ki, Ermənistanın silahlanması yüksək səviyyədə həyata keçməsin. Yəni Qərb ölkələri silahların təminatı-təchizatı məsələsini asan şəkildə reallaşdıra bilməsin.
“Ermənistan ordunu gücləndirməyə çalışır. Azərbaycanla sərhəd zonasında yeni müdafiə xətti yaratmağa çalışır. Amma daxili iqtisadi problemlər pul kütləsinin az olması, maliyyə imkanlarının yüksək olmaması bu məsələdə müəyyən maneələr yaradacaq və artıq yaratmağa başlayıb” – deyə Ramil Məmmədli əlavə edib.
P.S. Ermənistanın ordunu gücləndirmək istəyi, bunun üçün silah və texnika almaq məqsədilə müxtəlif ölkələrlə bağlanan müqavilələr sübut edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyətində deyil. Keçirilən Soçi Brüssel, Praqa, Moskva və s. görüşlər isə, sadəcə vaxt qazanmaq üçün bir bəhanədir. Amma Azərbaycan artıq tək deyil. Bizim Türkiyə kimi tərəfdaşımız var. Bununla yanaşı dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər, etdiyi səfərlər, İsraillə münasibətlərin dərinləşdirilməsi və s. bu dəfə Azərbaycanı 30 il əvvəlki vəziyyətə salmaqdan xilas edəcək. Yəni Paşinyanın Qarabağ sevdası heç bir zaman baş tutmayacaq.