“Bakıdakı binalar Türkiyədəki binalardan keyfiyyətlidir” və ya bunun əksi olan fikirlərlə ümumi müqayisə aparılmasının tərəfdarı deyiləm. Amma onu deyə bilərəm ki, Bakıdakı binaların bir çoxu doğrudan da daha keyfiyyətlidir”.
Bu sözləri açıqlamasında əmlak eksperti Ramil Osmanlı paytaxtda tikilən binaların zəlzələyə davamlı olması barədə müzakirələrə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Bakıdakı binalar görüntülərdə gördüyümüz dərəcədə keyfiyyətsiz tikilməsə də, bütövlükdə təhlükə var:
“Binaların tamamilə dağılması zəlzələnin gücündən və başvermə müddətindən asılıdır. Bir çoxları düşünür ki, 2000-ci ildə Bakıda baş verən güclü zəlzələ zamanı ciddi dağıntılar olmadı. Bəli, razıyam, lakin o zəlzələnin müddətini Türkiyədəki zəlzələnin davametmə vaxtı ilə müqayisə etsək, görərik ki, yetərincə fərq var. 80 saniyə kifayət qədər uzun müddətdir və bu vaxt ərzində bina nə qədər dayanıqlı olursa-olsun, dağıntı mütləq olacaq. Amma binaların yerlə yeksan olacağını əminliklə demək mümkün deyil”.
Ekspert deyib ki, sovet dönəmində tikilən binalar potensial təhlükədir:
“Çünki bu binaların əksəriyyətinin dayaq sütunları pis vəziyyətdədir. Eyni zamanda, həmin binaların istismar müddəti başa çatıb. Bütün məsələləri nəzərə alsaq, köhnə yaşayış fondunun daha təhlükəli olduğunu düşünürəm. Amma hesab edirəm ki, zəlzələ baş verəcəyi təqdirdə əsas göstərici onun gücü və müddəti olur. Belə bir zəlzələ olarsa, köhnə binaların əksəriyyəti potensial təhlükə mənbəyidir”.Globalinfo.az