(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)
O, öz vəsaiti ilə 1918-ci ildə Qazaxda ilk dəfə “Yetim və qaçqın uşaqlar evi” açıb və orada məskunlaşan uşaqlara analıq etmişdir.
1930-cu ildə Şəkidə 2 saylı Uşaq evini yaradanı və direktoru olan da o idi. Bu fədakar, maarifpərvər xanım, Azərbaycan ədəbiyyat tarixşünaslığının yaradıcısı, tanınmış maarifçi şəxsiyyət Firidun bəy Köçərlinin həyat yoldaşı olub. Söhbət Badisəba Vəkilovadan (1881–1954) gedir, əlbəttə. Badisəba xanım yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında əvəzsiz xidmətlər göstərib.
Badisəba xanım tanınmış Vəkilovlar nəslinə mənsub olsa da o, Firidun bəy Köçərlinin soyadını daşıması ilə qürur duyub.
Badisəba xanımın səmərəli xidməti mərhum yazıçı Hacıağa Cümşüdlünün “Badisəba” povestində və akademik Bəkir Nəbiyevin “Firidun bəy Köçərli” monoqrafiyasında öz əksini tapıb.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalq maarifi sahəsində Badisəba xanımın atdığı ilk ciddi və xeyirxah addım onun yenicə təşkil edilməkdə olan xalq məktəbinə köməkləri ilə bağlıdır. O, Qazax məktəblərinə maddi cəhətdən xeyli kömək edib, M.F.Axundzadənin, C.Məmmədquluzadənin, F.Köçərli və başqa yazıçıların, aydınların əsərlərini, habelə bir çox jurnalların komplektlərini onlara bağışlayıb.
***
XIX yüzildə Azərbaycanın maarifçilik həyatında misilsiz xidmətləri olan görkəmli şəxsiyyətlər sırasında bir çox qadınların adı var. Onlardan biri də ədəbiyyatşünas alim, böyük ziyalı Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilovadır.
Badisəba xanım Mustafa ağa qızı Vəkilova 1881-ci il martın 22-də Qazax qəzasının Salahlı kəndində anadan olub. O, Azərbaycan tarixində ünlü soyad olan Vəkilovlar nəslinin nümayəndəsi, Xalq şairi Səməd Vurğunun ata qohumlarından idi. Qardaşları Məmməd ağa və İsmayıl ağa Qori Müəllimlər Seminariyasında şuşalı Firidun bəylə birgə oxumuşdu. Tələbə dostları ilə birgə Salahlıya gələn Firidun bəy Badisəba xanımı görərək bəyənir və 1897-ci ildə ailə qururlar… 23 il birikdə ömür sürürlər. Badisəba Firidun bəylə ailə quranda heç bir təhsil almamışdı. Həyat yoldaşının təhsili ilə Firudin bəy fərdi məşğul olub və onun maarifçi bir şəxsiyyət kimi yetişməsində böyük zəhmət çəkib. Nədənsə Tanrı onlara övlad sevinci bəxş etməyib, amma bu, ailədə soyuqluq yaratmayıb. Vəfalı aydınlar maarif yolunda uğura, işıqlı əməllərə yönəlib və tarixi xidmətlər göstərib…
Həyat yoldaşının çağdaş düşüncəli, açıqfikirli olması Badisəba xanımın həyatında öz təsirini göstərib.
Badisəba xanım həyat yoldaşı kimi millətini savadsızlıqdan, cəhalətdən qurtarmaq üçün mübarizə yolları axtarır, uşaqlar və qadınlar arasında maarifləndirmə işləri aparırdı. Həm də hər zaman dəyər verdiyi həyat yoldaşının səmərəli işləməsindən, uğurlu addımlar atmasından ötrü onu həvəsləndirir, əqidə, məslək yoldaşı kimi ona hər köməyi göstərirdi. Köçərlilər, necə deyərlər, yorulmaz ruha sahib idi…
Böyük ürək sahibi, insanpərvər və qayğıkeş xanım hər kəsə can yandırdığına, dərdinə qalaraq əlindən gələn köməyi göstərdiyinə görə adı hər yerdə “El anası” kimi çağrılırdı.
***
Yenidən 1918-ci ilə – Qazaxdakı ilk “Yetim və qaçqın uşaqlar evi”nə qayıdaq… – İlk zamanlar işlər yaxşı gedirdi. Elə bil uğur özü onları salamlayıb sabaha doğru çəkib aparırdı. Həm məktəbə maraq çox idi, həm də ora gələnlərin sayı… Badisəba xanım gecə-gündüz uşaqlara qayğı göstərirdi. Fərəhindən, sevincindən yerə-göyə sığmırdı. Amma bu uğur uzun yol almadı. 1920-ci ilin may ayında bir sıra çətinliklər yaşandı. Firidun bəy Köçərli Gəncəyə aparılaraq güllələndi.
…39 yaşında olan gənc Badisəba köməksiz qaldı, amma həyat və onun ağır zərbəsi bu parlaq şəxsiyyəti sındıra bilmədi. Xeyirxah adamların köməyilə Bakıya köçdü və Pedaqoji Texnikumda (indi ADPU nəzdindəki Dövlət Pedaqoji Kolleci) tərbiyəçi işləməyə başladı. Elə həmin dövrdə Pedaqoji İnstitutda (indiki ADPU) təhsil aldı.
1925-ci ildə o, Pedaqoji Texnikum təşkil etməkçün Zaqatalaya göndərilir. Elə həmin il Badisəba xanım F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları”nı çap etdirmək üçün “Azərnəşr”ə təqdim edir.
***
Qayğıkeş və təşəbbüskar Badisəba xanım qısa müddətdə Zaqatalada böyük hörmət qazanır. Zaqatala Pedaqoji Texnikumu onun köməyi və əməyi nəticəsində bölgənin adlı-sanlı təhsil ocağına çevrilir.
1929-cu ilin oktyabr ayında Quba Pedaqoji Texnikumunda bəzi qüsurlar üzə çıxdığına görə maarif komissarlığının əmri ilə Badisəba xanım ora müdir müavini vəzifəsinə göndərilir. Lakin Qubanın havası ona düşmədiyinə görə səhhəti ilə bağlı olaraq həkimlərin məsləhəti ilə Bakıya qayıtmalı olur.
Bir il keçəndən sonra – 1930-cu ildə (artıq yuxarıda vurğuladığımız kimi) Şəkidə 2 saylı Uşaq evinin də yaradıcısı və direktoru olur, yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında əvəzsiz xidmətlər göstərir.
Badisəba xanım təqribən 25 il burada çalışır, el arasında böyük hörmət qazanır. Şagirdlərin sayı dörd yüzə çatır. Badisəba xanımın yaradıcısı və direktoru olduğu 2 saylı uşaq evinə Şəkidə “Badisəba ananın uşaq evi” kimi tanınırdı. O, ictimai işlərdə fəal iştirak edir, bir neçə il dalbadal (o vaxtkı) Şəki Şəhər Sovetinə deputat seçilir, deputat komissiyasına başçılıq edir, o cümlədən şəhərdə abadlıq-quruculuq işləri ilə sıx məşğul olur, məktəblilər üçün park salır.
Badisəba xanım Vəkilova – yorulmaz maarif xadimi Əməkdar müəllim adı ilə, o dövrün nüfuzlu təltiflərindən olan “Şərəf nişanı” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunur.
***
Badisəba xanımın Azərbaycan qadınlarına xas olan keyfiyyətləri – təmkini, təvazökarlığı, qayğıkeşliyi, ədəbi-ərkanı, ailəcanlı olması, nəcib və mülayim xasiyyəti onu həm xalqının, həm də mənəvi övladlarının nəzərində ucaltmışdı. Onun tərbiyə etdiyi uşaqlar Badisəba xanımı ana qədər sevirdi. Bu məhəbbət o uşaqların “Uşaq evi”ni tərk etdikdən sonra da qəlbində yaşayırdı. “Uşaq evi”nin yetirmələri öz xeyirxah müəllimlərinin görüşünə gəlib, ona ağbirçək ana, nənə kimi diqqət göstərirdi…
Şəki həyatı Badisəba xanımın keşməkeşli ömrünün ən zəngin dövrü sayılır.
Badisəba xanım Şəkidə uşaq evində işləyəndə Roza adlı üç yaşlı qız uşağını övladlığa götürüb. Roza Həşimova Badisəba xanımı belə xatırlayırdı: “O, uşaq evindəki dörd yüzdən çox uşağa eyni ana qayğısı, ana gözü ilə baxırdı. Mən 1926-cı ildə Şəkidə anadan olmuşam. İki yaşım tamam olar-olmaz anam ölüb. Atamı 1929-cu ildə “Xalq düşməni” elan edib, tutublar. O, müəllim olub. Mən bir il nökərimizin ümidinə qalmışam. Sonra məni bibim Xubnisəyə veriblər. Dörd yaşıma qədər bibim saxlayıb. Bibim ərə gedəndə gətirib məni aşağı məscidin yanındakı yetimxanaya verib. 1930-cu ildə gəlib oradan, öz təşkil elədiyi yetimxanaya uşaq seçən Badisəba ana məni də gətirib”…
Roza xanım Badisəba ananın Firudun bəyə məhəbbətindən, onun sədaqətindən vurğunluqla danışırdı: “İlahi, insanın insana necə məhəbbəti, nə ülvi sevgisi olarmış? Evdə Firidun bəyin gümüş qaşığını, bıçağını, lampasını və nəlbəkisini də ayrıca saxlayardı. Qızıldan papiros qabı vardı, üstündə “Firidun bəy Köçərli” yazılmışdı. Çəkisi dörd yüz əlli qram idi. Evimizdə onun ən çox əzizlədiyi, ağlaya-ağlaya vərəqləyib baxdığı bir böyük albom vardı. Mən onu zorla yerdən qaldırardım. Üstündə rusca gümüşdən iri hərflərlə “F.K.” yazılmışdı. Onu 1895-ci il oktyabrın 23-də İrəvan Gimnaziyasının müdavimləri Firidun bəyə avtoqrafla hədiyyə vermişdilər. Orada Firidun bəyin çərkəzi geyimdə, Badisəba xanımla, qohumları ilə, qardaşları İsmayıl və Məmmədağa Vəkilovla, tələbələrilə, Şuşada, Qori və Tiflisdə çəkilmiş çoxlu fotoşəkilləri saxlanılırdı. Axı, Firidun bəy on il İrəvan Gimnaziyasında tərbiyəçi-müəllim işləmişdi”…
***
Badisəba xanım 1925-ci ildə öz vəsaiti ilə “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabının nəşrinə nail olmuş, eyni zamanda, Firidun bəyin iki şagird dəftəri həcmində əsərlərinin – tərcümə, məqalə və məktublarının siyahısını çıxarmışdı. Arxiv itsə də, həmin siyahı-dəftərlər Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda qorunur. “Firidun bəy Köçərlinin şəxsi arxivi” kitabının tərtibçisi, filologiya elmləri doktoru Məmməd Adilov yazırdı ki, “Əlimizdə olan arxiv əslində Badisəba xanımın torladığı materiallardır”…
Genişqəlbli Badisəba xanımın həyatda iki əsas istəyi var idi: şagirdləri ana nəvazişi ilə böyütmək və Firidun bəyin xatirəsini əbədi yaşatmaq. O, hər iki istəyini həyata keçirən mərhəmətli ana, dəyərli aydın qadın kimi minlərlə insanın qəlbinə öz adını möhürlədi… O, XX yüzil Azərbaycan tarixinin ən dəyərli səhifələrində yer aldı… Ruhu şad olsun!